Zamanın sınaqlarından layiqincə çıxan partiya

 

Yarandığı vaxtdan dövlətə və xalqa xidmət missiyasını uğurla həyata keçirən, təməl prinsiplərində Ulu Öndər Heydər Əliyevin ideyaları dayanan Yeni Azərbaycan Partiyasının hər bir qurultayı cəmiyyət tərəfindən böyük maraqla qarşılanır. Bu baxımdan partiyanın martın 5-də keçirilən VII qurultayı da respublikamızın siyasi-ictimai həyatında önəmli hadisəyə çevrildi.

YAP-ın altıncı qurultayının keçirildiyi 2018-ci ilin fevral ayından sonra respublikamızın həyatında çox böyük keyfiyyət dəyişiklikləri baş verib. Bu dövrün əsas reallıqlarından biri həyata keçirilən islahatların uğurlu nəticələridir. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla keçirilən siyasi, sosial və məhkəmə-hüquq islahatları, idarəçilikdəki yeniliklər cəmiyyətimizin ab-havasına yeni xoş ovtat gətirdi, vətəndaş məmnuniyyətini və milli həmrəyliyimizi daha da gücləndirdi. Ötən il Vətən müharibəsində qazanılan Qələbə isə tək yaxın illərin deyil, bütün tariximizin şərəf salnaməsi oldu. Prezident, YAP-ın sədri cənab İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur: “Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır”.

Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycan dövləti və xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələr və uğurlar fonunda keçirildi. Başqa cür desək, YAP hər zaman öz fəaliyyətində dövlətçilik və milli maraqları əsas götürdüyündən son illərin pozitiv hadisələri və yeni situasiyalar nəzərə alınaraq növbəti qurultayın çağırılması zərurətini yaratdı.

Heydər Əliyevin rəhbərliyi ilə yaranan, bu gün isə İlham Əliyevin rəhbərliyi ilə öz missiyasını uğurla davam etdirən YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP Azərbaycanın siyasi təşkilatları arasında ən geniş beynəlxalq əlaqələrə malik partiyadır. Ona görə VII qurultay Azərbaycan cəmiyyətində mühüm siyasi hadisə kimi qarşılandı. Bunu həm qurultayın özünə, həm də qəbul olunan qərarlara ictimai marağın böyük olması da təsdiq edir.

YAP hakim partiya, siyasi təşkilat olduğu üçün onun rəhbər orqanlarında təmsil olunan şəxslərin fəallığı, ümumi işə öz töhfələrini lazımi formada vermələri də vacibdir. Bu baxımdan qurultayda YAP-ın rəhbər strukturlarından olan Siyasi Şuranın ləğv edilməsi və əvəzində digər rəhbər orqan olan İdarə Heyətinin optimallaşdırılması çox mühümdüzgün qərardır. Yeni nizamnamənin qəbul edilməsi isə partiyanın yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. Prezident İlham Əliyev İdarə Heyətinə partiyanın yeni proqramının hazırlanması tapşırığını da verdi. Yeni proqram YAP-ın gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənləşdirəcək əsas sənəd olacaq.

Prezident, YAP-ın sədri İlham Əliyevin çıxışı həm də proqram xarakterli idi. Cənab İlham Əliyev partiyanın üzvləri və fəalları qarşısında yaranan yeni reallıqlardan irəli gələn vəzifələr də müəyyən etdi. Bu vəzifələrə uyğun olaraq, YAP fəalları bundan sonra da şəhid ailələrinə və qazilərə dəstək olacaqlar. Eyni zamanda YAP böyük qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olacaq, görülən işlərə yaxından dəstək verəcək.

Vətən müharibəsi zamanı hər kəs ölkəmizdə yüksək vətənpərvərlik ruhunda tərbiyə edilmiş gənc nəslin yetişdiyinin şahidi oldu. Bundan sonra da ölkəmizdə yetişən gənc nəsillərin yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsi ümummilli məsələ olaraq qalacaq. YAP da bu məsələni daim diqqətdə saxlayacaq. Bu işdə YAP-ın VII qurultayında yeni yaradılan Veteranlar Şurası da fəal olmalı, gənc nəslin nümayəndələri ilə görüşməli, onlara ölkə haqqında həqiqətlərin çatdırılmasına öz töhfəsini verməlidir.

Xalqımızın ən böyük nailiyyətləri sırasında millisiyasi həmrəylik mühüm yer tutur. Bu sağlam dəyərlərin cəmiyyətimizdə daha da möhkəmlənməsinə, siyasi dialoqun təşviqinə YAP bundan sonra da öz töhfəsini verməkdə davam edəcək. VII qurultayda 6 partiyanın YAP-a birləşməsi də əlamətdar siyasi hadisə olmaqla yanaşı, həm də cəmiyyətimizdəki milli həmrəyliyin təcəssümü idi.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi YAP-ın əsas prinsiplərindən biridir. Partiyamız bundan sonra da bu işdə fəal olacaq, Azərbaycanın firavan gələcəyi naminə yorulmadan çalışacaq. Müstəqil Azərbaycanın dünəni, bu günü YAP-ın adı ilə bağlıdır. Ölkəmizin xoş, firavan gələcəyinin də YAP-la bağlı olacağına heç bir şübhə ola bilməz. Necə ki, bir zaman partiyamızın yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.

Bəli, YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. VII qurultay isə partiya fəaliyyətində yeni mərhələnin başlanma nöqtəsi hesab edilə bilər. Gələn il YAP-ın yaranmasının 30-cu ildönümü tamam olurpartiya öz yubileyinə yeniləşmiş formatda və həm də yeni təşəbbüslərlə qədəm qoyur.

 

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Ağdaş rayon təşkilatının sədri

Azərbaycan.-2021.- 11 mart.- S.5.