Ağdam tezliklə yenidən günlərə qovuşacaq

 

Rayonun bərpadan və qayıdışdan sonra böyük iqtisadi yüksəlişi gözlənilir

 

 

İşğaldan azad edilmiş digər rayonlarda olduğu kimi, Ağdamda da geniş bərpa və quruculuq tədbirləri başlayıb. Müvafiq dövlət qurumları tərəfindən bunun üçün ətraflı araşdırmalar aparılır, addımlar atılır. Məqsəd hər bir sahənin yenidən dirçəldilməsi və rayonun iqtisadi potensialını hərəkətə gətirməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Əbdülrəhim Dadaşov bildirir ki, işğaldan əvvəl Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonunda idi. Rayonun əkin sahələri Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları ilə suvarılırdı. Ağdamın kənd təsərrüfatı, həmçinin Xaçın çayı üzərində yerləşən Dərbənd və Tərtərçay üzərindəki Sərsəng su anbarlarından bəhrələnirdi. Bu gün isə əkin dövriyyəsinə cəlb edilən azad olunmuş ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarları, Vəlvələçay və digər mənbələrin Ağdamın əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi rayonun kənd təsərrüfatının inkişafına böyük töhfə verəcək.

Rayonun 1988-ci ildən əkin sahələrinin strukturuna nəzər yetirdikdə görürük ki, onların 49,5 faizi taxıl zəmiləri, 48,9 faizi pambıq tarlaları olub. Respublikanın taxıl və pambıq əkini sahələrində Ağdamın payı müvafiq olaraq 1,4 və 2,5 faiz təşkil edib. 1980-1988-ci illərdə rayonda istehsal olunan taxıl respublika üzrə istehsalın 2,5 faizini təşkil etmişdir. Həmin dövr məhsuldarlığın respublika səviyyəsindən daha yüksək olması da taxıl istehsalında Ağdamın potensial imkanlarından xəbər verir. Tədqiqatlar göstərir ki, 2025-ci ilə qədər rayonda taxıl istehsalını 86,6 min tona çatdırmaq mümkündür. Bundan əlavə, 1980-ci illərdə burada üzümlüklərin, eləcə də meyvə və giləmeyvə bağlarının olması rayonun çoxillik bitki əkinçiliyi ənənəsini təsdiqləyir.

A. Dadaşov statistik məlumatlara əsasən deyir ki, pambıqçılıq rayon əhalisinin üstünlük verdiyi kənd təsərrüfatı sahəsi olub. İşğaldan öncəki dövr ərzində (1980-1988-ci illər) pambıqçılıqda respublika üzrə maksimum məhsuldarlıq 35,4 sentner olduğu halda, Ağdam rayonunda bu göstərici 48,3 sentnerə çatırdı. Həmin illər rayonda istehsal olunan pambıq respublika üzrə istehsalın təxminən 3 faizini təşkil edirdi. Məhsuldarlıq da respublika üzrə orta göstəricidən yüksək idi. İşğaldan azad dövr üçün aparılan araşdırmalar isə göstərir ki, 2025-ci ilə qədər pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına rayonda 31,4 sentner məhsuldarlıqla istehsalı 10 min tona çatdırmaq mümkün olacaq ki, bu da ölkə üzrə pambıq istehsalının təxminən 2,5 faizi deməkdir.

Rayonun böyük potensialı olan digər bitkiçilik sahəsi tərəvəzçilikdir. Son illər ərzində Ağdamın işğala məruz qalmamış hissəsində tərəvəz əkinlərinə, xüsusilə soğan və sarımsaq istehsalına olan maraq bu trendin digər ərazilərə şamil ediləcəyinə əsas verir. İnnovativ tədbirlər nəticəsində rayonda digər bitki növləri ilə yanaşı, tərəvəz bitkilərinin əkin sahəsinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi hesabına istehsalın həcmini 2025-ci ildə 231,5 min tona çatdırmaq mümkündür.

Ekspert üzümçülüyünAğdamda ənənəvi təsərrüfat sahələrindən biri olduğunu bildirir. Tədqiqatlar göstərir ki, 1985-ci ildə rayon üzrə 21,3 min hektar sahədən 104 min ton üzüm toplanmışdı. Lakin sonrakı illər ərzində üzüm sahələri məhv edilərək 1988-ci ildə 15,5 min hektara düşmüşdü. 2019-cu ildə isə Ağdamın üzüm istehsalı cəmi 402 ton olmuşdur ki, bu da bağların böyük hissəsinin işğal altında qalması, eləcə də üzümlüklərin tərəvəz və digər bitki sahələri ilə əvəzləndiyindən irəli gəlir.

Ümumiyyətlə, rayonda üzümçülük sahəsinin ən məhsuldar dövrü 1985-ci ilə təsadüf edir. İşğaldan öncəki dövr (1980-1988) üzümçülükdə Ağdam üzrə məhsuldarlıq təxminən 68,4 sentner olmuşdu. Həmin  illər ərzində rayonda üzüm istehsalı Azərbaycan üzrə istehsalın təqribən 7,2 faizini təşkil etmişdi. Bu potensiala əsaslanıb demək olar ki, üzümçülüyün, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi Ağdamda şərabçılıq sektorunun da canlanmasına səbəb olacaq. Belə ki, 2025-ci ildə ölkə üzrə üzüm istehsalında Ağdam rayonunun payının 1,8 faiz təşkil edəcəyi (3,8 min ton) proqnozlaşdırılır.

Rayonda pilot layihə olaraq narxurma bağlarının salınması da həyata keçiriləcək. Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkənin son illər ərzindəki aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərin təhlili göstərir ki, 2025-ci ilə qədər Ağdam rayonunda 35,7 min hektarlıq əkin və bağ sahələrində 373,2 min ton bitkiçilik məhsulları  istehsalına imkan var. Məhz bu imkanlar nəzərə alınaraq, yaxın gələcəkdə rayonda 215 milyon manatlığa yaxın bitkiçilik məhsullarının istehsalı proqnozlaşdırılır.

2025-ci ilə qədər rayonda heyvandarlıq da bərpa olunacaq. Bu hesaba iri və xırdabuynuzlu heyvanlardan savayı, quşların sayının 1,1 milyon başa qədər, arı ailələrinin sayının isə 4,6 minə çatdırılması nəzərdə tutulur. Rayonun ölkə üzrə ət istehsalında 0,2, yun istehsalında təqribən 2,5 faiz payı olacaq. Südyumurta istehsalında isə bu göstərici müvafiq olaraq 10,8 və 1,8 faiz təşkil edəcək. Ağdamın həmçinin təxminən 400 ton barama istehsal etmək potensialı var.

Aqrar sahə ilə yanaşı, rayonda taxılın, südün, gön-dərinin emalı müəssisələrinin qurulması üçün böyük imkanlar da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən tərəvəzçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafının iqtisadiyyata töhfəsinin sovet dövründəki potensialdan daha artıq olacağı şübhəsizdir.

Ekspert Ə. Dadaşov bildirir ki, kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələrinin və bağların salınması, otlaqların, eləcə də heyvandarlığın  inkişafı üçün digər zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə Ağdam rayonunun ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsinin dəyəri 641 milyon manat, yəni 4,5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, ümumi daxili məhsulda və yeni yerlərinin yaradılmasında həndəsi silsilə ilə artım olacaq.

 

 Rüstəm KAMAL

Azərbaycan.-2021.- 4 mart.- S.6.