Tarixi qədim, ənənələri zəngin Azərbaycan milli teatrı

 

 

 

Bu gün Azərbaycanda yaraşıqlı binaları, geniş salonları ilə göz oxşayan, bir-birindən maraqlı, uğurlu səhnə əsərləri ilə sevimli tamaşaçılarının qarşısına çıxmağa hazır olan teatrlarımız çoxdur. Ancaq milli teatrımız bu günlərə gələnədək böyük və keşməkeşli tarixi yol keçib.

 

 

Meydan tamaşalarından teatr səhnəsinə gələn yol...

 

 

Azərbaycanda xalq teatrının tarixi çox qədimdir. Xalq arasında meydan tamaşaları əsrlərboyu məşhur olub. Məzhəkə, nəqletmə, musiqi, rəqs, yarışma və digər ünsürlərlə zəngin, baxımlı olan həmin tamaşalar açıq havada, şəhər meydanlarında, kəndlərdə, karvansaralarda, bazar və küçələrdə göstərilirdi. Azərbaycanda toy, elçilik və digər mərasimlərdə də əsrlərboyu teatr elementləri mövcud olub. Bunlardan biri toylarda göstərilən Xan oyunu idi. Sonrakı dövrlərdə Şəbih və digər dini səciyyəli tamaşalar da geniş yayılmışdı.

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş, Tənbəl qardaş kimi meydan tamaşaları, Kilimarası Maral oyunu kimi kukla teatr tamaşaları geniş kütlə tərəfindən böyük maraqla qarşılanır, yüksək əhvali-ruhiyyə yaradırdı. Bu tamaşalar xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərimizi, soykökümüzə bağlılığımızı təcəssüm etdirərək yaşadıb.

XVII əsrin ikinci yarısında Azərbaycana gələn fransız səyyahı Şarden Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olub. Ona üç hissəli bir tamaşa göstəriblər. Tamaşa Şardenə elə xoş təsir bağışlayıb ki, onu Şərqin operası adlandırıb.

Araşdırıcılar bu fikirdədirlər ki, mərasim, ayinxalq oyunlarındakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təqdim olunan Mirzə Fətəli Axundzadənin Sərgüzəşti-vəziri-xani Lənkəran tamaşası ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Tamaşanın hazırlanmasında Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun əməyi böyük olub.

 

Fədakarların sayəsində yaşayan sənət

 

Bakı şəhərində ilk teatr binasını xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev inşa etdirib. O, milli teatrın inkişafında böyük xidmət göstərib. Əlbətdə, tamaşa kollektiv əməyin məhsuludur və teatra olan sevgi, fədakarlıq estafet kimi yeni gələn nəsillərə ötürülməsə, onun var olması mümkünsüzdür. Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə nümayəndəsi yetişdi. Bu gün də onların sənət yolunu davam etdirən istedadlı aktyorlarımız, aktrisalarımız az deyil.

Tarixi 1873-cü il martın 10-dan başlanan milli teatrımız çox çətin bir yol keçib. XIX əsrin sonları, XX əsrin əvvəllərində maddi vəziyyətinin ağırlığını düşünməli, bu istiqamətdə çalışmalı ikən onun başını digər problemlərlə qarışdırıb, inkişafını əngəlləməyə çalışıblar. Səhnə o illərdə aktyorlara məşhurluqla bərabər bəlalar gətirib. Təhqiramiz ifadələrlə, təhdidlərlə qarşılaşanlar az olmayıb. Səhnəyə çıxdığı üçün yaralananlar, qətlə yetirilənlər olub. Çünki çoxları öz qohumunun, yaxınının aktyorluq sənətini seçməsini özü üçün, bütövlükdə nəsli üçün təhqir hesab edib. Gözü qorxanları, həyatını təhlükəyə atmaqda çəkinənləri teatrdan, səhnədən uzaqlaşdırmağa müvəffəq olublar. Amma bu sənəti canından çox sevənlər heç bir təhdidə, təhqirə, fiziki mənəvi əzab-əziyyətlərə boyun əyməyiblər. Elə milli teatrımız da belə fədakarların sayəsində yaşayıb, inkişaf edib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli teatrın fəaliyyətində canlanma yaradıb. Qısa müddətdə teatrın inkişafı üçün zəruri işlər görülüb. Onun repertuarına Azərbaycan tarixi milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər daxil edilib. Bu sahədə cümhuriyyət hökumətinin məqsədyönlü addımlarından biri Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. 1918-ci il noyabrın 4-də həmin teatrda ilk dəfə Nəriman Nərimanovun Nadir şah faciəsinin tamaşası təqdim olunub.

Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilib. Teatrlarımızın repertuatlarında sovet ideologiyasını rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlərə yer verilib.

 

 

Tamaşaçıların intizarında...

 

 

XX əsrin sonuncu onilliyində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Xalqımızın nail olduğu bu böyük qələbə asanlıqla əldə olunmadı. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə böhran yarandı. Teatr sənəti çətin sınaqlarla üzləşdi. Ancaq bu imtahandan da üzüağ çıxdı.

Bu gün Azərbaycan teatrı dövlət qayğısı, tamaşaçı sevgisi ilə əhatələnib. Əlbəttə, problemləri var. Son bir ildə ən böyük qayğısı isə pandemiya ilə bağlı yaranmış vəziyyətlə əlaqədar tamaşaçılarını qarşılaya bilməməsidir. Teatrlarımız böyük intizarla koronavirusun endirdiyi pərdələri yenidən açacağı, tamaşaçı alqışları ilə kükrəyəcəyi günləri gözləyir.

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 12 mart.- S.10.