Əqidə adamı

 

Yazıçı-jurnalist Əmir Mustafayev 11 il əvvəl - 71 yaşında əbədiyyətə qovuşub. Azərbaycan ədəbiyyatında və jurnalistikasında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən Ə.Mustafayev ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmişdi. O, sovet hakimiyyətinin kəsəkəs vaxtında Azərbaycan kəndinin sosial-mənəvi problemlərini, kənd adamlarının ziddiyyətli yaşam tərzini, baş verən ictimai prosesləri səbrlə qələmə almışdır.

Müasir gəncliyin ata və analarından, nənə və babalarından eşitdikləri sovet kəndinin təsərrüfat həyatını, kolxoz və sovxoz işini, bununla bağlı insanların psixologiyasında olan təbəddülatları aydın və prinsipial yazıçı mövqeyindən özünəməxsus koloritlə təsvir etmişdir. Araşdırmalardan görünür ki, yazıçının diqqət mərkəzində həllini gözləyən sosial problemlər, sadə zəhmət adamlarının ailə və məişət qayğıları, insan mənəviyyatının təkamülü prosesi durur. Bu həm də ondan irəli gəlir ki, müəllif özü də kənd adamı idi, problemlərin içində böyümüşdü, həmin mühiti yaxşı bilirdi.

Əmir Gülbala oğlu Mustafayev 1936-cı il martın 12-də Azərbaycanın şimal bölgəsi olan səfalı Qusar rayonunun qədim Xuluq kəndində dünyaya göz açmışdı. Qusar şəhərindəki Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, ADU-nun Filologiya fakültəsinə daxil olmuşdu. Qeyd etdiyimiz kimi, Əmir Mustafayev ədəbiyyat, sənət və jurnalistika aləminə ötən əsrin 50-ci illərində, jurnalistikanın gündən-günə şöhrətləndiyi bir zamanda qədəm qoymuşdu. Fəal ictimaiyyətçi idi. Universiteti bitirdikdən sonra Moskva Mərkəzi Komsomol Məktəbində, bundan sonra isə Bakı Ali Partiya Məktəbində təhsil alsa da, ədəbi fəaliyyətini davam etdirmək, qələmindən ayrılmamaq məqsədilə respublikanın bir sıra mətbuat orqanlarında çalışmışdır.

Ə.Mustafayev universitetin ikinci kursunda oxuyarkən “Azərbaycan gəncləri” qəzetində dərc edilən “O gəldi” adlı ilk hekayəsi ədəbi aləmdə böyük rezonans yaratmışdı. Bundan sonra tələbə-yazıçının ölkənin nüfuzlu mətbu orqanlarında işıq üzü görən “Xəcalətli baxışlar”, “Qonşu”, “Sonuncu kürsü” və başqa hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılandı, ustad yazıçıların diqqətini çəkdi. Həmin vaxtdan etibarən Ə.Mustafayev həm də Əmir Qaraçəmənli imzası ilə hekayə, oçerkpublisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. Amma onu ədəbi aləmdə daha çox tanıdan 1957-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Zolaqlı çamadan” hekayəsi olmuşdur. O zaman belə yaradıcı tələbələr onun oxuduğu fakültədə tək deyildi. Əmir Mustafayevin 1953-1958-ci illərdə universitetin Filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsində təhsil aldığı qrup Azərbaycan ədəbiyyatına və elminə Yaşar Qarayev, Arif Səfiyev, Famil Mehdi, Firudin Ağayev, Şamil Salmanov, Ağacavad Əlizadə, Cəfər Cəfərov, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, İbrahim Göyçaylı kimi tanınmış simalar bəxş etmişdir.

Bir dəfə hörmətli yazıçımızın yaradıcılığı ilə əlaqədar mətbuata material hazırlayanda “Ədəbiyyata gəlişinizi necə xatırlayırsınız?” sualımı belə cavablandırdı: “Ədəbiyyata gəlişim orta məktəb illərində Səməd Vurğunu görməyimlə və onun əsərlərinə olan məhəbbətimlə bağlıdır. Yaradıcılığa şeirlə başlamışam, təkəmseyrək də çap olunmuşam. O zaman mən yaşda olan cavanların poetik nəfəsi ilə, bədii ilhamı ilə indi özümü müqayisə eləyəndə başa düşürəm ki, niyə şair ola bilmədim”. Əmir Mustafayevin ilk əsərlərindən sonuncularınadək yaradıcılığının sətiraltı ana xəttində, ideya mənasında ictimai-siyasi hadisələrin fonunda Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyübu bütövlüyün önündə kəndlinin öz torpağına sahiblik arzusu durur. Rejimin ciddi vaxtlarında bəzən ədəbiyyatşünas-tənqidçilərin ehtiyatla yanaşdığı bu problem barədə respublika yazıçılarının VIII qurultayında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri İsmayıl Şıxlı “Ədəbiyyatımızın vəziyyəti və vəzifələri” adlı məruzəsində Əmir Mustafayevin yaradıcılığındakı keyfiyyətləri dəyərləndirərək deyirdi: “...geniş söhbətə səbəb olacaq hekayələrimiz yoxdurmu? Nə üçün Əmir Mustafayevin “Gecə zəngi” hekayəsi sükutla qarşılandı? Nə üçün bu hekayənin ictimai, psixoloji mahiyyəti, bədii keyfiyyəti açılıb göstərilmədi? Bu əsərdə kəndin bir neçə problemi qoyulmuşdur. Gənclər kənddən şəhərə qaçır, torpaqdan ayrı düşür. Kəndlər boşalır, rayon təşkilat rəhbərləri kənddə qalmaq, evlənib ev sahibi olub binələnmək istəyən cavanlara bir qarış yer vermirlər. Çünki torpaqdan düzgün istifadə etmirlər, artıq yerlər əkilib, kəndliyə ev tikmək üçün torpaq tapılmır. Hekayənin ikinci maraqlı cəhəti də odur ki, rayon rəhbərləri hər şeyi ələ almaq istəyirlər. Mərkəzdən gələn yoldaş kəndlinin verdiyi məktubun dərdini ürəyinə salır və az qalır ürəyi partlasın. Arxasınca “təcili yardım” gəlir...”

Sovet quruluşunun digər eybəcərlikləri, ədalətsizliyi və azərbaycanlıların soyqırımına yönəldilmiş siyasəti yazıçının bir sıra hekayələrində böyük ustalıqla oxuculara çatdırılır. Müəllifin “Qurd ürəyi” kitabında eyni adlı roman, povest və hekayələr cəmləşib. Bu hekayələrdə 1937-ci ilin qanlı-qadalı repressiya qurbanlarından, qanunsuzluqlar, ədalətsizliklər hesabına qan dənizində boğulan insanların yurd sevgisi və acı taleyindən bəhs edilir. Yazıçı boya-başa çatdığı Xuluq kəndindən Qazaxıstan çöllərinə sürgün edilən bir ailənin simvolunda bir xalqın taleyini açıqlayır. Türkiyədə təhsil görmüş ziyalılarımızdan olan Xuluq kəndinin qazısı Əbdülməcid Əfəndi sən demə 1913-cü ildə kənd məktəbində müəllim işləyən şair Əhməd Cavadın dostu olub. Qazının zəngin kitabxanası var idi. Dişi qana batmış NKVD-çilər Əbdülməcid Əfəndini həbs edərkən ərəb, türk alimlərinin evdə tapılan kitablarını onun özünə kisələrə doldurtdurub belinə şəlləyirlər. Yaşlı Əbdülməcid Əfəndi kitab dolu kisə belində, payi-piyada milis atlılarının qabağında kənddən birbaşa rayon mərkəzinə - NKVD-yə aparılır və dindirilir. Mülki, kənd uşaqlarının təhsil alması üçün tikdirdiyi üçsinifli məktəbi müsadirə edirlər. Bu zaman onun təmiz adam olduğunu söyləməyə cəhd göstərən Gülbala özünü həbsdən zorla qurtara bilir. Sonra da Qazaxıstan zülmləri başlanır...

Əmir Mustafayevin ədəbi-bədii yaradıcılığı qədər zəngin və mənalı olan həm də onun jurnalistlik fəaliyyətidir. Əli qələm tutandan, xüsusən də tələbəlik illərindən gecələr yazıçılıqla, gündüzlər jurnalistliklə məşğul olub. Əmir müəllimin əsərləri və özü haqqında yazılan məqalə və məktublarda qeyd olunduğu kimi, o, çox zəhmətkeş və məsuliyyətli yazar olub. 1957-ci ildə universitetin dördüncü kursunda oxuyarkən işləmək üçün dövrün seçilən mətbu orqanlarından olan “Azərbaycan pioneri” qəzetinə dəvət alıb. 1957-ci ildən 1969-cu ilə kimi həmin redaksiyada ədəbi işçi, şöbə müdiri, 1971-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında məsul katib, 1976-1979-cu illərdə isə Azərbaycan Yazıçıları İttifaqının orqanı “Azərbaycan” jurnalında məsul katib vəzifələrində çalışmışdır. Bir müddət Cəfər Cabbarlı adına kinostudiyada ssenarist kimi çalışsa da, sonradan yenidən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasına qayıtmışdır. Ədəbi yaradıcılığının və jurnalistlik fəaliyyətinin uğurlarını qəzet-jurnal redaksiyalarında reallaşdıran Əmir Mustafayev “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində müdir, 1990-cı illərdə “Karvankitablar seriyası redaksiyasında məsul katib işləmişdir. Hansı mətbu orqanda, hansı kollektivdə çalışmasından asılı olmayaraq, yazıçı Əmir Mustafayev ədəbiyyatın fədaisi, jurnalistikanın və kollektivin sevimlisi olmuşdur. Tale elə gətirdi ki, tanınmış yazıçı-jurnalist Əmir MustafayevRespublika” qəzetində (1991) baş redaktorun müavini işləyərkən onunla bir qəzetdə çalışmaq xoşbəxtliyinə nail oldum. Açığı o zaman istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı apardığım araşdırmalar Əmir Mustafayevlə münasibətlərimə əlavə çalarlar gətirdi. Bir dəfə məni möhkəm söhbətə tutdu və Əhməd Cavadın qarlı bir qış günü Qusara, oradan da atla Xuluq kəndinə gedişini ona nəql elədim.

Bir neçə gündən sonra gördüm ki, “Ədəbiyyat” qəzetində Əmir Mustafayevin mənim danışdıqlarım əsasında yazdığı “Qusardan gələn atlı” adlı hekayəsi çıxıb. Qəzeti götürüb Əmir müəllimin yanına getdim ki, bəs bu mənim dediklərimdi axı...

 

Əmir müəllim xoş əhvali-ruhiyyədə əlini çiynimə qoyub dedi:

 

 - Bəli, söhbət sənin, hekayə mənimdir...

 

Bu kiçik epizodu xatırlatmaqla diqqətinizə çatdırmaq istəyirik ki, Əmir Mustafayevin istər yazıçı kimi, istər jurnalist kimi qələmə aldığı irili-xırdalı bütün əsərlər, məqalələr və publisistik yazılar öz taleyini əsl həyatdan, həyat həqiqətlərindən götürmüşdü. Əmir Mustafayev bu cür həyatın içindən və reallıqlarından gələn 5 romanın, 20 povestin, 200 hekayənin, 500-dən artıq publisistik yazının və müxtəlif səpkili məqalələrin müəllifidir. Bir neçə povest və hekayəsi Türkiyədə, İranda, İraqdaRusiyada nəşr edilmişdir.

Cavan yaşlarında “Azərbaycan pioneri” qəzetində sıravi müxbirliklə jurnalist fəaliyyətinə başlayan Ə.Mustafayev ömrünün sonunacan bu peşədən ayrılmamışdır. Hətta yazıçı kimi yaradıcılığının pik dövründə də o, özünü jurnalist hesab edirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Nazirlər Kabinetinin orqanı olmuşRespublika” qəzetində baş redaktorun müavini idi. Həmin illər yuxarı dairələrin qərarı ilə “Respublikao vaxt Ali Sovetin orqanı olan “Həyat” (sonralar “Azərbaycan”) qəzetinə birləşdiriləndə Əmir müəllimin yaradıcılıq və xidməti taleyi “Azərbaycan” qəzeti ilə bağlanmış, müxbir, şöbə müdiri, nəhayət, 1993-2002-ci illərdə baş redaktor vəzifəsində çalışmışdır. Əmir Mustafayevin baş redaktor vəzifəsinə təyinatı yenicə müstəqilliyə qovuşmuş dövləti düçar olduğu bəlalardan xilas etmək üçün xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. Əmir müəllim həmişə bununla fəxr edirdi, Heydər Əliyevin imzası ilə verilmiş xidməti vəsiqəsini ərklə ürək qızdırdığı adamlara göstərməkdən qürur duyurdu:

“Məni baş redaktorluğa o kişi məsləhət bilib, onun etimadını doğrultmalıyam”, - deyib vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməyə çalışırdı.

Əmir Mustafayev əqidə adamı idi. Fəaliyyətinin bütün dövrlərində xalqımızın azadlığı, respublikamızın müstəqilliyi uğrunda mübarizə aparıb. Dövlətin sükanı arxasında mətin dayanmış Ulu Öndər Heydər Əliyev siyasi kursuna həm yazar, həm Azərbaycanqəzetinin baş redaktoru kimi dəstək olmuş, müstəqil dövlətimizin dayaqlarını sarsıtmaq məqsədi güdən qüvvələrə qarşı obyektiv jurnalist prinsipiallığı nümayiş etdirmiş, habelə sərt yazıçı mövqeyi göstərərək demokratik azad cəmiyyət quruculuğu işinə öz töhfəsini vermişdir.

Oxucuların həmkarlarının sevimlisi olan Əmir Mustafayev sözün həqiqi mənasında gözəl insan, yaxşı yazıçı peşəkar jurnalist idi. O, yazıçı jurnalist kimi rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə, Kiprdə, Çində digər ölkələrdə səfərlərdə olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, ictimai xadim Əmir Mustafayev respublikamızın ilk ziyalılarındandır ki, 1996-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə ədəbiyyat jurnalistikada göstərdiyi xidmətlərinə görəTərəqqimedalı ilə təltif edilmişdir. Prezident təqaüdçüsü idi.

Əmir Mustafayevin son kitabıAzadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan” (2004) adlanır. O, yaradıcılığının ictimai-siyasi fəaliyyətinin ana xəttini təşkil edən bu istəklə 11 il bundan əvvəl 2010-cu ilin iyulunda dünyasını dəyişmişdir. Bu da Tanrının təsadüfidir ki, yazıçının yeganə oğlu Samir Mustafayev atasından 10 il sonra, ötən ilin iyulunda, 52 yaşında vəfat etmişdir.

Tanınmış yazıçı, peşəkar jurnalist Əmir Mustafayevin Azərbaycan reallıqlarına, xalqımızın birliyinə, ölkəmizin milli müstəqilliyinin ərazi bütövlüyünün toxunulmazlığına xidmət edən əsərləri məqalələri bundan sonra da əsl qələm sahiblərinə örnək olacaq.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 12 mart.- S.9.