Yel çərşənbəsi

 

 

Novruz bayramınadək xüsusi təntənə, mərasimlərlə qeyd olunan çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Heydər çərşənbəsi” də deyilir.

Əcdadlarımızın ilkin təsəvvürlərində Novruza qədərki dörd çərşənbənin hər birini təbiətin bir ünsürü ilə əlaqələndirərək müqəddəsləşdiriblər. Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi” adlandırdıqları ilaxır çərşənbələri insanlar məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, sağlamlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünə, mehribanlığa çağırış kimi qeyd ediblər. İnanıblar ki, bu dörd çərşənbənin hər birində təbiətin dörd ünsüründən biri qış yuxusundan oyanır, süstlükdən, ətalətdən qurtularaq canlanır. Xalq tərəfindən keçirilən böyük el şənliklərinin, mərasimlərin mahiyyətində də bu inam dayanır. Qədim inanclara görə, Novruz bayramına qədər dörd çərşənbə müddətində əvvəlcə su, sonra od, yel və nəhayət, torpaq oyanır. Beləliklə, bu çərşənbə “dirilmək”, canlanmaq və təbiəti də canlandırmaq növbəsi yelin, küləyindir.

İnanca görə, bu çərşənbədə oyanan yel və külək Yer üzünü dolaşır. Oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir. Bu çərşənbədə əsən isti-soyuq küləklər yazın gəlişindən xəbər verir.

Yel çərşənbəsində yel özü də təzələnir. Bu düşüncə mifoloji təsəvvürlərdə belə əksini tapıb ki, qara nəhrdə yatmış dörd cür külək əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir. Küləyin libasları ilə xarakteri arasında da oxşarlığın olduğunu, burada rənglərin mifik mənaları xüsusilə önəm daşıdığını qeyd edən tədqiqatçılar bildiriblər ki, Azərbaycan mifologiyasına görə, yel - libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda xarakterizə edilir.

Azərbaycan şifahi xalq ədəbiyyatında Yel çərşənbəsi ilə bağlı çoxsaylı poeziya nümunəsi var. Onlardan birində xalqın küləyin gücünə inamı, ümidi belə ifadə olunub:

 

 

Yel əsər, toz qoparar,

Ağacdan qoz qoparar.

Yellə gələn bəlanı,

Yel özüaparar...

 

 

Xalq arasında yelyel çərşənbəsi ilə bağlı erkən dövrlərdən küləyin əhəmiyyətini əks etdirən bir sıra folklor nümunələri var.

 

 

 

Yelli babam, yel babam,

Yelli babam, yel babam,

Telli babam, tel babam...

Elim, günüm batdı gəl,

Çərpələngim yatdı gəl,

Təknədə qaldı aşım,

Yatdı dəyirman daşım.

 

 

 

A yel baba, yel baba

Qurban sənə, gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı,

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba.

 

 

 

Yelin Tanrı olması ilə əlaqədar şifahi xalq yaradıcılığında müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasiminin öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, müqəddəs kitablarda da Yel fövqəladə varlıq hesab edilir. “İncil”də və “Zəbur”da Yel allahı vəsf olunur. “Tövratda isə dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir. Yelin Yaradan tərəfindən göndərildiyi “Qurani-Kərim”də bildirilir.

Folklorşünas alim Azad Nəbiyev araşdırmalarında zərdüştilərin də küləyi müqəddəs saydıqlarını, onu Tanrı hesab etdiklərini qeyd edib. “Avestada deyilir: “Yelin gücü, qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır”. Tədqiqatçı Məmməd Adilov isə Yelinbaba”, “allahhesab edilməsi tarixini qədim yunanlarla bağlayıb. Belə ki, yunan mifologiyasında tənha bir adada yaşayan Eol bütün küləklərin mənşəyi hesab edilir. O, dörd oğlunu mağarada saxlayır. Oğlanlarını növbə ilə dünyanı dolaşmağa göndərir. Bu səbəbdən Yer üzündə dörd cür külək əsir. Yunanların başqa bir mifik düşüncəsində isə Yel külək tanrısı sayılır.

Keçmişdə insanlar inanırdılar ki, Yel baba gəlməmiş xırmana buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Ulularımız deyiblər ki, “Yel əsdirəni söyməzlər”, çünki onun arxasında Tanrı durur. İnanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırarlar. Əgər Yel baba bu çağırışı eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel həm də xeyirxahlıq simvoludur. Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi kimi də təsvir olunub. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.

Bayram səviyyəsində qeyd edilən digər çərşənbələr kimi Yel çərşənbəsində qadınlar, qızlar xüsusi hazırlıqlar görürlər. Ev-eşik, həyət-baca süpürülüb təmizlənir, yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır. İnama görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

Şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır. Tonqal başına toplaşanlar azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə üç dəfə tonqalın üstündən atlanırlar.

Yel çərşənbəsində evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər, şirniyyat qoyulur. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır.

Adətən, çərşənbə bayramlarında böyüklər kiçiklərə “bu gün yalnız xoş sözlər danışın, alqış eləyin” deyə xəbərdarlıq edirlər. Çünki inanclara görə, Tanrı çərşənbə axşamları ancaq xoş sözlər eşitməlidir. Ona görə də Yel çərşənbəsində yalnız ürəkaçan sözlər söylənilməli, gözəl diləklər, alqışlar dilə gəlməlidir.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 7 mart.- S.7.