İşğaldan azad edilmiş ərazilərdə kompleks quruculuq işləri aparılacaq

 

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerlixarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı nəinki ölkə əhalisi və konfrans iştirakçıları, hətta dünyanın bir çox ölkələrinin aparıcı KİV-i tərəfindən də rəğbətlə qarşılanıb. Mətbuat konfransında dünyanın 35 media qurumundan 50-dək nümayəndə iştirak etmişdir. Dörd saatdan çox davam edən konfransda Azərbaycan Prezidenti jurnalistlərin suallarını dörd dildə - Azərbaycan, türk, ingilisrus dillərində cavablandıraraq ölkəmizdə baş verən son hadisələri gündəmə gətirmişdir.

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün ölkəmizdə olan xarici KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında dövlət başçısı Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatlar verərək demişdir: “...mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır”.

Jurnalistlərin marağına səbəb olan Ermənistanda baş verən siyasi gərginlik barədə fikirlərini açıqlayan dövlət başçısı bildirmişdir ki, Ermənistan ağır durumdadır, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərliyidir.

Daha sonra bildirilmişdir ki, Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür: “Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış bəyanat icra edilirtam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha ağır duruma düşə bilər. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”.

Jurnalistlərin suallarından məlum olmuşdur ki, müharibənin bitməsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Məsələyə münasibət bildirən Prezident bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etmişdir: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanşya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizmqisas cəhdləri olmamalıdır”.

Dövlət başçısı açıqlamasında onu da qeyd etmişdir ki, bu xəbərdarlığı erməni siyasətçiləri nəzərə almalıdırlar. Ermənistanda hakimiyyətdə təmsil olunanlar anlamalıdırlar ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun endirdiyi zərbələr “böyük Ermənistan” uğrunda uydurma ideologiyanın fiaskosu ilə nəticələndi. Ermənistan davamlı inkişaf, dayanıqlı sülh istəyirsə, Azərbaycan Prezidentinin təşəbbüslərinə uyğun olaraq, iddialarından əl çəkməli və yeni reallıqlardan, əməkdaşlıq imkanlarından faydalanmalıdır.

İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin nə vaxt geri dönəcəyi və görüləcək işlərlə əlaqədar suallara açıqlama gətirən dövlət başçısı bildirmişdir ki, “ağıllı kənd” pilot layihələr hazırlanır. İşğaldan azad olunmuş ərazilərdə kompleks quruculuqtikinti işləri aparılacaq. İlkin olaraq Zəngilan rayonunun Birinci, İkinciÜçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Lazımi infrastruktur yaradılacaq və bu kəndlərdə 1000-ə yaxın insan yerləşdiriləcək. Böyük şəhərlərə qayıdış məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, şəhərlərin baş planları tərtib edilməlidir: “Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl Ağdamda haradasa 40 minə yaxın insan yaşayıb. İndi əhali artıq artıb, 50 mindən çox. Biz indi 50 min, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq. Biz bu şəhərin baş planını, infrastrukturunu inşa etməliyik, ondan sonra bunlar inşa edilməlidir. O cümlədən məktəblər, xəstəxanalar tikilməlidir. Bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm, bizim əsas yarışacağımız tərəfmüqabili zamandır. Çünki vəsait də var, bütün gücləri səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını tələb edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim ağlımda tarixlər var ki, vaxtından əvvəl insanları həm sevindirməyim, həm də bəzilərini bəlkə də həyəcanlandırmayım. Amma inanın ki, ən qısa müddətdə mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda hazırda bütün azad edilmiş ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı hazırlanır, bu məsələ üzərində də biz fəal çalışırıq”.

Prezident jurnalistlərin suallarına cavablarında onu da vurğulayıb ki, Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər: “Ancaq təbii ki, bundan əvvəl ərazi minalardan təmizlənməli və infrastruktur layihələri həyata keçirilməlidir. Bütün şəhərlərin enerji şəbəkəsi yaradılacaq və artıq büdcə proqramı təsdiq edilib”.

Azərbaycan Prezidentinin yerlixarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransını bir neçə dildə aparması, jurnalistlərin bütün suallarını əhatəli cavablandırması iştirakçıları heyrətləndirmişdi. Hətta canlı yayımla dünya ictimaiyyətinin diqqətinə çatdırılan mətbuat konfransının gedişindəcə Böyük Britaniyadan olan jurnalist, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini Aynur Tattersal ölkə başçısı

İlham Əliyevə ingilis dilində sual verərkən “Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz rekorda imza atdınız, cənab Prezident! Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı Prezidentin dörd dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”, - deyə bu ilkə görə dövlət başçısını təbrik etmişdir.

Media nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonunda olmuşlar. Burada ərazilərin minalardan təmizlənmə işlərini müşahidə etmişdilər. Eyni zamanda Prezident İlham Əliyevin haqqında danışdığı, Füzulidə fəaliyyətə başlayacaq beynəlxalq hava limanının tikintisi ilə bağlı görülən işlərlə tanış olmuşdular. Bütün bu təəssüratlardan sonra media nümayəndələri yenidən Azərbaycana gəlmək arzusu ilə məmnunluqlarını bildirmişlər.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 10 mart.- S.1;3.