Doğma yurda qayıdacaqları günə hazırlaşırlar

 

 

Birinci Qarabağ savaşı zamanı torpaqlarımızın müdafiəsi uğrunda yüzlərlə şəhid vermiş xocalılılar igid oğul və qızlarımızın hünərləri ilə daim fəxr edirlər. Aylarla düşmən mühasirəsində köməksiz qalan şəhər əhalisi mübarizliyi, döyüşkənliyi ilə torpağa nə qədər bağlı olduqlarını göstərdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırımı törətdilər. Ancaq xocalılılar düşmən önündə əyilmədi, sona qədər mərdliklə mübarizə apardılar. Baxmayaraq ki, mənfur düşmən Xocalını yer üzündən sildi, lakin xocalılıları sonuncu nəfərinə kimi məhv etməyi bacarmadı. Bu gün  xocalılılar erməni vandalizminin ifşasında var qüvvələri ilə iştirak edirlər. Xocalılılar da “dəmir yumruqla düşmən başına ağır zərbə endirənlərin sırasında öz sözlərini dedilər, qisaslarının alınmasında güclərini və vətənpərvərliklərini göstərdilər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ilə yaxın düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan müzəffər Azərbaycan Ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildilər. Məhz onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq.

Xocalı da neçə-neçə qəhrəmanlar, mərd oğullar yetişdirib. Öz dədə-baba torpağını görməyən gənclər qəhrəman oğullarımızın döyüş yolundan ilhamlanaraq Vətən müharibəsinə könüllü yazıldılar. Vətənpərvər oğullarımız torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda, həm də şəhidlərimizin qisasını almaq məqsədilə döyüşlərə qatıldılar, öz şücaətlərini göstərdilər. Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Xocalı rayonundan olan döyüşçülər şəhidlik mərtəbəsinə ucaldılar. Bu müharibədə şəhidlik mərtəbəsinə ucalan səkkiz xocalı övladının (Sənan Miriyev, Xəqani Nəsirov, Tural Abdullayev, Nicat Əhmədov, Əlizamin Ramazanlı, Elnur Məmmədov, Ceyhun Mustafazadə, Namiq Cavadov) da məzarı müqəddəs ziyarət yerimizə çevrildi. 44 günlük müharibədə Xocalı rayonundan da xeyli qazimiz oldu.

Xocalı soyqırımından 29 il ötsə də, yarası heç vaxt qaysaqlanmır, ağrısı-acısı səngimir, soyqırımın müsibətləri daim ürəkləri parçalayır. Fevral ayı gələndə xocalılılar üçün sanki həmin müsibətli günlər yenidən qayıdır. Ancaq Vətən müharibəsində şanlı ordumuzun düşmən üzərində qələbəsindən və Xocalı qatillərinin məhvindən sonra hər bir kəsin üzünə sevinc, qəlbinə fərəh gəldi. Xocalı müsibəti yalnız Xocalıya qayıdarkən səngiyə, şəhidlərimizin ruhu o zaman şad ola bilər. Biz bu amalla daim dövlətimizə, ölkə rəhbərinə sadiq olmuşuq. İnamımız, müqəddəs arzumuz gerçəkləşir. Zəfər günündə bəşər tarixində ən ağır faciəni yaşamış xocalılıların ilk ziyarət yeri şəhidlərimizin ruhlarının əbədiləşdirilməsi üçün ucaldılmış abidələr oldu. Hər dəfə faciəmizi yad etmək üçün getdiyimiz abidələr önünə bu dəfə həm də qələbə müjdəsini çatdırmaq üçün tələsdik. Artıq xocalılılar Xocalıya qayıdacaqları günə hazırlaşırlar.

 

 

Bəyməmməd QULİYEV,

Xocalı rayonunun Kosalar kənd sakini, təqaüdçü müəllim

Azərbaycan.-2021.- 2 mart.- S.5.