Şuşa Bəyannaməsi regionun iqtisadi potensialından istifadənin genişləndirilməsinə xidmət edir

 

 

44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra regionda yeni vəziyyətin yaranması təkcə Azərbaycan yox, bütün qonşu ölkələr üçün geniş iqtisadi perspektivlər açmışdır.

Bu baxımdan Prezident İlham Əliyevin indi sülh şəraitində yaşamaqla bərpa-quruculuq işlərinə başlamağın vaxtı çatıb çağırışı təsadüfi deyil. Dövlətimizin başçısının Ermənistan revanşist hisslərindən əl çəkib bölgədə iqtisadi əlaqələrin inkişafına önəm verməlidir bəyanatı da günün reallığından doğur.

Bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə fikir irəli sürmüşlər ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan regionun inkişafı üçün birlikdə çalışmalıdırlar. Belə olan halda xüsusilə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionun 6 ölkəsi ilə yanaşı, bütün dünyada ticarət əlaqələrinin inkişafına müsbət təkan verə bilər. Xüsusən Ermənistan bu birliyə qoşulmaqla özünü saldığı tədric durumundan çıxarmış olar.

Xəbər verildiyi kimi, iyunun 15-də Şuşada iki qardaş ölkənin prezidentləri tərəfindən tarixi əhəmiyyət daşıyan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalamışdır. Bu mühüm sənəd özündə bir sıra siyasi, hərbi və iqtisadi məsələləri əks etdirir.

Şuşa Bəyannaməsinin iqtisadiyyata aid bəndlərindən birində deyilir: Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb regionları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.

Bəyannamədə həmçinin iki ölkənin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti qeyd olunur. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılmasını təmin edəcək. Bununla yanaşı, yeni dəhliz beynəlxalq əhəmiyyət daşıyacaq. Belə ki, Zəngəzur dəhlizi Çinin Bir kəmər, bir yol layihəsinin səmərəliliyini artırmaqla bərabər, beynəlxalq iqtisadi əlaqələrin möhkəmlənməsinə də öz faydasını verəcək.

Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması sayəsində Azərbaycan beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevrilmişdir. Düzdür, bu marşrutla yüklərin daşınması hələlik nəzərdə tutulan səviyyədə deyil. Səbəb dünyanı bürüyən koronavirus pandemiyası nəticəsində iqtisadi və ticarət əlaqələrinin zəifləməsidir. Bununla belə hazırkı vəziyyət həmin marşrutun gələcək perspektivlərinin yüksək olduğunu göstərir. Əvvəla, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ölkəmizin dünyada mühüm nəqliyyat qovşağı ölkəsi kimi əhəmiyyətini daha da artıracaq. Bu isə bütün region, eləcə də digər ölkələrin marağındadır. İkincisi, buna qarşı çıxan yalnız Ermənistandakı revanşist qüvvələrdir ki, onların da səsini özlərindən savayı heç kim eşitmir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dediyi kimi, indi dünya Ermənistanın fikrini soruşmur.

Şuşada həmçinin Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 2023-cü ilədək 15 milyard dollara çatdırılması qərarlaşdırılıb. Qarşıya qoyulan bu hədəfə çatmaq üçün Azərbaycanla Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılmasını nəzərdə tutub. Qeyd olunub ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın səmərəliliyinin, həmçinin perspektiv sahələrdə birgə istehsalın qurulmasının, investisiya əməkdaşlığının qarşılıqlı, faydalı inkişafının təmin edilməsi zəruridir. Bu istiqamətdə Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.

Tərəflər həmçinin Cənub qaz dəhlizindən səmərəli istifadə olunması barədə də razılığa gəliblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədlərin imzalanması mərasimindən sonra bəyan etdi ki, Türkiyə Petrolları başda olmaqla bir çox şirkət Azərbaycanda, SOCAR başda olmaqla bir çox şirkət Türkiyədə mühüm investisiya qoyuluşlarını həyata keçiriblər. Türkiyənin dövlət başçısı həmçinin vurğuladı ki, iki ölkə şirkətləri gələcəkdə üçüncü ölkələrdə neft-qaz sahəsində birgə səmərəli əməkdaşlıq da edə bilərlər.

Bəyannamədə həmçinin qeyd edilir ki, tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, havakosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcəklər, qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər. Eləcə də iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsi dəstəklənəcək.

Sənəddə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyi, əlaqələrin sadəcə iki ölkəyə deyil, regiona sülh və rifah gətirdiyi vurğulanır, beynəlxalq birliyin sabitlik, sülh və milli maraqlarına xidmət edəcəyi göstərilir.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 23 iyun.- S.6.