Azadlığın, mübarizliyin simvolu

 

 

Tarix səhifələrində, ədəbi-bədii əsərlərdə Azərbaycan qadınının qəhrəmanlığını, mərdliyini, fədakarlığını, sədaqətini əks və vəsf edən çox nümunələr var. Azərbaycan qadını bütün dövrlərdə milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınıb, sağlam cəmiyyətin, ailənin təminatı olub. Azərbaycan cəmiyyətində qadına münasibət hər zaman çox həssas məsələlərdən biri hesab edilib. Yazıçılarımız, şairlərimiz, rəssamlarımız, heykəltəraşlarımız da öz əsərlərində bu mövzuya diqqətlə yanaşıblar. XX əsrin böyük mütəfəkkirlərindən biri, görkəmli şair Hüseyn Cavid yazırdı:

 

Qadın gülərsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

 

 

Qadını azad olmayan cəmiyyət tərəqqi edə bilməz. Bu fikir bütün dövrlərdə Azərbaycanın tərəqqipərvər insanları tərəfindən dəstəklənib. Qadınların çadrasız gəzmələrinə, təhsil almalarına qarşı çıxanlar tənqid olunub.

Qadın azadlığı mövzusunun ən uğurlu həllini tapdığı əsərlərdən biri istedadlı heykəltəraş Fuad Əbdürrəhmanovun müəllifi olduğu, hazırda Bakı şəhərində, Nizami metrostansiyasının qarşısında ucalan Azad qadın heykəlidir.

1915-ci ildə Nuxada (indiki Şəki) anadan olan Fuad Əbdürrəhmanov həm rəssamlıq məktəbində, həm də Sankt-Peterburqda Memarlıq və Boyakarlıq İnsitutunda təhsil alarkən özünəməxsus istedadı ilə seçilib. O, əsasən Şərq ruhlu, Qərb düşüncəli insan kimi tanınıb. Əsərlərində də bunu göstərib. Müəllifi olduğu Buxaradakı İbn Sina, Düşənbədəki Rüdəkinin abidələrində də Şərq elementi xüsusilə nəzərə çarpır.

Azad qadın heykəli Fuad Əbdürrəhmanovun ən uğurlu əsərlərindən biridir. Abidənin memarı isə Mikayıl Hüseynovdur. Heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub (Xanım Əbdürrəhmanova Xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi).

Onu da diqqətə çatdıraq ki, Azad qadın heykəltəraş Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti olmayıb. Hələ 1951-ci ildə o, Azərbaycan qadını adlı heykəl hazırlayıb. Həmin əsərində Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını yaradıb. Bu, əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan milli geyimli qadının simasında heykəltəraş yaşadığı dövrün Azərbaycan qadınlarına xas güclü daxili iradə, mənəvi zənginlik, səmimilik və cazibədarlığı əks etdirib.

Sənətkar 1957-ci ildə ilkin olaraq gipsdən həmin əsərin tunc versiyasını hazırlayıb. Bu heykəl Azadlıq adı ilə İncəsənət muzeyində sərgilənib. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü söyləyiblər. Bundan sonra Fuad Əbdürrəhmanov heykəlin böyük versiyası üzərində işə başlayıb. Və çalışıb ki, Azərbaycan qadınının müstəqilliyini daha qabarıq ifadə etsin. 1959-cu ildə heykəl Leninqradda tuncdan tökülüb. Sonradan Azərbaycana gətirilib.

Monumental heykəl 1960-cı ildə paytaxtın Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılıb. O vaxtdan Azad qadın heykəli azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan Azərbaycan qadınının rəmzinə çevrilib.

Azad qadınadək Azərbaycan qadınları böyük tarixi yol keçib. 1908-ci ildə Azərbaycanda çadraya qarşı mübarizə Bakıda liberal burjua tərəfdarları tərəfindən başlanılıb. Ancaq xürafatçı din tərəfdarları etirazların qarşısını almağa çalışıblar. Zadəganlar geri çəkilməyə məcbur olublar. Razılığa gəliblər ki, zadəganlar çadraya qarşı etirazları dayandıracaq, dindarlar isə Avropa geyimli xanımları təhqir etməyəcəklər.

1920-ci ildə Azərbaycanda hakimiyyəti ələ keçirən şura hökuməti qadınların sosial statusunun dəyişməsi, onların ictimaiyyət arasına çıxaraq çalışmaları üçün ardıcıl tədbirlər həyata keçirməyə başlayıb. Bu dəyişikliklər Azərbaycan qadınlarının geyiminə də təsir göstərib. Daha əvvəl qarşısı alınmış çadra əleyhinə etirazlar 1920-ci illərdə yenidən baş qaldırıb. Cəmiyyətdəki mövhumatçı qüvvələr hərəkətə keçib. Çadradanxürafatdan imtina edən qız-gəlinlər çətinliklərlə üzləşiblər. Bakıda çadrasını atmış komsomolçu Səriyyə Xəlilova atası tərəfindən qətlə yetirilib. Ancaq bu böyük faciə, maneələr, təqiblər, təhdidlər qadınların gözlərini qorxutmayıb və sonunda arzularına çatıblar. Tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirak etmək, təhsil almaq və işləmək hüququ qazanıbar.

Fuad Əbdürrəhmanovun Azad qadın əsərində təsvir olunan çadrasını ataraq müasirliyə qərar verən azad Azərbaycan qadını xalqın ağır keçmişini, bugününü və inamlı gələcəyini özündə birləşdirib. Mövhümatçılığı, hüquqsuzluğunu, gender bərabərsizliyini büründüyü çadra ilə birlikdə ataraq işığa, müstəqilliyə çıxan azərbaycanlı qadının cəmiyyətdə dəyişən roluhüququ bu daş əsərdə olduqca təsirli şəkildə təsvir edilib. Hündür pyedestal üzərində ucaldılmış çadrasını çıxaran gənc azərbaycanlı xanımın heykəli Azərbaycan və Şərq qadınının sosial bərabərliyinin simvolu kimi təqdim edilib.

Heykəlin Cəfər Cabbarlının Sevil pyesindən ilhamlanaraq hazırlandığı vurğulanıb. Azad qadın da, Sevil də çadrasını başından yerə atmaqla əsarətə qarşı çıxır. Fuad Əbdürrəhmanov abidənin daşıdığı ideyanı belə açıqlayıb: Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O, çarpalanır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçiro, yüksələrək günəşli səmaya can atır.

Nəinki qadınları, eləcə də bütün insanları sanki köləliyi ayaqlayaraq döyüşə aparan Azad qadın tariximizin keşməkeşli bir şəhifəsinin daşlaşmış təsviridir. Bu abidə öz hüquq və azadlıqları uğrunda mübarizə aparan, çətinlik və haqqsızlıqlarla qarşılaşsa da geri çəkilməyən Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazıdır.

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 7 mart.- S.4.