Xaləddin düşmənin başına od ələyirdi

 

18 yaşlı şəhidin həm də böyük idman uğurları vardı

 

 

44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu qələbədə Ağstafanın igid oğulları da nümunə göstərdilər və onlardan birirayonun Yenigün kəndinin sakini Xaləddin Cəlilovdur.

Uşaq yaşlarından idmana böyük maraq göstərən Xaləddin güləş, boks, kinq-boks, taekvondo ilə məşğul olurdu. O, Türkiyədə kinq boks üzrə keçirilən dünya birinciliyində çempionMilli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş boks üzrə respublika çempionatında birinci olmuşdur.

Xaləddin torpaqlarımızın düşmən tapdağı altında olması ilə barışa bilmirdi. Buna görə də hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyirdi, baxmayaraq ki, İdman Akademiyasına daxil olmuşdu. Odur ki, vaxt yetişəndə hərbi xidmətə böyük həvəslə getdi.

5 ay idi ki, ordu sıralarında xidmət edirdi. Burada da sakit dayanmayan Xaləddin bir neçə dəfə komandirinə xüsusi təyinatlı dəstədə xidmət etmək arzusunu bildirmişdi. Cəsarəti, çevikliyi və bacarığı sayəsində bu arzusunu da gerçəkləşdirdi. O, ötən hər gün qisas üçün alışıb yanan Azərbaycan əsgərinə çevrilirdi. Bu hisslərlə də əməliyyatlarda iştirak edir, düşmən ordusunun hərbçilərinin başına od ələyirdi.

Xaləddinin sonuncu döyüşü Murovdağ istiqamətində oldu. Əməliyyatdan geri qayıdan igid Azərbaycan oğlu düşmənin minamyot atəşinə tuş gəldi. Ağır yaralanan Xaləddinin həyatını xilas etmək mümkün olmadı.

Xaləddin 2002-ci il aprelin 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdu. 2003-cü il noyabr ayında ailəsi Ağstafa rayonunun Yenigün kəndinə köçmüşdü. Xaləddin 2019-cu ildə kənddəki Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbini bitirmişdir. Evin tək oğlu olan Xaləddinin idman uğurları rayon rəhbərliyinin də diqqətindən yayınmamışdır. 2019-cu il oktyabr ayının 18-də Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Xaləddin “İlin idmançısı” adına layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur.

Rayon gənclər və idman idarəsinin rəisi Əziz Məsməliyevlə Xaləddinin böyüyüb boya-başa çatdığı kəndə getdik. Bizi şəhidin atası Asəf kişi və anası Yeganə xanım qarşıladılar. Hiss etdik ki, onlar oğullarının şəhid olması ilə fəxr etsələr də, ürəklərində bir sızıltı var. Söhbət zamanı valideynlər ancaq Xaləddinin uğurlarından danışır, onun necə mərd və igid olmasını vurğulayırdılar.

Otağın bir küncündəki Xaləddinin şəkilləri və təltiflərini, idman uğurlarını əks etdirən guşəyə tez-tez baxdığımızı görən Asəf kişi bizi guşəyə dəvət etdi. 18 yaşlı bir gəncin bu sayda mükafatlara layiq görüldüyü bizi də təəccübləndirdi. Asəf kişinin əlində tutduğu qara kəmər isə onun karate üzrə uğurlarının daha çox olmasından xəbər verirdi.

Bu gün valideynləri belə bir mərd və igid oğul böyütdükləri üçün qürur hissi keçirirlər. Anası Yeganə xanım gözünün ağı-qarası olan bir oğlu ilə daim fəxr edəcəyini söylədi. Dedi ki, o, doğma Vətəni və anası üçün özünü ölümə atmağa hazır idi. Vətən müharibəsində bu arzusunu gerçəkləşdirdi.

Şəhid Xaləddin Cəlilov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “ Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

 

 

 

 Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 10 mart.- S.6.