Mənəvi dəyərlərə əsaslanan sosial dəstək siyasəti

 

Şəhid ailələri və müharibə əlilləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

 

 

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin bir istiqamətini şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərin sosial müdafiəsi təşkil edir. Həmin insanların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli istiqamətində mühüm addımlar atılır, onlara diqqət və qayğının artırılması üçün əhəmiyyətli qərarlar qəbul edilir.

Humanizm prinsipləri əsasında bərqərar olmuş bu siyasət Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilir. “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir  söyləyən  dövlət başçısı çıxışları zamanı da vurğulayır ki, onun bu sahədəki siyasəti birmənalıdır.

Azərbaycan dövləti xalqı, milləti, torpağı uğrunda vuruşan, gözünü qırpmadan bu vətən yolunda canından, qanından keçən, şəhid, qazi olan bütün qəhrəman övladlarını daim yüksək qiymətləndirir, xatirələrini əziz tutur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqq mübarizəsinin iştirakçılarının fiziki, psixoloji, maddi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində bütün zəruri işləri görür.

 

 

 

Qazilər yüksək texnologiyalı protezlərlə təmin olunurlar

 

 

Müharibədə sağlamlıqlarını itirən şəxslərin müalicəsi, sosial reabilitasiyası və digər mühüm məsələlər yüksək səviyyədə həllini tapır. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşların yüksək texnologiyalı, elektron protezlərlə təminatına da başlanılıb.

Son statistik rəqəmlərə əsasən, müharibədən sonrakı dövrdə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib, 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Vətən müharibəsində yaralanmış şəxslərin 90 faizi ilə evlərində görüş keçirilib. Amputasiyası olan 301 nəfərdən 109-nun protez ehtiyacları müəyyən edilib. 2021-ci ildə onların hamısının protezlə təmin olunması planlaşdırılır.

Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələri və qazilərimiz Heydər Əliyev Fondu tərəfindən də daim diqqətdə saxlanılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

 

Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.

 

Artıq Vətən müharibəsində yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına da başlanılıb. İlk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq. Yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan insanlara kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.

Onu da vurğulayaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə bir müddət əvvəl İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət 8 nəfərlik həkim heyəti gəlmişdi. Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi üçün ölkəmizə gələn həkimlər artıq qazilərimizin müayinə və müalicəsini başa çatdırıblar.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 8 gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat olunub, 58-nə protez göz taxılıb.

 

 

Reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı 30 min nəfərə çatacaq

 

 

Postmüharibə dövründə yeni müalicə, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də mühüm əhəmiyyət kəsb edir. Fevralın 25-də Prezident İlham Əliyevin əsaslı təmirdən sonra açılışında iştirak etdiyi Bakının Xəzər rayonundakı Şağan Reabilitasiya Pansionatı da bu qəbildən olan müalicə mərkəzlərindəndir.

Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Pansionatda müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunacaq.

Bu il istifadəyə verilməsi gözlənilən Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzləri də daxil olmaqla, ümumilikdə reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı 30 min nəfərə çatacaq. Xatırladaq ki, 2018-ci ildə bu potensial cəmi 10 min nəfərə bərabər idi.

Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edən İlham Əliyev sözügedən reabilitasiya mərkəzi ilə bağlı söylədi ki, orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir: “Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilibonlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”.

 

 

 

Şəhid ailələri və müharibə əlilləri mənzillərlə təmin olunurlar

 

 

 

Şəhid ailələri və müharibə əlillərinin mənzillərlə, minik avtomobilləri ilə təminatı da dövlət tərəfindən uğurla həyata keçirilir. Onlar üçün müasir yaşayış kompleksləri, şəhərciklər inşa olunur.

Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı burada otuz binanın inşa edildiyini diqqətə çatdırdı. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb də inşa edilir. “Yəni yaşayış üçün bütün imkanlar varbu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib”, - deyə dövlət başçısı bildirdi.

Məlumat üçün bildirək ki, indiyə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu il isə 3 minə yaxın mənzilin verilməsi planlaşdırılır.

İlham Əliyev sözügedən mərasimdə vurğuladı ki, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək: “Yəni bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.

Şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün müvafiq platformanın yaradılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalanıb. Fond yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işlərini davam etdirir.

“YAŞAT”-ın Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün olan layihəsi də uğurla icra olunur. Şəhidlərimizin yeni doğulan övladlarının zəruri xərcləri fond tərəfindən qarşılanır. Bu məqsədlə 1 000 manat məbləğində pul anaya təqdim olunurdünyaya yeni göz açan körpənin adına 5 000 manatlıq hesab açılır. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Azərbaycan dövlətinin şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərlə bağlı apardığı siyasət mənəvi dəyərlərə əsaslanır. Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən daim qayğı və diqqətlə əhatə olunur. Ölkəmiz humanizm prinsiplərinə əsaslanan bu siyasəti ilə dünya miqyasında da ön sıralardadır.

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 12 mart.- S.6.