Baharın ilk müjdəçiləri

 

 

Uzun illər boyu xalqımıza, digər türk xalqlarına yaz fəslinin, Novruzun yaxınlaşmasını əsasən quşlar xəbər vermiş, onların gəlişi baharın gəlişi kimi düşünülmüşdür.

Müşahidələrə görə, yazın ilk əlaməti öncə hacıleyləklərin qayıtmasından bilinir. Bu quşlar əsasən Kiçik çillənin sonu - Çilləbeçənin (Boz ayın) əvvəllərində gəlir. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, küləklər əsir. Buna “Leylək boranı” deyilir. Xalq arasında söyləyirlər ki, gərək leylək yumurtasının üstünə qar yağa. Ümumən, leyləklər erkən qayıtdıqlarından öz köhnə yuvalarına dönür, Novruzu yuvalarında keçirirlər. Bu vaxtlar ağacları, damları quş yuvaları bəzəyir. Evlərin taxtapuşunda, eyvanında baharın ilk müjdəçiləri sayılan şanapipiyin, qaranquşun, alacəhrənin cəh-cəhi, civiltisi, nəğməsi eşidilir.

Baharın soraqçısı hacıleylək inamı xalq arasında maraqlı əhvalatla mənalandırılıb. Yazqabağı ilk dəfə hacıleyləyi görən uşaqlar evə qaçıb yaşlı insanlardan muştuluq alardılar. Deyərdilər ki, hacıleyləklər yazın muştuluqçusudur. Baba-nənələri muştuluqlayan kimi soruşardılar: “De görək, hacıleyləyin dimdiyində nə var idi?” Deyərdilər ki, sünbül. Bu bolluq, bərəkət rəmzi deməkdir.

 

 

Azərbaycan.-2021.- 7 mart.- S.7.