Bayram günlərində xüsusilə ehtiyatlı olmalıyıq

 

 

 

COVID-19 pandemiyası bütün dünyada insanlar üçün ciddi çətinliklər yaratmaqda davam edir. Artıq bu təhlükəli virusa yoluxanların ümumi sayı 117 milyona çatıb. Pandemiya ərzində koronavirusdan ölənlərin sayı isə 2,5 milyonu ötüb.

Son günlər ərzində infeksiyaya yoluxanların 45 faizindən çoxu Şimali və Cənubi Amerikada, daha sonra Avropada, Cənub-Şərqi Asiyada qeydə alınıb. Ən çox yoluxma halı yenə də ABŞ, Hindistan, BraziliyaRusiyada müşahidə olunub.

Keçən həftə Avropada COVID-19-a yoluxma 9 faiz artaraq milyonu keçib. Avropada həm də virusun yeni növü yayılıb. Belə ki, Avropadakı 53 ölkədən 43-də ilk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun B.1.1.7, 26 ölkəsində Cənubi Afrikada aşkarlanan B.1.351 növü qeydə alınıb, 15 ölkədə isə ilkin olaraq BraziliyaYaponiyada aşkar edilən P1 növü dövr edir.

Avropada koronavirusa yeni yoluxmaların artması fonunda Ümumdünya Səhiyyə Təşkilatının regional bürosunun rəhbəri Hans Klyuge sayıqlığı itirməməyə və məlum olan bütün tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb: “Bildiyimiz vasitələrdən istifadə edərək hər yerdə virusun yayılmasını dayandırmalıyıq. Ən ciddi tədbirlərə qayıtmaq lazımdır”.

Həmin tədbirlər virusun yeni növlərinə qarşı yüksək sayıqlıq, genişmiqyaslı testləşmə, yoluxmuş şəxslərin təcrid olunması, kontaktların izlənməsi, karantinə yerləşdirilməsi və müalicə olunması, digər xəstəliklərə daha ciddi diqqət, əhali ilə əlaqə və pandemiyayorğunluğuna” qarşı mübarizə, tədricən koordinasiyalı, real vəziyyətə əsaslanan məhdudiyyətlərin qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir.

ÜST-ün Avropa bürosunun rəhbərinin qeyd etdiyi kimi, vaksinlər artıq insan həyatını xilas edir. “Risk qrupuna aid insanların xəstəxanalara yerləşdirilməsi və ölüm hallarının səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. COVID-19-a qarşı peyvənd kampaniyasına bölgədəki 45 ölkədə başlanılıb, lakin əhalinin bütün qruplarının peyvənd olunmasına qədər hələ çox vaxt keçəcək”, - deyə Klyuge xəbərdarlıq edib.

Hazırda bir çox ölkələr yenidən qapanma qərarı verirkarantin rejimini sərtləşdirir. Üstəlik, əksər ölkələrdə həm dövlətlərin zəif əlaqələri, həm də maddi vəziyyətinə  görə vaksinasiyaya start verilməyib.

Azərbaycanda iki aya yaxındır ki, vaksinasiya prosesi bütün rayonlarda mərhələli şəkildə davam edir. Hazırkı dövrədək ölkəmizdə 411 min  496 nəfər koronavirus infeksiyasına qarşı peyvənd olunub.

Respublikada vaksinasiya prosesi sürətlə davam etdirilir. Lakin yanvar ayından karantin rejiminin yumşaldılmasından sonra ictimai aktivlik insanlar arasında ünsiyyətin artması son günlər koronavirusa yoluxma hallarında yenidən müəyyən artıma səbəb olub. Belə ki, fevralın əvvəllərində gündəlik yoluxma ikirəqəmli saya keçsə , son günlər yoluxanların sayının 400 nəfəri ötdüyünün şahidi olmuşuq.

Yoluxma sayı yüksəldikcə tibb sisteminin üzərinə düşən yük artır, həkimlər xəstələrə lazımi qulluq edə bilmirlər. Nəticədə ağır xəstələrin, reanimasiyada süni tənəffüs aparatına bağlı qalanların, boğularaq ölümlə həyat arasında mübarizə aparmaq məcburiyyətində olan insanların nəticədə ölənlərin sayı artır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiyanın başladığı bir il müddətində bir neçə dəfə karantin rejiminin sərtləşdirilməsi yumşaldılması qərarları verilib. Təcrübə göstərir ki, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir. Bunun da bir səbəbi insanlar arasında arxayınlaşmanın yaranmasıdır. Sosial məsafənin qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi, gigiyenik qaydalara əməl olunmaması gündəlik statistikada artıma, bu isə öz növbəsində vəziyyətin kritik həddə çatmasına rəvac verir.

Qarşıdan Novruz bayramının gəldiyini nəzərə alsaq, insanların ünsiyyətinin artacağı, tətildən istifadə edərək rayonlara üz tutanların sayının çoxalacağı istisna  deyil. Bu da koronavirusun yayılmasının sürətlənməsinə səbəb ola bilər.

Xalqımız Novruz bayramını həmişə yüksək səviyyədə qeyd edir. Amma bütün dünyada pandemiyanın bitmədiyini unutmamalıyıq. Bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. İmkan daxilində qonaq getməkdən çəkinməliyik. Qapalı məkanlara çox üz tutmamalıyıq. Pandemiya ilə ehtiyatlı məsuliyyətli olmalıyıq. Əgər bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bu günlərdə əks-epidemik tədbirlərə riayət etməliyik.

Qaydalara əməl etməsək, bayramdan sonra çox güman ki, yoluxma daha da artacaq. Bu da məhdudiyyətləri yenidən labüd edəcək. Ona görə əvvəlcədən baş verəcəkləri anlamalı təhlükənin qapıda olduğunu unutmamalıyıq.

Növbəti aylar ərzində, xüsusən insanların sıx təmasda olduğu Novruz bayramında tibbi maskalardan düzgün istifadə etməklə, sosial məsafə qorumaqla, gigiyena qaydalarına uyğun davranmaq könüllü vaksinasiya olunmaqla Azərbaycanda bir neçə aydan sonra post-pandemiya mərhələsinə start verə bilərik.

 

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2021.- 10 mart.- S.1;5.