Döyüş meydanına səyahət

 

Böyük Qələbəmizin əbədiləşdiyi Hərbi Qənimətlər Parkı qürur rəmzimiz, fəxarət ünvanımızdır

 

 

 

Diqqət, ehtiyatlı olun!

 

Hər addımınıza, ayağınızı basdığınız hər bir yerə diqqət edin...

 

Hər tərəf düşmənin tırtıllı zirehli texnikası, hərbi avtomobilləri, iriçaplı atıcı silahları, hiyləgərcəsinə hazırladığı minalı sahələri, tikanlı məftilləri, yeraltı bunkerləri ilə əhatə olunub. Ağır texnikalar, tank, döyüş maşını, artilleriya qurğusu, atıcı silahlar, hərbi nəqliyyat, müdafiə sistemi, sığınacaqlar, istehkamlar, hərbi kazarmalardaha nələr, nələr...

 

Bir anlıq özümü yenidən savaş meydanında hiss edirəm. Çünki 44 günlük Vətən müharibəsi dövründə üz-üzə gəldiyimiz mənzərə ilə yenə qarşı-qarşıyam. Amma gördüklərim qürur hissi yaşadır mənə. Çünki müharibə nə qədər həyəcanlı, qorxulu, qan qoxulu olsa da, Vətən üçün haqq savaşına qalxan igid Azərbaycan oğulları bu sədləri, istehkamları elə yarıb keçirdilər ki, düşmənin canına vəlvələ düşürdü. Silahını, bayrağını atıb qaçmaqdan başqa çarəsi qalmırdı erməni hərbçisinin. Qoyub qaçdıqları hərbi texnikaları, silah-sursatları isə qənimət olaraq qalırdı bizə. Ayaq altında qalan boş dəbilqələri isə lazımsız əşya kimi ortalıqda dığırlanırdı.

 

İndi qarşımda yenə həmin mənzərə dayanır. Düşmənin hərbi texnikaları, silah-sursatı, müdafiə istehkamları, bunkerləri, boş qalmış dəbilqələri...

 

Bu məkanı düşmənin hərbi taktikasının qəbiristanlığı da adlandırmaq olar. Ancaq bura bizim Şanlı Zəfərimizin simvolu olan Hərbi Qənimətlər Parkıdır. Qürur və fəxarət ünvanımızdır.

 

 

 

Qalibiyyət dastanını xatırladan məkan

 

 

 

Parkın ərazisini gəzdikcə altı ay öncəki hissləri yenidən yaşayıram. Cəbrayıl, Qubadlı, Xocavənd istiqamətində  keçdiyimiz döyüş yollarını, yaşadıqlarımızı vaxt tapanda döyüşçü kimisavaş gündəliyimə” qeyd edirdim. Aylar sonra yenə həmin mənzərə ilə üz-üzəyəm, amma bu dəfə gördüklərimi jurnalist kimi tarixə köçürürəm.

 

Parkda nümayiş etdirilən 300-dən çox eksponat düşmənin 30 il ərzində hansı hərbi texnika, silah-sursatla silahlandığını, necə müdafiə istehkamları qurduğunu göstərir.   Parkın yaradılması 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və ermənilər tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş etdirilməsi məqsədini daşıyır.

 

Tarixi Zəfərin əbədiləşdirilməsi üçün paytaxtın Xətai rayonunda ümumi sahəsi 5 hektar olan ərazidə açıq səma altında yaradılmış bu nadir məkanın elə yanından keçərkən ordumuzun qalibiyyət dastanı yada düşür.

 

Parkın girişində informasiya mərkəzi və suvenir satışı məntəqəsi yaradılıb. İnformasiya mərkəzində parkdakı bütün eksponat, kompozisiyalar haqqında məlumatlar var və hətta onların hansı sırada yerləşdiyi də göstərilir. İnformasiya mərkəzi ilə üzbəüz yerləşən suvenir satışı məntəqəsində müxtəlif əşyalar var. Parka təşrif buyuranlar buradan xatirə üçün Vətən müharibəsinə aid suvenirlər və hərbi geyim əşyaları da əldə edə bilirlər.

 

 

 

522 hərbi yük maşınının nömrəsi

 

 

 

Parkda hərbi-zirehli texnikalarla yanaşı, bir-birindən maraqlı kompozisiyalar da quraşdırılıb. Yəni burada sərgilənən qənimətlər müxtəlif istiqamətlidir.

 

Parkda yaradılan hər bir element demək olar ki, nadirdir. Parkı hazırlayanların kreativ ideyaları da diqqəti çəkir. Məsələn, oturacaqlar qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Ərazidəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, zibil qutuları isə top gilizlərindən hazırlanıb.

 

Maraqlı tablolardan biri ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət kimi götürdüyü avtomobillərin nömrə nişanından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” yazılan lövhədir.

 

Erməni hərbçilərinin qoyub qaçdıqları hərbi avtomobillərin əksəriyyəti saz vəziyyətdədi. Parkda həmin avtomobillərin nömrələrindən ibarət yaradılan lövhə Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr düşmənin 522 hərbi yük maşınının nömrəsidir. Onlar Azərbaycan Ordusu tərəfindən məhv edilibya qənimət kimi götürülüb. Yük maşınlarının burada sərgilənən nömrələri qənimət kimi götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir.

 

 

 

Boş qalmış dəbilqələr, saz vəziyyətdə olan texnikalar...

 

 

 

Savaş günlərində bəlkə də ən çox rast gəldiyimiz əşya erməni əsgərinin boş qalmış dəbilqələri idi. Bizim onlara ehtiyacımız olmadığı üçün əksəriyyəti ayaqlar altında təpiklənə-təpiklənə əzilirdi.

 

8-9 ay əvvəl bu dəbilqələr boş deyildi, onlardan bizə qəzəbli düşmən baxışları sancılmışdı. İndi isə Bakı küləyinin şapalağı ilə bir-birinə toxunan dəbilqələrdən yayılan zəng səsi ekspozisiyanın yaratdığı ovqatı ikiqat artırır. Bu paslı dəbilqələrin çırpınışı əcəl zənginə çevrilərək özü uzaqlarda olsa da, qulağı hər zaman bizdə olan düşmən üçün rekviyem kimi cingildəyir.

 

Parkda yaradılan həmin kaskalardan ibarət kompozisiya dərin fəlsəfi mənası ilə diqqəti cəlb edir. Düşmən hərbçisinin boş qalmış dəbilqələri onu göstərir ki, erməni əsgəri nə qədər pulsuz silah-sursat, hərbi texnika ilə təchiz olunsa da, yenə Azərbaycan hərbçisi qarşısında aciz idi. Vətən müharibəsində yüksək döyüş ruhu ilə savaşan Azərbaycan əsgərinin qarşısında heç bir zireh tab gətirə bilməzdi.

 

Parkdakı bütün texnikalar yararsız vəziyyətdə deyil.  Yəni saz vəziyyətdə olanları da var. Məsələn, buradakı 57 zirehli texnikanın 18-i, 30 artilleriya qurğusundan 11-i, 49 avtomobil texnikasından 11-i işlək vəziyyətdədir.

 

Silah-sursat eksponatlar sərgisi iki hissəyə bölünürburada nasaz silah yoxdur. Birinci eksponatlarda 15-i, ikincisində isə 27-si saz vəziyyətdə olan müxtəlif iriçaplı silahlardır.

 

Hətta parkda nümayiş olunan düşmənin KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnikası da saz vəziyyətdədir. Eləcə də bir neçə ağır texnika - T-72 tankları, piyadaların döyüş maşınları, 2 S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “OSA” zenit-raket kompleksi və digər eksponatları da bu sıraya daxil etmək olar. Hər texnikanın qarşısında quraşdırılmış məlumat lövhəsi imkan verir ki, gördüyün zirehli texnika, silah-sursatla bağlı ətraflı məlumat ala biləsən.

 

Düşməndən qənimət götürülmüş iriçaplı minaatanlar da diqqətdən yayınmır. Bu minaatanlar kustar üsulla hazırlanmış rels üzərində hərəkət edən silahlardır ki, savaş zamanı ordumuza qarşı onlardan istifadə olunurdu. Özəllik ondan ibarətdir ki, bu minaatanlar relslə hərəkət edilir, atəş açılır, daha sonra gizlədilirdi. Bu da atəş nöqtəsini müəyyən etmək üçün çətinlik yaradırdı. Amma ordumuzun artilleriya bölmələri onları da dəqiq atəşlə zərərsizləşdirə bilirdilər.

 

 

 

Bunkerlər, “keçilməz Ohanyan sədləri”, mühəndis maneələr

 

 

 

Şanlı Zəfər tariximizin bir hissəsinə çevrilmiş parkın ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən ərazidir. Hansı ki, bunlar döyüşlər zamanı düşmənin ən etibar etdiyi müdafiə istehkamları idi.

 

Amma bu istehkamlar da onların işinə yaramadı. Müasir döyüş taktikası ilə düşmən üzərinə şığıyan Azərbaycan hərbçiləri əsl qəhrəmanlıq nümayiş etdirərək  böyük maneələri aşırdılar. Döyüş tapşırığını yerinə yetirən bölmələrimiz itki versələr , geri çəkilmirdilər, əksinə, düşmən üzərinə aslan kimi atılırdılar. qədər çətin olsa da, Azərbaycan Ordusunun şəxsi heyəti bu maneləri aşaraq düşməni iti qovan kimi torpaqlarımızdan uzaqlaşdırırdılar.

 

Onu da deyək ki, düşmənin yaratdığı 10 səddən ibarət müdafiə sistemini yarmaq həqiqətən böyük qəhrəmanlıq, peşəkarlıq tələb edirdi. Çünki hər bir texnika, canlı qüvvə üçün təhlükəli maneələr mövcud idi.

 

Məsələn, birinci sədd avtomobil zirehli texnikaların keçə bilməməsi üçün düzəldilmişdi. Düşmən xəndəyi qazarkən torpağı öz tərəfinə töküb ki, hücum edən bölmələrimiz xəndəyi asanlıqla doldura bilməsinlər. İkinci sədd tank əleyhinə mina sahəsi məqsədilə qurulmuşdu. Mina sahəsi 2-3 cərgəli idi. Minalararası məsafə 4-5,5 metr, cərgələrarası məsafə isə 5 metr saxlanılmışdır. Üçüncü səddəki tank əleyhinə dirəklər texnikaların hərəkətini məhdudlaşdırırdı. Dördüncü səddəki metal kirpilər isə texnikaların hərəkətini əngəlləmək üçün qurulmuşdu. Beşinci sədd alçaq dirəklər üzərində tikanlı məftildən hazırlanmış tordan ibarət idi. Bu maneə 3 metr enində qurulur, canlı qüvvənin keçə bilməməsi üçün tətbiq olunurdu. Altıncı sədd  hündür dirəklər üzərində tikanlı məftildən hazırlanmış tor idi. 1-1,5 metr hündürlükdə dirəklərdə qurulmuşdu. Şəxsi heyətin texnikanın keçə bilməməsi üçün əngəl yaradır, keçə bilmək qabiliyyətini azaldırdı. Yeddinci sədd piyada əleyhinə mina sahəsi idi. Üç daha çox cərgədə qurulurdu. Bu sədd canlı qüvvənin tələfat verməsi məqsədilə tətbiq olunurdu. Səkkizinci sədd az nəzərəçarpan məftil maneələr idi. Bu, canlı qüvvənin hərəkətini əngəlləmək məqsədilə düzəldilirdi. Doqquzuncu sədd tikanlı məftillər idi. Bu maneə 2-3 cərgəli qurulur şəxsi heyətin hərəkətini əngəlləyirdi. Nəhayət, onuncu sədd səngər üzərində qurulmuş lent tipli məftil maneələr idi.

 

Savaş zamanı bu manelərə daha çox Füzulidə, Cəbrayılda, Ağdamda, Goranboyda rast gəlinirdi. Düşmən bu maneələr sistemini əsasən Füzuli Cəbrayılda 9 sədd, Tərtər-Ağdamda 6 sədd, Goranboy istiqamətində isə 3 sədd həddində quraşdırmışdı. Ancaq Azərbaycan əsgərikeçilməzadlanan bu sədləri yeni döyüş taktikası ilə adlayaraq düşmənə uzun müddət unuda bilməyəcəyi ağır zərbələr endirdi.

 

İndi həmin sədlərin eynisi Bakının mərkəzində quraşdırılıb, Qarabağa gedə, o maneələri canlı görə bilməyənlər düşmənin necə müdafiə mövqeyi yaratdığını, Azərbaycan əsgərinin hansı sədləri yardığını burada görə bilərlər.

 

 

 

Erməni rəzilliyi - zəncirlənmiş əsgərlər, yeraltı yollar...

 

 

 

Yataq komanda otaqlarında erməni hərbçilərinin müqəvva-maketləri yaradılıb. Yaralı əsgərlərin üzlərindəki iztirab qorxu, zabitlərin aciz vəziyyəti çox maraqlı formada təsvir edilib. Burada zəncirlənmiş erməni əsgərlərinin maketlərini görmək olar. Bu da tam reallığı əks etdirir. Çünki savaş vaxtı erməni zabitləri əsgərlərin səngərləri tərk edib qaçmaması üçün bu rəzilliyə əl atmışdılar. Özləri şərəfsizcəsinə döyüş meydanından qaçır, zəncirlənmiş erməni əsgərləri isə bayraq qaldıraraq təslim olurdular.

 

Burada nəzarət sistemi olduğu kimi qurulub. Erməni hərbçiləri məhz bu sistemlə işğal altında olan əraziləri kameralarla nəzarətdə saxlayırdı. Divardan asılmış xəritədə isə ordumuzun hərbi birləşmələrinin hücum istiqamətləri əks olunub.

 

Yeraltı yollar birbaşa səngərlərə çıxır. Səngərlərdə olan avtomobil təkərləri, beton qalıqları da döyüş bölgəsindən gətirilib. Düşmənin iriçaplı pulemyotları müxtəlif istiqamətlərə tuşlanıb.

 

Bu, o səngərdi ki, düşmən əsgəri Azərbaycan PUA-larını görən kimi pulemyotunu ataraq qaçıb qorxaqcasına gizlənirdi. Amma artilleriya bölmələrimizin dəqiq atəşləri ilə gizləndikləri səngərlər, dəlmə-deşiklər məzarlarına çevrilirdi. Sağ qalanları isə səngərdən çıxıb it kimi qaçırdı, ya da bayraq qaldırıb təslim olurdu.

 

Burada eyni zamanda Ermənistan ordusunun bölmələrinin döyüş mövqelərində xidmət məişət şəraiti öz əksini tapıb. Düşmən ordusunun bölmələrinin döyüş mövqelərində təchiz edilmiş əsgər yataqxanası da olduğu kimi qurulub.

 

Parkın ərazisində hərbi çadır altında qurulanKinozal” otağında Vətən müharibəsinə aid videoçarxları və qısametrajlı filmləri izləmək mümkündür. Burada həmçinin fiziki qüsurlu vətəndaşlar üçün istirahət yerləri, sanitariya qovşağı, kofeçay guşəsi də hərbi üslubda hazırlanıb.

 

Ümumiyyətlə, bu park, əslində, dəmir yumruğun zərbə gücünü sübut edən məkandır. Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala bilirlər. Yəni bu gün parka baş çəkənlər Böyük Zəfərin hansı çətinlik və mərdlik hesabına qazanıldığına şahidlik edirlər.

 

 

 

Bakının ən çox ziyarət edilən məkanlarından biri

 

 

 

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri də törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Parkda həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə də mövcuddur. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.

 

Parkın açılışı zamanı hərbçilərlə görüşən Ali Baş Komandan İlham Əliyev tarixi zəfəri belə qiymətləndirmişdi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”.

 

Yaratdığı Hərbi Qənimətlər Parkı ilə bağlı fikirlərini bölüşən Prezident demişdir ki, buraya gələn hər bir insan ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

 

Bəli, parkı gəzdikcə sanki Qubadlıda, Xocavənddə addımlayırdım. O zaman keçirdiyim hissləri bu gün Hərbi Qənimətlər Parkında yenidən yaşayırdım. Aylar sonra həmin mənzərəyə yenidən tamaşa etmək, o anları yenidən yaşamaq da varmış qismətdə və bu gün Zəfər yolumuzu dünyaya nümayiş etdirən müqəddəs məkanda fəxarət hissi ilə addımlamaq ayrı bir sevinc hissi idi.

 

Artıq qısa zaman ərzində park Bakının ən çox ziyarət edilən məkanlarından birinə çevrilib. Buraya təşrif buyuran insanların simasındakı qürur hissi açıq-aydın hiss olunur. Hərbi Qənimətlər Parkı təkcə Vətən müharibəsindəki uğurlarımızı özündə əks etdirən ərazi kimi deyil, həm də muzey kimi incəsənət sahəsində əhəmiyyətli bir məkandır.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 26 iyun.- S.1;8.