İlham Əliyevdən Ermənistana sonuncu xəbərdarlıq: “Əgər bir daha təxribata əl atsalar, yerindəcə məhv ediləcəklər!”

 

 

“Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq... Bu, sonuncu xəbərdarlıqdır”.

İlham Əliyevin Zəngilandan Ermənistana sonuncu xəbərdarlığı belə oldu. Qalib Sərkərdə kimi Qarabağa hər səfərində həm yeni-yeni layihələrin təməlini qoyan, həm də Ermənistana düşdüyü acınacaqlı durumdan qurtulmaq üçün çıxış yolları göstərən İlham Əliyev bu dəfə revanşist dəstələri, sərhəddə təxribat törədənləri çirkin əməllərindən nəticə çıxarmağa çağırdı. Əks təqdirdə dəmir yumruq əməliyyatı yenidən təkrarlana bilər. 

 

 

 

İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir

 

 

 

Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində sərhədçilərimizə qarşı edilən hərbi təxribata toxunan Azərbaycan Prezidenti dedi ki, bu, sonuncu olmalıdır. Azərbaycan hər zamankı kimi  təmkinlik göstərərək bu təxribata cavab verməyib. Amma görünən odur ki, bəzi qüvvələr yenə də Azərbaycanın istənilən təxribata seyrçi münasibət göstərəcəyini zənn edirlər. Elə bilirlər ki, illərlə münaqişənin həlli istiqamətində sülh tərəfdarı olan, həmsədrlərin fikirlərinə hörmətlə yanaşıb müharibə variantını ən sonuncu addım hesab edən Azərbaycan yenə də hansısa təxribata eyni münasibət sərgiləyəcək.

Amma havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz.

İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. İlham Əliyev bir daha buna oxşar cəhdin göstəriləcəyi təqdirdə düşmənin yerindəcə məhv ediləcəyini bəyan etməklə qətiyyətini yenidən göstərdi.

44 günlük müharibədən öncə İlham Əliyevin bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, bütün Ermənistan buna şahidlik edib.

 

 

 

Revanşistlər nəticə çıxarmasalar, dəmir yumruq işə düşəcək

 

 

 

Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan Vətən müharibəsi nəticəsində sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edibbu gün  sərhədləri etibarlı şəkildə qorunur. Azərbaycan-İran arasında 132 kilometrlik sərhəd xətti tam bərpa edilib, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülüborada sərhəd xidmətinin hərbi hissəsi fəaliyyətə başlayıb.

Aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə “Böyük Qayıdış”ın təməlini qoyan İlham Əliyevin Qarabağa hər səfəri müjdə verir. Hər kəs işğaldan azad edilən torpaqlarımızda gedən abadlıq-quruculuq işlərindən xəbərdar olur və aydın şəkildə görünür ki, qurucu Prezident əzəli torpaqlarımızda yenidən həyatın qaynaması üçün bütün gücünü səfərbər edir.

Əlbəttə ki, bu, Ermənistanı ciddi narahat edir və hərdən təxribat xarakterli əməllərə cəhd edir. Amma bu ölkədə baş qaldıran həmin revanşist qüvvələr İlham Əliyevin xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar.

Əslində, Ermənistandakı revanşistləri nəzərə almasaq, digər vətəndaşlar artıq dərk edirlər ki, Qarabağ onların deyil və özgə torpaqları uğrunda ölmək ağılsızlıqdır. Ona görə də əsgər anaları-ataları hər gün müxtəlif şəhər və rayonlarda ayağa qalxıb övladlarının Qarabağ istiqmətində hərbi xidmətə aparılmasına qarşı üsyan edirlər. Ermənilər yaxşı anlayırlar ki, güvəndikləri dövlətin Azərbaycanla istənilən formada mübarizə aparmaq gücü yoxdur. 30 il ərzində qurulan və “keçilməz sədlər” adlandırılan müdafiə sistemlərinin 44 gün ərzində darmadağın edilməsi bunun bariz göstəricisidir. Ümumilikdə isə müharibə Ermənistan dövlətinə elə bir zərbə vurub ki, 30 ilə çətin özünə gələ bilsin. Bu ölkənin nə hərbi gücü, nə də iqtisadi imkanları Azərbaycana qarşı “mübarizə” aparmağa imkan verir. Hətta əvvəlki kimi hərbi texnikanı pulsuz alsalar belə, erməni əsgərinin Azərbaycanın igid oğulları qarşısına çıxmağa gücü çatmaz.

Əslində, Ermənistandakı revanşist qüvvələr də bundan xəbərdardırlar. Yaxşı anlayırlar ki, istənilən təxribatları onlara baha başa gələ bilər. Ancaq başçıları yenə də havadarlarına arxalanaraq çirkin oyunlar oynamaqla Azərbaycanı təxribata çəkmək istəyirlər.

Hələ dekabr ayında Qarabağa növbəti səfəri zamanı İlham Əliyev erməni faşizmi və onlar tərəfindən törədilən təxribatlara toxunaraq bəyan etmişdi ki, Azərbaycan Qarabağda erməni faşizminin başını əzərək terror dövlətinin belini qırıb. Bununla da Ermənistan məcbur olub Azərbaycanın qarşısında diz çöküb. Bundan sonra hər hansısa bir təxribat olarsa, dəmir yumruğun növbəti zərbəsini alacaqlar. Ona görə də işğalçı, məğlub Ermənistan və onun havadarları bu vəziyyətdən düzgün nəticə çıxarmalıdırlar.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 4 may.- S.1;5.