26 fevralda dünyaya gəldi

 

Xocalının işğal tarixində doğulub Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Abdullayevin qəhrəmanlıq salnaməsi

 

 

 

...Onun şücaəti, qəhrəmanlıq salnaməsi indiki və gələcək nəsillərimiz üçün əsl vətənpərvərlik məktəbidir.

Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırımı törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edilmişdi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdu. Onun taleyinə yazılanlardan biribudur ki, doğum gününü qeyd edə bilməyib. Çünki  iki yaşında olarkən doğum günü 613 günahsız xocalılının şəhid olduğu soyqırımı gününə düşüb.

Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural medallar və fəxri fərmanlarla təltif edilib. 2008-ci ildə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Tural Abdullayev 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyiyubiley, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmişMilli Ordu-100”, 2020-ci ilin iyun ayında “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif edilib.

Tural həmişə qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, hələ uşaq yaşlarından atasına “Xocalının qisasını almaq lazımdır” deyərdi. Üçrəngli bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalı hesab edib. Vətən müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşmaxüsusi təyinatlıları sırasında təlimlərdə iştirak etmişdir. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi.

Boz qurd” ləqəbi ilə tanınan döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

Şəhidimizin atası Şakir kişi Tural haqqında belə deyir: “Tural əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. Eşitdim deyirdi ki, “vallah mənim bəxtim yoxdur. Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər. Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim...” Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilən Tural sonradan DİN XTQ-də ən çətin əməliyyatlarda iştirak etdi. Bu barədə çoxlarının xatirəsi var...

Tural Abdullayev Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfdə keçirilən döyüş əməliyyatlarında iştirak etdi. Qorxmaz Vətən oğlu öz cəsarəti, hünəri ilə düşmənə ağır zərbələr vurdu. Qəhrəmancasına döyüşərək sentyabrın 30-da əbədiyyətə qovuşdu, xalqımıza qələbə sevinci bəxş edən qeyrətli oğullarımızdan biri kimi tanındı.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin  nümunəvi xidmətlərinə  görə verilən qiymət yalnız bu deyil. O, dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif edilib.

Ailə qurmağa vaxtı olmayan şəhid igidimizin müqəddəs məzarı Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin Sovxoz qəbiristanlığındadır. Yeri behişt olsun!

 

 

 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru

Azərbaycan.-2021.- 3 mart.- S.6.