Ermənistanda dövlət idarəçiliyi sistemi çöküb

 

 

 

Bu dəfə məhkəmə Paşinyana qarşı çıxdı

 

 

 

Ermənistanda hadisələrin inkişafı getdikcə daha xaotik xarakter almaqdadır. Bu xüsusən silahlı qüvvələrin baş qərargahının rəisi, general-polkovnik Onik Qasparyanla bağlı məsələdə özünü daha qabarıq göstərir.

 

Məsələ bundadır ki, Ermənistanın inzibati məhkəməsi baş nazir Nikol Paşinyanın azad etdiyi Onik Qasparyanı baş qərargahın rəisi vəzifəsində saxlamaqla bağlı qərar çıxarıb. Qərara əsasən, Qasparyan baş qərargahın rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək.

 

Lakin Nazirlər Kabineti Qasparyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibətində bildirib ki, o, vəzifəsindən azad olunub. Bütün bunlar Ermənistanda hökumət başçısı ilə ordu arasında, eləcə hakimiyyət daxilində yaranan ziddiyyətlərin davam etdiyini göstərir. Bu arada Paşinyan erkən parlament seçkilərinin 20 iyun tarixində keçiriləcəyini açıqlayıb.

 

Siyasi böhran şəraitində daha da ağırlaşan iqtisadi vəziyyət həm Ermənistanda əhalinin yaşayış səviyyəsini sürətlə pisləşdirir.

 

Hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, ölkə hazırda sosial partlayış ərəfəsindədir. İlk növbədə ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Vəziyyətdən yeganə çıxış yolu kimi Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutur.

 

Hətta xarici partnyorlar da Ermənistandan üz döndərirlər. Məsələn, elə “4rd.am” saytının yazdığına görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun həcmi 10 faizdən çox azalıb. Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşunun kəskin şəkildə azalmasına səbəb bir tərəfdən əcnəbi investorlarda bu ölkənin iqtisadi inkişafına, gələcəyinə inamsızlıq yaranmasıdırsa, digər tərəfdən korrupsiyaya qurşanmış dövlət məmurları tərəfindən onlara göstərilən müxtəlif təzyiqlərdir. Eyni zamanda ölkədə xarici investisiya üçün münbit şəraitin yaradılmaması, sərmayədarların hüquqlarının dövlət tərəfindən qorunmaması da öz rolunu oynayır.

 

Yerevanda hökumət binasının qarşısında keçirilən növbəti mitinqdə Paşinyan hökumətinin sosial-iqtisadi siyasəti kəskin tənqid olunub. Mitinqdən sonra aksiya iştirakçılarından bir qrupu Azadlıq meydanına yürüş ediblər. Bu şəraitdə qarşıdurmanın davam etməsi qaçılmaz sayılır.

 

Ermənistan Gənclər Birliyinin mərkəzi idarə heyətinin üzvü Kristine Vardanyan bildirib ki, Nikol Paşinyan xalqı susdurmaq üçün polis rejimi yaradıb. Bunun üçün hər gün dövlətdən milyonlarla vəsait xərclənir. Onun sözlərinə görə, demokratiyadan dəm vuran Nikol indi hakimiyyəti xunta rejiminə çevirib: “Bu ölkədə fərqli nəcib fikirlərdən, demokratiyadan danışan insana baxın, necə hərəkət edir. Vergilərinizin hara getdiyini öyrənin, ay camaat! Nikol Paşinyan bu gün vətəndaşlarla görüşməkdən yayınır. Yüzdən çox polisin müşayiəti ilə hökumətdən nazirliyə hərəkət edir, gücü bu polislərdən alır, xalqdan yox. Xalqın dəstəyi yoxdur, komandasının dəstəyi belə yoxdur, sadəcə kreslosundan yapışıb qalıb, hakimiyyətdə qalması gün məsələsidir. Onun gündəlik fəaliyyətləri ölkəmizi dövlətçiliyimizi məhv etməyə aparır”.

 

Nikol Paşinyan başda olmaqla ölkə iqtidarında təmsil olunanlar daha çox şəxsi mənafelərini güddüklərindən hakimiyyətə daxildə hansısa təhlükənin yaranmasını əngəlləmək üçün əcnəbi ağaların himayəsinin Ermənistan üzərindən çəkilməsindən qətiyyən maraqlı deyillər. Bu, “İravunkqəzetində dərc olunan məqalədə öz əksini tapıb. Bildirilib ki, Ermənistanın xarici siyasətində vassalçılıq prinsipi üstünlük təşkil edir. Hakimiyyət resursları milli maraqları hesabına xarici güclərin dəstəyi üçün zəmanət qazanmağa çalışır: “Öz hakimiyyəti üçün xarici himayənin axtarışında olan hazırkı iqtidar Ermənistanı beynəlxalq səhnədə təcrid vəziyyətinə salıb. Dost müttəfiq ölkələrlə effektiv münasibətlərin inkişaf etdirilməsi üçün heç bir səy göstərilməyib”.

 

Bu durumda ölkə daha çox xarici dövlətlərdən asılı vəziyyətə düşür. qədər ki qonşu dövlətlərlə normal sivil münasibətlər qurmur, Ermənistanı bundan sonra da böyük problemlər gözləyir.

 

 

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2021.- 20 martl.- S.1; 10.