Dağlar gözəli: Qaragöl Dövlət Təbiət Qoruğu

 

 

Təbiətin qorunması canlıların ömrünün uzadılması baxımından çox önəmlidir. Ona görə də ana dediyimiz təbiətin mühafizəsi nəinki dövlətin, həm də cəmiyyətin borcuna çevrilməlidir. Axı, təbiət yalnız bitki örtüyündən ibarət deyil, onun gözəlliyini artıranlardan biri də vəhşi heyvanları ilə zənginliyidir.

Azərbaycanın da nadir təbiətinin qorunmasına böyük diqqət yetirilir.

Bu məqsədlə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Respublikamızda bu sahədə 1925-ci ildə  ilk yaradılan “Göygöl” Dövlət Təbiət Qoruğudur.

Prezident İlham Əliyev yanvarın 6-da ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələyə də toxunaraq dedi: “Azad edilmiş torpaqlarda, eyni zamanda dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm... Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunubbütün ağaclar qırılıb...”

Laçınla Gorus sərhədində yerləşən “Qaragöl” Dövlət Təbiət Qoruğu da təbiətin unikal məkanlarından biridir. 1987-ci ildə yaradılan qoruğun sahəsi 240 hektar olub. Təəssüf ki, bu qoruq da erməni vəhşiliyinin qurbanlarından birinə çevrilib.  Qoruğun ərazisindəki göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edib.

Qoruq Qarabağ vulkanik yaylasının cənub hissəsində, Böyük İşıqlı dağının yamacındadır.  Gölün suyu ərazinin hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğum və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılıb. Bu torpaqlar  əsasən humusla zəngindir.

Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin azlığına səbəb olub. Bununla bərabər, gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə rast gəlinib.

Ərazi seyrək meşəliklər və kolluqlar, eləcə də palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Yerin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaradıb. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılıb.

 

 

Azərbaycan.-2021.- 12 mart.- S.10.