Ermənistanda ikihakimiyyətlilik formalaşıb

 

Baş nazir-prezident qarşıdurması ölkədə yeni siyasi xaosu daha da gücləndirib

 

 

Ermənistanda siyasi çəkişmə hər gün böyüyür. Baş nazir-prezident qarşıdurması siyasi böhranı daha da dərinləşdirir. Prezident Armen Sarkisyanın Artak Davtyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edilməsi haqqında baş nazir Nikol Paşinyanın vəsatətini iki dəfə geri qaytarması da bunu təsdiqləyir.

Baş nazir-prezident qarşıdurmasından yararlanmağa çalışan müxalif qüvvələr isə mövcud vəziyyətdən maksimal dərəcədə faydalanmağa, iqtidar əleyhinə aparılan təbliğatı gücləndirməyə cəhd göstərirlər. Lakin görünən odur ki, baş nazirin əleyhinə təşkil edilən mitinqlərin iştirakçıları hər ötən gün daha da seyrəlir. Son aksiyalarda müxalifətin baş nazirlə əsas mübarizə poliqonuna çevrilən Yerevanın Baqramyan küçəsinə toplaşanların sayının 2-3 mini keçmədiyi bildirilir.

“Vətənin qurtuluşu hərəkatı”nın təşkil etdiyi aksiyalarda qeyd olunur ki, baş nazirin istefasından sonra erkən parlament seçkilərinin keçirilməsindən əvvəl müvəqqəti hökumət qurulmalıdır.

Paşinyan siyasi baxımdan mövqelərini qorusa da, iqtisadi sferadakı çətinliklər ona qarşı çıxanların sayını artırır. Ermənistan mətbuatı yazır ki, hakimiyyət ölkə iqtisadiyyatında, guya, dirçəliş baş verməsi, işsizliyin getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqqında ağızdolusu danışsa da, faktlar tamamilə bunun əksini deyir. Hətta o yerə gəlib çatıb ki, erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalı da ölkədə mövcud həqiqətlərin tamam fərqli olduğunu bildirir. Qeyd olunur ki, Ermənistanda rəsmən gənclərin 60 faizdən çoxu işsizdir. Ölkə rəhbərliyinin işsizliyin azaldığı barədə pafoslu məlumatına baxmayaraq, əslində, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik azalmaq əvəzinə getdikcə artmaqdadır.

Qeyri-rəsmi məlumatlara görə, ölkədəki gənclərin 80 faizi işsizdir. Ailəsini dolandırmaq naminə xarici ölkələrə üz tutan ermənilər sayəsində əhali arasında ildən-ilə azalma müşahidə olunur. Ona görə də Ermənistan əhalisi qocalmaqda olan ölkələr sırasında qalır. İnflyasiyanın və korrupsiyanın baş alıb getdiyi, iqtisadiyyatı iflic vəziyyətinə düşən Ermənistanın xarici borcları da durmadan artmaqdadır.

Demoqrafiya ilə bağlı yaranan vəziyyət isə Ermənistanda orduya çağırış zamanı ciddi çətinliklər yaradır. Müharibədəki məğlubiyyətdən sonra açıq şəkildə deyilir ki, Ermənistan ordusu ağır çağırışçı problemi ilə üzləşir və hərbi hissələrin komplektləşdirilməsi mümkünsüz olur. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra yaranmış vəziyyətin təhlili göstərir ki, Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, həm də ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir.

Araşdırmalar göstərir ki, son aylarda Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artıb. Bütün bunlar həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Toplanan məlumatlardan aydın olur ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin tüğyan etməsi, əsgərlərin hərbi hissələrdən kənar şəxsi işlər görməyə vadar edilməsi, intihar, döyülmə və nizamnamədən kənar digər davranışlardır. Özübu kimi hallara əsas etibarilə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar məruz qalırlar.

Bütün bunlar Ermənistanda hər bir sahədə vəziyyətin ağır və acınacaqlı olduğunu göstərir. Ölkənin bu vəziyyətə düşməsinin əsas səbəbi isə işğal siyasəti yürütməsi olmuşdur.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 13 mart.- S.1;6.