Dünyanın güclü ordularından biri

 

İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün 23-cü ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu  bayramı əvvəlki illərdəkindən fərqləndirən 44 günlük Vətən müharibəsində qazanılan Zəfər qələbəsinin ona başqa ovqat qatmasıdır. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmana əsasən, 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində gərəkli bir addım atmışdır.

 

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra milli ordu quruculuğuna xüsusi diqqət yetirilmişdir. Dünya şöhrətli siyasətçi, ilk növbədə, ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxdıqdan, onların fəaliyyətini qanundankənar elan etdikdən sonra ordu quruculuğunda təşkilatlanma işlərinə başlanıldı. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Hərbi ekspertlərin qeyd etdiyi kimi, ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğu ilə bağlı müxtəlif qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

 

Bu zaman özünü yenidən bərpa etməyə çalışan ordu Azərbaycana qarşı ərazi iddiaları çərçivəsində Ermənistan terrorçu silahlı birləşmələri ilə üz-üzə qalmışdı. Ulu Öndərin göstərişi ilə 1994-cü ildə Horadiz əməliyyatı keçirildi. Bu əməliyyat Azərbaycan Ordusunda inkişafın başlanğıcına yeni ruh verdi. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, onu idarə edə biləcək peşəkar zabit korpusundan əhəmiyyətli dərəcədə asılı idi. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacibtarixi əhəmiyyətli bir mərhələ oldu.

 

Ümummilli Liderin ordu quruculuğu, elə

 

cə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı bu mərhələ onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı milli ordu quruculuğuna xüsusi diqqət yetirdi. Bütün bunlar ordumuzun gündən-günə güclənməsinə möhkəm  zəmin yaradırdı. Nüfuzlu  dövlətlərin silahlı qüvvələrindən dəfələrlə yüksək səviyyədə qurulan Azərbaycan Ordusu  2016-cı il Lələtəpə əməliyyatı və 2018-ci il Cocuq Mərcanlı hadisələri ilə dünyaya, eləcə də ermənilərin havadarlarına bir daha mesaj verdi ki, cəbhə bölgəsindəki təmas xəttindən də o yana keçərək terrorçu və işğalçı Ermənistan ordusunu  İrəvana kimi qova bilər.

 

Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ordumuz döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun müsbət nəticələrinin ötən ilin payızında 44 günlük Vətən müharibəsi zamanı işğalçı erməni qüvvələrinin Qarabağ torpaqlarından çıxarılanda bir daha şahidi olduq. Erməni təxribatlarına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks-həmlə əməliyyatına başladı. Ötən il sentyabrın 27-də başlayan əməliyyat noyabrın 10-da işğalçı Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı. Vətən müharibəsi adlandırılan 44 günlük ölüm-qalım savaşında düşmənə ağır zərbələr endirən Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Bu tarixi Qələbədə milli ordu quruculuğu sahəsində həyata keçirilmiş islahatlar: Ordumuzun müasir hərbi texnika ilə silahlandırılması, yüksəkixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclümodern orduya sahib olmaq qüdrəti qazandırmışdır. Dövlət başçısının fərmanı ilə respublikamızda Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun normal fəaliyyətinin təşkil edilməsi böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardandır. Hələ on il bundan əvvəl Azərbaycan Respublikasının dövlət büdcəsində ordu quruculuğuna, hərbi xərclərə ayrılan vəsaitin Ermənistan Respublikasının ümumi büdcəsindən qat-qat çox olması sülh və danışıqlar yolu ilə yanaşı, zərurət yarandığı təqdirdə müharibə versiyasının işə salınmasına dövlət səviyyəsində aparılan hazırlıqların mühüm göstəricilərindən biri idi. Buna görə də ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü 50 ordusundan biri hesab etmişdilər.

 

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuşinkişaf etdirilmiş əlaqələrə nail olması və s. mühüm addımlar ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirmişdir. İllər uzunu birtərəfli qaydada seçilmiş hər hansı ölkələr qrupu ilə deyil, Şərqdə də, Qərb masştabında da demək olar ki, bütün ölkələrlə sağlam əlaqələr yaradan Azərbaycan Respublikasının qazandığı yüksək etimad Vətən müharibəsində dövlətimizin haqlı mövqeyinin düzgünlüyünü və dəstəklənməsini şərtləndirən əsas faktorlardan olmuşdur. Təbii ki, dəstəkləyənlərin öncülü sevincimizi öz sevinci, kədərimizi öz kədəri hesab edən qardaş Türkiyə Cümhuriyyəti, onun müdrik və qətiyyətli Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. 2021-ci il 15 İyun - Milli Qurtuluş Günündə erməni işğalından azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyənnaməsi” isə, ilk növbədə, siyasi-hərbi və iqtisadi əhəmiyyətinə görə tarixi bir sənəd oldu. Bəyannamədə müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri genişliyi ilə öz əksini tapıb. Bu o deməkdir ki, Türkiyə Silahlı Qüvvələri və ictimaiyyəti bundan sonra da Azərbaycan Ordusu ilə həmrəy olacaq. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərində mətbuat konfransındakı bəyanatında Şuşa Bəyannaməsini müdafiə və hərbi sahədə Türkiyə Cümhuriyyəti ilə birgə fəaliyyətin təmin edilməsində xüsusi əhəmiyyətə malik olan əsas sənəd kimi qiymətləndirdi. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətini nümayiş etdirməklə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın nümunəsidir. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsidir.

 

Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 26 iyun.- S.14.