Humanizmə, ümumbəşəri mədəniyyətə töhfə

 

Xalq rəssamı Oqtay Sadıqzadənin əsərləri zaman və məkanların təzadlı harmoniyasının inikasıdır

 

Sənət dünyasının tanınmışları zaman-zaman həyatın gözəlliklərini özlərinə məxsus forma və məzmunda ərsəyə gətirməyə çalışıblar. İstedadlı sənətkarların baxışlarında isə hər adilikdə bir qeyri-adilik, gözəllik duyulur. Bu mənada şair və rəssamların həyata baxışları digər sənət adamlarınkından bir qədər fərqli olur. Gözəlliklərlə dolu həyatımızın mənalandırılmasında sənətkar məharətinin xüsusi rolu var. Etiraf edək ki, rəssamlıq bu mənada özü qeyri-adiliklərlə dolu həyatımızı fırça dili ilə daha mükəmməl təsvir edir. Gəlin həyatımızı mənalandıran gözəllikləri kətana köçürüb canlı kimi təqdim edən, müasirliyi ilə yanaşı, hələ sağlığında ikən klassik müəlliflərdən biri kimi tanıdığımız Xalq rəssamı Oqtay Sadıqzadənin sənət dünyasına qısa da olsa nəzər salaq.

 

 

Məşhurların övladı olmağın bəxtəvərliyi və bədbəxtliyi

 

Azərbaycan xalqının ədəbi simalarından sayılan, məşhur ədəbiyyatçıların - yazıçı Seyid Hüseynlə şairə Ümgülsüm xanımın ailəsində 1921-ci ildə Bakıda dünyaya göz açmaq kimi ona xoşbəxtlik nəsib olmuşdu. M.Ə.Rəsulzadənin əmisi qızı olan anası Ümgülsüm poeziyaya, eləcə də milli azadlıq ideyalarına maraq göstərməyə bilməzdi. Çünki o, hələ Seyid Hüseynlə ailə həyatı qurmamışdan öncə mətbuatda Azərbaycan qadınlarının azadlığı, onların hüquqlarının qorunması, ictimai fəallıq göstərmələrini nəinki istəyirdi, həm də bunun üçün mübarizənin səmərəli formalarından olan təbliğata üstünlük verir, məqalələr yazır və dövrü mətbuatda çıxış etdiyi üçün imzası tanınırdı.

Yazıçı Seyid Hüseynin ailəsinin ilk övladı olan Oqtayın rəssamlığa meyli də təsadüfi deyildi. Hələ uşaqlıq illərindən bu sənətə marağını nəzərə alan ata onun istəyinin reallaşmasına razılıq vermişdi. Beləliklə o, qəlbən bağlandığı rəssamlığı seçmiş və 1935-ci ildə Rəssamlıq Texnikumuna daxil olmuşdu.

Oqtay Sadıqzadə Azərbaycan rəngkarlığının sonrakı nəslinin korifeyləri sayılan Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Əbdülxalıq, Qafar Seyfullayevlə birlikdə bu sənətin sirlərinə bələd olmuş, incəliklərini öyrənmişdi.

O, hələ həyatının ən təlatümlü illərinin qarşıdan gəldiyini bilmirdi. Necə deyərlər, ağlına gəlməyənlər başına gəlirdi: ata-anasının 1937-ci ildə xalq düşməni kimi həbs edilmələri ailəni çıxılmaz vəziyyətə salmışdı, baxmayaraq ki, Seyid Hüseynin bacısı qızı, 21 yaşlı Səyyarə xanım onları öz öhdəsinə götürüb, həyatını dörd yetim uşağa baxmağa həsr etmişdi. Buna görə də hələ həyat təcrübəsi olmayan gənc Oqtay birdən-birə ailə başçısını əvəz etməli olmuşdu...

Çətinliklə də olsa Oqtay 1939-cu ildə Rəssamlıq Texnikumunu bitirdi. Dostları ilə birlikdə Moskvada təhsilini davam etdirmək istəsə də, ailə vəziyyəti ilə bağlı üzərinə düşən məsuliyyət və maddi çətinlik onun bu arzusunun gerçəkləşməsinə mane olub.

 

 

6 illik sürgün həyatı

 

Bilmirdi ki, həyatının keşməkeşləri hələ qabaqda idi. Lakin artıq rəsmləri respublika sərgilərində nümayiş etdirilir, yüksək qiymətləndirilirdi. Hətta1940-cı ildə Moskvadan gələn komissiya Tretyakov qalereyasında açılacaq Ümumittifaq sərgisi üçün iki əsər seçəndə onlardan biri 19 yaşlı Oqtay Sadıqzadənin Çağırışçılar tablosu idi. Təəssüf ki, bu uğuruna sevinməsinin ömrü qısa olur: 1941-ci ildə, yəni 20 yaşında xalq düşməninin oğlu kimi onu Altay diyarına sürgün edirlər.

Altı ildən sonra doğma Bakıya qayıdan Oqtay Sadıqzadə atası Seyid Hüseyndən xəbər tuta bilmirdi. Mordva vilayətinin soyuq iqlimində 7 il ağır həbs cəzası çəkməsi nəticəsində 40 yaşında ikən əlil olub Bakıya qayıtmış anası Ümgülsüm xanım isə 4 aydan sonra evindən, uşaqlarından uzaqda, Şamaxıda qəflətən dünyasını dəyişdi. Hələ bu harasıdır! 1947-ci ildə ailənin daha iki üzvü, onlara analıq etmiş bibisikiçik qardaşı Cığatay da bu dünyaya vida dedilər.

Amansızlıqlarla üzləşən Oqtayın həyatına və sifətinə fələyin çəkdiyi sərt sillə onu ağrıtsa da, bu qəzəbə sevgi-məhəbbət harmoniyası verərək əsərlərində təcəssüm etdirməyə başlayır.

1955-ci ildə rəssamı Azərnəşrə baş bədii redaktor vəzifəsinə dəvət edirlər. O, nəşriyyatda işlədiyi illərdə poliqrafiya mədəniyyətini yüksək səviyyəyə qaldırmağa çalışır, özükitablara illüstrasiyalar çəkməyə başlayır.

Həmin illərdə Azərbaycan oxucuları Balzakın Qorio ata, V.Hüqonun Səfillər, Turgenevin Atalaroğullar, M.Qorkinin Artamonovların işi əsərlərinə çəkilmiş qəhrəmanların yaddaqalan, gözəl obrazları ilə tanış olurlar.

Oqtay Sadıqzadə H.Cavidin bütün pyeslərinə, C.Məmmədquluzadənin, S.Hüseynin, C.Cabbarlının bir çox əsərlərinə, M.F.Axundzadənin Aldanmış kəvakib, Rəşad Nuri Güntəkinin Çalı quşu romanına illüstrasiyalar çəkib.

Fırça ustasının qrafika və rəngkarlıqla bağlı əl işləri Azərbaycan Milli İncəsənət Muzeyində, Nizami adına Ədəbiyyat Muzeyində, Milli Tarix Muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Ü.Hacıbəylinin, S.Vurğunun, Bülbülün, H.Cavidin ev muzeylərində, Dövlət Şəkil Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, həmçinin Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburqun, Ulyanovskin muzeylərində saxlanılır.

Oqtay Sadıqzadənin tabloları ölkəmizdən kənarda, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, BelarusPakistanda da şəxsi kolleksiyalarda mövcuddur.

 

Rənglərin harmoniyası, mövzuların təzadları

 

Oqtay Sadıqzadə dövlət, mədəniyyət və elm xadimlərinə, tarixi şəxsiyyətlərə həsr olunmuş çoxsaylı gözəl əsərlər yaradıb. Həmçinin müharibə və repressiya qurbanları mövzusunda bir neçə tablo işləyib.

Həmin əsərlərin içərisində Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, şairə Xurşud Banu Natəvanın, Qonça Bəyim və Ümgülsüm xanımın portretləri xüsusi yer tutur.

Oqtay Sadıqzadənin yaradıcılığında Nizami Gəncəvinin xüsusi yer alması, əlbəttə, təsadüfi deyildi. Nizami Gəncəvi və dünya mədəniyyəti adlı monumental silsilə əsərləri Nizami adına Ədəbiyyat Muzeyi mərkəzi salonunun əsas divarında asılacaq ekspozisiya üçün sifariş verilmişdi. Bu mürəkkəb, eyni zamanda məsuliyyətli işə sənətkar 6 ildən çox vaxt sərf etmişdi. 1999-cu ildə təqdimatı olan əsərlər rəssamın Nizami yaradıcılığına dərin ehtiramı kimi dəyərləndirilmişdir.

Azərbaycan miniatur məktəbinin antikorta əsrlər dövründəki yüksək ideallarına sədaqətlə yanaşan rəssamın Nizami Gəncəvi və dünya mədəniyyəti silsiləsi yaradıcılığının ən yüksək nailiyyətlərindən biridir. Bunu hətta sənət korifeyləri humanizmə, gözəlliyə, ümumbəşəri mədəniyyətə himn də adlandırıblar.

2011-ci ildə Milli İncəsənət Muzeyində sənətkarın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgi sənətsevərlər üçün, sözün əsl mənasında, bir hədiyyə idi. Xalq rəssamının Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, fəxri fərmanlar və mükafatlarla təltif edilib.

Bu da bir ömrün son akkordları: Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, Şöhrət və Şərəf ordenli, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də ömrünün 94-cü ilində vəfat edib.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 12 mart.- S.10.