Milli ruhumuzu yaşadan bayram

 

 

 

“İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

Hamınıza bahar əhvali-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!”

 

 

 

İlham ƏLİYEV

 

 

 

Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı hər dəfə gəlişi ilə ömrümüzü bəzəyir.

Builki Novruzu insanlarımız böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar. Az qala 30 il sonra Qarabağda da bayram tonqalları çatılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər ordumuzun gücü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır. Düşmənin dağıdıb viran qoyduğu, bu gün isə Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz növbəti cəlalına hazırlaşır. Builki Novruz bayramı ötən il olduğu kimi COVID-19-la bağlı kütləvi tədbirlərlə qeyd olunmasa da, evlərdə, ailələrdə insanlar onu bir başqa büsatla, bir başqa ovqatla qeyd edirlər.

 

 

 

Həmrəylik bayramı

 

 

 

Novruz çox əski çağlarda Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir. Bu bayram milli ruhumuzun tərcümanıdır. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu bayramın ruhunda yaşayır. Onun fəlsəfəsi həyatın dörd ünsür üzərində bərqərar olması ilə bağlı qədim inanca əsaslanır. Əcdadlarımız yaradılışın əsasında od, su, hava və torpağın durduğuna əzəldən inanıb, onları müqəddəs sayıblar. Bu müqəddəsliyə tapınıblar. Belə bir inanc zaman keçdikcə daha da cilalanıb. Özünün kodlarını formalaşdırıb. Sistemli bir təsəvvürə çevrilib.

Xalq mövcudluğunu o zaman qoruya bilir ki, özünü qədim əcdadlarla mənəvi əlaqədə hiss edə bilsin. O ruhu daim duysun. Minilliklərin soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsusluğunu mühafizə edib saxlamağı bacarsın.  Belədə həmin millət tarixin aşırımlarında, təlatümlü dolanbaclarında sarsılmır, özünü itirmir. Novruzda  qədimliyimizin bütün çalarları əksini tapıb. Xalqımız bir çox özünəməxsusluqlarını bu bayramda axtarıb. Tarixi keçmişimizlə bağlı xeyli suallara bu bayramın adət-ənənələrində, dəyişməz atributlarında cavablar görüb. Ona görə də Azərbaycan xalqı Novruz bayramının hətta qadağan olunduğu vaxtlarda belə onu müxtəlif formalarda keçirib. Bu qədim el bayramına sevgisini qoruyaraq daim nümayiş etdirib. Əslində, xalqımızın əsrlərboyu ağır keşməkeşlərə, istilalara, sərt yaşayış şərtlərinə rəğmən, yenə də öz milli kimliyini mühafizə edə bilməsinə görə bu cür dəyərlərimizə borcluyuq. Məhz Novruz kimi mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itməyib. Təsirlər qarşısında aşınması mümkün olmayıb. Əksinə, daha da güclənib, möhkəmlənib, nəsillərdən-nəsillərə ötürülüb. Elmi cəhətdən öyrənilib. Bu bayrama aid folklor nümunələri sənədləşdirilib. Novruzun bir çox simvolları mədəniyyət və incəsənətimizin qiymətli incilərinə çevrilib. Bizi bütün dünyada tanıdan atributlar sırasında qərarlaşdırıb.

 

 

 

Dəyərlərimizə həssas münasibət

 

 

 

Novruz sovetlər birliyi dövründə dini bayram kimi qadağalar altında olub. Buna baxmayaraq, Ulu Öndər Heydər Əliyev bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir. Onun tapşırığı ilə folklorşünaslıq sahəsində aparılan elmi tədqiqatlarda bu bayramın ideoloji-siyasi təsiri önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq Heydər Əliyevin xeyir-duası ilə rəsmi şəkildə qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, zəngin irsimizə, tariximizə böyük məhəbbət yaratmış, milli özünüdərki gücləndirmişdir. Novruz adət-ənənələri o dövrdə bədii əsərlərdə, filmlərimizdə özünə yer tapmışdır. Hər dəfə “Dəli Kür” filmini seyr edərkən Novruz bayramının necə təbliğ olunduğunu görürük. Xalqın mədəni dəyərlərini, adət-ənənələrini, folklorunu, ədəbiyyatını təbliğ edən əsərlər çoxalmış, ədəbi irsimizi tərənnüm edən “Bulaq”, “Klassik irsimizdən” kimi verilişlər ortaya çıxmış, ana dilinin təbliği istiqamətində real addımlar atılmışdır. Məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub. Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”, - deyən Ulu Öndər bu bayramı milli ideologiyamızın ana sütunu kimi dəyərləndirmiş və onu əbədiləşdirmişdir. Bu, əslində, Ümummilli Lider tərəfindən atılan möhtəşəm bir addım idi.

Adətən, xalqların qərinələrboyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını sağlam ruhda qoruyaraq bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və məsuliyyətli işi məhz Ulu Öndər Heydər Əliyev üzərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı olmuşdur. Nitqlərində xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın mənəvi dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Problemi böyüdən başlıca amil budur ki, inteqrasiyalar bir çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir. Ümummilli Liderin böyüklüyü də məhz bu təhdidi düzgün qiymətləndirməsi, onun potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Ulu Öndərin vətəninə, xalqına, millətinə, ənənələrinə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, əslində, xalqın genetik yaddaşını qorumuşdur. Onun milli düşüncə sisteminin bədii-poetik modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər böyük rəhbərin dəyərlərimizə həssas münasibətindən irəli gəlməklə yanaşı, ictimai şüurun oyanmasına da xidmət etmişdir. Təbii ki, görülən işlər sadəcə qayğı olmaqla məhdudlaşa bilməz - bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə əmanət edilməsi, azərbaycanlı məfkurəsinin, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsədyönlü addımlar idi.

 

 

 

Gələcək nəsillərə əmanət

 

 

 

Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezident  İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasındadır. Dövlət  başçısı tarixi-mədəni irsimizin yaşadılmasına və adət-ənənələrimizin qorunmasına xüsusi qayğı ilə yanaşaraq bu məqsədlə son illərdə mühüm addımlar atıb, sərəncamlar imzalayıb. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın dəyərlərinə son dərəcə bağlı olduğunu, onlara hörmət və ehtiramla yanaşdığını təsdiqləyir. Bu sıradan da böyük bayramımız olan Novruzun yüksək səviyyədə qeyd olunmasına, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına daim çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirir. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramının milli mədəni sərvətlərimizin zənginliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dolğun şəkildə ifadə edir. Novruz böyük mənəvi gücə malikdir, insanlar arasında qardaşlıq duyğularını möhkəmləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsinə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.

Dövlət başçısı bütün təbriklərində Novruz bayramını əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı adlandırır və qeyd edir ki, yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun UNESCO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi isə təqdirəlayiq haldır.

 

 

 

Qeyri-maddi mədəni irsimiz

 

 

 

Novruz birlik, bərabərlik bayramıdır. Böyük bir coğrafiyada yaşayan xalqları öz işığında birləşdirən yüksək dəyərdir. Bu bayram Azərbaycanla yanaşı, bütün Şərqdə, xüsusilə Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda böyük coşqu ilə keçirilir.

 

Novruz bayramının bütün dünyada Azərbaycanın zəngin irsi kimi tanıdılması və UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar, vətənpərvər fəaliyyəti nəticəsində mümkün olmuşdur. Heydər Əliyev Fondu Novruz günlərində aztəminatlı ailələrə bayram sovqatları paylayır, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edir, sağlamlıq imkanları məhdud uşaqlarla görüşlər təşkil edir, xüsusi qayğıya ehtiyacı olanlara və kimsəsizlərə yardımlar edir, şəhid ailələrini bayram hədiyyələri ilə sevindirir.

Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT-nin 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Bütün bunlar ilk baxışdan bəlkə də adi faktlar kimi görünə bilər. Amma böyük zəhmət hesabına başa gəlmiş bu mədəni nailiyyətin çox böyük əhəmiyyəti var. İlk növbədə, Novruz bayramı bəşəri mənəvi abidə kimi əbədiyyət qazanmışdır. Bu, dünya miqyasında daim böyük maraq doğurması, öyrənilməsi, təbliği deməkdir. Eyni zamanda xalqımızın və ümumən, Şərq xalqlarının Novruz kimi mənəvi sərvətinə bütün dünyanın verdiyi qiymətdir.

 

 

 

Əzəl başlanğıca qayıdış

 

 

 

Bu bayramın “yeni ruzi”, “yeni zəhmət” mövsümü kimi qəbul olunması xalqımızın əməksevərliyindən, halal zəhmətə bağlılığından irəli gəlir. Düşüncəyə görə, Novruzda təbiət oyanır. Torpaq Günəşin şüası ilə isinir. Bol bəhrəli yeni bir mövsümə hazırlaşır. Həyat yenilənir. İnsanın ruhu təzələnir. Hər kəs bu bayramda, Novruz çərşənbələrində gələcəklə bağlı arzular tutur. Onların həyata keçəcəyinə qəlbən inanır.

Qeydlərimizin əvvəlində də xatırlatdığımız kimi, Novruzla bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq inancı ilə bilavasitə əlaqədardır. Bu, törəniş düşüncəsidir. Belə bir düşüncə Novruzla bağlı mərasim folklorunda aydın şəkildə öz əksini tapıb. Törəniş düşüncəsini formalaşdıran ünsürlərin çoxuna Novruzun silsilə miflərində, nəğmələrində təsadüf edə bilərik. Novruz çərşənbələrinin hər birində insana uğur və xoşbəxtlik gətirən rəmzləri, ümid və inamı görürük. Bu mənada Novruz insanın öz başlanğıcına qayıdışıdır. O, qəlbən inanır ki, öz xoşbəxtliyini, uğura doğru yolun başlanğıcını həyatı əmələ gətirmiş dörd ünsürdə tapa bilər. Buna görə Novruzun dörd çərşənbəsinin hər biri bu ünsürlərlə bağlıdır.

İlk çərşənbə Su çərşənbəsidir. Bu çərşənbə baharın hərarətli nəfəsi duyulduqca, torpaq isindikcə, qarlar-buzlar əriyib bulaqlara, çaylara qarışdıqca daha da gurlaşan axar suları simvolizə edir. Axar su torpağa bərəkət gəririr. Həyatı saflaşdırıb duruldur. İnsan öz düşüncələrini, niyyətlərini, mənəvi dünyasını da axar suya çəkir.

İkincisi Od çərşənbəsidir. Ulu əcdadlarımıza aydın idi ki, üzü Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, onu əkin üçün hazırlayır, bərəkətləndirir. Onlar oda insanın ötən dövrlə bağlı sıxıntılarını külə çevirən, torpaqla birgə ağırlığını-uğurluğunu götürən güc kimi baxardılar. Od çərşənbəsində tonqallar qalayardılar. Müxtəlif nəğmələrlə, rituallarla tonqalın üstündən atlanardılar. Bütün bunlar günümüzə qədər davam edir. İnsanın qədimlərdən üzübəri tonqaldan atlanması onun yaşamağa inamını, həyatındakı qayğılardan qurtuluşuna əminliyini ifadə edir.

Novruzun üçüncü çərşənbəsi Yeldir. Yel həyatımızda baş verən dəyişikliklərin sorağıdır. Təbiətin canlanmasının əlamətidir.

Dördüncü çərşənbə isə Torpaq çərşənbəsidir. Bu çərşənbə artıq su ilə yumşalan, Günəşin hərarəti ilə isidilən torpağın əkilib-becərilməyə hazırlığına dəlalət edir. Bu çərşənbə insana əkib becərmək üçün hazırlığını görmək, əkinçi əlinin sığalını gözləyən torpağın bərəkətindən faydalanmaq üçün bir çağırışdır.

 

Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Biz ötən il bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən savaşımız nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Düşməni illərdir işğal altında saxladığı torpaqlarımızdan qovduq. Xeyir şər üzərində qələbə qazandı. Hər zaman qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, yenilik ruhu, haqqa-ədalətə inam hesabına Azərbaycan ən böyük arzusuna çatdı.

Bu, bizə Novruzun təlqin etdiyi mənəvi keyfiyyətlərdir. Azərbaycan xalqı bu keyfiyyətləri, dəyərləri hər zaman yaşadacaq və bütün dünyada xoş bir nümunə yaradacaq.

 

Novruz bayramınız mübarək!

 

 

 

İradə ƏLİYEVA,

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.1; 8.