Zəfərin ilk işığı

 

 

2020-ci ilin sentyabrında Azərbaycan xalqı üçün bütün arzuların adı Vətən oldu. Hər kəs bu hisslərlə yaşayırdı. Otuz ilə yaxın erməni qəsbkarlarının işğalında qalmış torpaqlarımızı qısa müddətdə azad etmək üçün Azərbaycan bir yumruq kimi birləşdi.

 

Sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozdular. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamalı oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan

 

İlham Əliyev xalqa müraciətində dedi: Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var”.

 

Dövlət başçısı o gün müraciətinin sonunda  vurğuladı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu sözlər Vətən müharibəsində Azərbaycan xalqı üçün zəfərin ilk işığı, ilk ümidi oldu.

 

İlham Əliyev qismən səfərbərlik elan etdi. Və Azərbaycan xalqı Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşıladı.

 

Vətən müharibəsi 44 gün davam etdi. Otuz ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Azərbaycan dövlətinin, Azərbaycan xalqının bu müharibədə zəfər çalmasının ən başlıca səbəbi inam idi. Haqq yolunda irəlilədiyini, ədalətlə mübarizə apardığını bilməyimiz bizim ən böyük gücümüzdü.

 

Azərbaycan bu müharibəyə mənəvi cəhətdən hazır idi. Xalq uzun illər idi Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Vətən torpaqlarının geri alınacağı günü gözləyirdi. Hər il ərazilərimizin işğal günlərini qeyd etmək bizim ruhumuzu sıxır, qürurumuzu incidirdi. Təqvimdən bu qara ləkəni silmək, yeni tarixlər - Zəfər tarixləri yazmaq ən böyük amalımızdı. Odur ki, Vətənin qəhrəman övladları ilk gündən könüllü ordu sıralarına yazılaraq cəbhəyə yollandılar. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan silah qüvvələrinə qarşı döyüşdü. Azərbaycan əsgəri və onun cəsur komandirləri əsl qəhrəmanlıq göstərdilər.

 

Ancaq o 44 gün davam edən döyüşlərdə iştirak etməyənlər, əlinə silah almayanlar da  özlərini Azərbaycan əsgərləri kimi hiss etdilər. Xalqın dilinin əzbəri, gözlərinin nuru, qəlbinin ən böyük sevgisi Vətən oldu. Haqq savaşında qalib gələcəyimizin xəbərini anbaan gözlədik.

 

Vətən müharibəsində Zəfərimizin bir böyük açarı da Azərbaycan dövlətinin bu istiqamətdə illərdir ardıcıl həyata keçirdiyi işlər oldu. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən deyirdi: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verirdöyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

 

Dövlət başçısı hər zaman açıqlayırdı ki, bizim güclü ordumuz var. Bu möhtəşəm gücü, qüvvəni də Vətən müharibəsi başladığı ilk vaxtdan gördük. Azərbaycan Ordusu döyüşlərdə  ən müasir silahlardan istifadə etdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə reallışdırdı. Silahlı Qüvvələrimiz illərdir Ermənistan ordusunun güclü olduğu barədə uydurduğu mifi darmadağın etdi.

 

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində xüsusi qeyd etdi ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur: “ Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

 

Buna görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçırdı, Azərbaycan əsgəri isə öz torpağı uğrunda canından keçirdi.

 

Azərbaycan Böyük Qələbəyə addım-addım yaxınlaşdı. Noyabrın 8-də Qarabağın incisi - Şuşa şəhəri işğaldan azad edildi. Bu qədim və gözəl şəhərin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu olmadı. Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verərək deyib: “Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə si-lahlanmadınız?” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

 

Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı.

 

Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu.

 

Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa çarəsi qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərdir. Belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

 

Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsi, döyüşdə təslim olması ilə nəticələndi. Bu möhtəşəm qələbələrdən bundan sonra da çox danışılacaq, haqqında kitablar yazılacaq, filmlər çəkiləcək...

 

 

 

Zöhrə FƏRƏCOV

Azərbaycan.-2021.- 23 iyun.- S.9.