Millətin varlığının təsdiqi - Ana dili

 

 

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmandan 20 il ötür

 

 

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.

Dil öz daxili qanunları əsasında inkişaf edirsə onun tədqiq tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli dolğun olmasına təkan verir. Azərbaycan Respublikası Prezidentinin Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun 2001-ci il tarixli Fərmanında belə deyilib.

Fərmanda vurğulanıb ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilinin var olması, saflığının qorunması naminə tarixin müxtəlif dönəmlərində çox mübarizələr aparılıb. Ana dilimiz tarixboyu böyük sınaqlardan keçib. Azərbaycan müxtəlif dövrlərdə yadelli işğalçıların hücumlarına məruz qalıb. Ölkəmizin yalnız təbii sərvətləri talanmayıb, həm ana dilimiz təzyiqlərlə üzləşib. Uzun illər ərəb, fars, rus dillərinin hakim mövqe tutması Azərbaycan dilinin rəsmi dairələrdə imkanlarını məhdudlaşdırıb. Bədii əsərlərdə işlədilən ərəb, fars, rus sözləri isə ümumxalq danışıq dilinə təsirsiz ötüşməyib.

Ana dili millətin ən böyük mənəvi xəzinəsi, dünəni, bu günü sabahıdır. Əbəs yerə deməyiblər ki, bir milləti məhv etmək istəyirsənsə, öncə onun dilini əlindən al. Odur ki, əsrlərboyu ana dilinin qorunub yaşadılması millətin qabaqcıl övladlarının ən ümdə məqsədlərindən, böyük amallarından biri olub. Bu məsələyə hər zaman həssaslıq, diqqət qayğı ilə yanaşıblar.

Ana dilimizin saflığı uğrunda Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Abdulla Şaiq daha neçə-neçə vətənsevər, millətsevər təəssübkeşlərimiz səy göstəriblər. Onlar yaradıcılıqlarında dilimizin yad ünsürlərdən təmizlənməsi məsələsinə xüsusi yer veriblər. Bunu öz müqəddəs vəsifələri hesab ediblər. Dahi Üzeyir Hacıbəyli 1910-cu ildə Həqiqət qəzetində yazırdı: Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar bir millətin ki, dili batdı, o millətin özü batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir.

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanda vurğulanıb: İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Təəssüf ki, bu müqəddəs borca hər kəsin məsuliyyət hissilə yanaşmadığının da şahidi oluruq. Əlbəttə, bu gün müstəqil Azərbaycanın tərəqqi yolu ilə əmin addımlarla irəliləməsi hər birimizin ən böyük sevinci qürurudur. Ölkəmizə xarici qonaqların üz tutması da Azərbaycanın dünyada tanındığının daha bir təsdiqidir. Bu da həqiqətdir ki, Azərbaycan xalqı tarixən qonaqpərvər olub, evinə qədəm qoyanların rahatlığını düşünüb. Bunlar çox gözəldir, təqdirəlayiqdir. Amma bəzi incə məqamlar da var ki, onlara laqeyd yanaşmaq yolverilməzdir.

Bu gün paytaxtın mərkəz küçələrində üzərində ana dilində bir ifadə belə olmayan xarici dildə yazılmış kifayət qədər mağaza adlarına, küçə prospektlərə vurulmuş reklam lövhələrinə rast gəlirik. Dilimizi bu qədər gözdən salmağımıza ehtiyac var? Həmin adları ana dilimizdə, ya da heç olmasa, iki dildə yaza bilmərikmi?

Ana dilimizin saflığını qorumaq hər birimizin borcudur. Bütün sahələrdə bu mühüm məsələyə eyni dərəcədə həssaslıq göstərilməlidir. Amma mətbuat, radio televiziya nümayəndələri bu məsələyə daha ciddi fikir verməlidir. Çünki birbaşa kütləyə ünvanlanan KİV maarifləndirici funksiya daşıyır. Mətbuat nümayəndələrinin yazdıqları cəmiyyət tərəfindən düzgün variant kimi qəbul olunur. Odur ki, mətbuatda, televiziyada, radioda dil qüsurlarının olması ən ağrılı məsələdir.

Bir sıra qəzet, jurnal saytlarda Azərbaycan alınma sözlərin yazılışında yol verilən xətaların, qrammatik leksik səhvlərin həddindən artıq çox olması acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Alınma sözlərdən, terminlərdən, dialekt şivədən yersiz istifadə edilməsi qeyri-peşəkarlıqdan xəbər verir.

Ana dilinin saflığının qorunmasında ən geniş auditoriyaya malik televiziya kanallarının da üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, dildən istifadə qaydaları zamanı daha çox pozuntuya telekanallar yol verirlər. Xalqımızın ən yüksək məziyyətlərini, adət-ənənələrini, ən yaxşı nümunələrini onun doğma dilində nümayiş etdirməli olan telekanallarımızın böyük əksəriyyətinin bu gün reytinq xəstəliyinə tutulduqlarının şahidi oluruq. Kəmiyyət artdıqca keyfiyyətcə enən telekanallar sanki bir-biri ilə bəhsə giriblər ki, tamaşaçıların zövqünü hansı daha çox korlayacaq. Televiziya kanallarından hər gün bir-birindən bəsit verilişlər təqdim olunur. Məqsəd düşündürmək, nəticə çıxarmaq, çıxış yolu axtarmaq deyil, tamaşaçı toplamaq, daha çox reklam əldə edib qazanmaqdır. Xalqı ən çox düşündürən mövzulara, müqəddəs hisslərə, ailə dəyərlərinə, sosial qayğılara primitiv yanaşılan şou proqramların telekanalların ən çox baxılan verilişləri olması isə problemlərin nə qədər dərin və ciddi olduğunu təsdiq edir.

Bayağı verilişlərin aparıcıları elə danışırlar ki, sanki harada olduqlarının fərqində belə deyillər. Unudurlar ki, televiziya verilişləri milyonların həyatına sirayət etmək gücünə malikdir. Bu verilişlər evlərimizə istəsək də, istəməsək də qonaq olur. Nə qədər baxmıram desək də, müəyyən anlarda hansısa verilişə gözlərimiz sataşır. Bu ani baxış belə bəzən həmin verilişlər və onların aparıcıları haqqında rəy yaratmağa yetir. Gəldiyimiz nəticə isə bu olur ki, telekanalların əksəriyyəti yalnız ucuz şou-verilişləri ilə zəngin deyil. Təəssüf ki, Azərbaycan telekanallarının ən ciddi nöqsanlarından biriana dilinə münasibətdə yol verilən yanlışlıqlardır.

Əlbəttə, hər kəs fərqindədir ki, dövran lap çoxdan dəyişib. Sovet hökumətinin bəzi yersiz qadağaları aradan qaldırılıb. Teleaparıcılar ekranda sərbəst ola, qonaqları ilə, lap elə üzünü görmədiyi tamaşaçıları ilə səmimi davrana bilər. Bunlar müsbət hal kimi dəyərləndirilməlidir. Çünki aparıcı ilə tamaşaçı arasındakı buzlar əriyər, bir-birini daha yaxşı anlayar. Ancaq əndazəni aşmaq olmaz. Yəni sərbəstlik boş-boş danışıb, yerli-yersiz gülmək deyil.

Əyləncə verilişləri ilə yanaşı, bir çox xəbər proqramlarının, jurnalist verilişlərinin də aparıcılarının dili nöqsanlıdır. Tamaşaçı dərhal hiss edir ki, onun baxdığı verilişdə təqdim olunan xəbəri, reportajı hazırlayan həm jurnalist, həm də redaktor ya naşıdır, ya da öz işinə, peşəsinə, eləcə də auditoriyasına qarşı biganədir. Hər iki hal da elə qeyri-peşəkarlıq deməkdir. Onu da qeyd edək ki, eyni nöqsanlar, çatışmazlıqlar radioların da bir çoxunda hökm sürür.

Bəzi aparıcıların nitqində, davranışında qüsurlar o qədər qabarıqdır ki, onları görmək üçün heç tənqidçi olmağa da ehtiyac yoxdur. Artıq bəzi aparıcıların dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması adət halını alıb. Belələri loru, kobud ifadələrə yol verirlər. Hiss olunur ki, mütaliələri yoxdur, ümumi dil bilikləri zəifdir. Bəzi aparıcılara isə elə gəlir ki, xarici sözlərdən istifadə etməklə ekrana yenilik gətirə, bununla da daha çox tamaşaçıları cəlb edə bilərlər.

Milli TeleviziyaRadio Şurasının hesabatlarında vaxtaşırı televiziya kanallarında ədəbi dilin işlənməsi vəziyyəti üzrə nöqsanlar açıqlanır. Bu faktların üzə çıxarılması təqdirəlayiqdir. Ancaq təəssüf ki, hesabatlarda yazılanlar elə hesabatlarda da qalır. Televiziya sahəsində ciddi problemlərdən olan dil nöqsanları ilə bağlı məqsədyönlü işlərin həyata keçirildiyinin şahidi olmuruq. MTRŞ ədəbi dilin işlənməsi ilə bağlı dəfələrlə aşkarladığı nöqsanlarla bağlı xəbərdarlıq etməsinə baxmayaraq, vəziyyət dəyişmir.

Aparıcıların rəvan olmayan nitqi, söz sırasını pozması, vurğu yanlışlıqları, alınma sözlərin və digər ifadələrin düzgün tələffüz edilməməsi ilə bağlı nümunələr göstərməklə məsələ həll olunmur. Monitorinqlər, cərimələr effektiv deyil. Televiziyalarda ədəbi dil normalarının pozulması haqqında nə qədər danışılsa da, problem həllini tapmır.

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanda yazılıb: Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Bu qədim və möhtəşəm xalqın dilinə hörmət göstərmək, sevmək və qorumaq hər bir vətəndaşın müqəddəs vəzifəsidir.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 18 iyun.- S.13.