Xalı-xalçanın xalı gözəl...

 

Ərişə dolanıb, arğacda ilmələnən, naxışların dili ilə danışan xalçaçılıq milli-mənəvi dəyərlərimiz kimi əsrlərin yadigarıdır

 

Azərbaycan xalqının tarixində və mədəniyyətində elə sənətkarlıq nümunələri var ki, onlar əsrləri yola salmaqdadır. Bu sənət əsərlərində həm tariximizin, həm də mədəniyyətimizin ilkinlikləri öz işartılarını və inkişafını qoruyub saxlamaqdadır. Onlardan biri də ilmələrdən naxışlanmış xalı-xalçalardır.

Mənalı ömrünü və şərəflə keçdiyi yolu xalçaçılıq sənətinə həsr edən Lətif Kərimovun bu sahədəki xidmətlərindən biri də 1972-ci ildə Bakıda Xalçaçılıq Muzeyinin təşkilinə nail olmasıdır.

Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu da qədim sənət nümunələrimizin ermənilər tərəfindən saxtalaşdırılmasının qarşısının alınmasında mühüm vasitələrdən biridir. Buna isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüs və xidmətləri sayəsində nail olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə Ənənə və innovasiyalar mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium keçirilmişdir. Ölkə rəhbəri tərəfindən imzalanmış Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının icrası da bu sənətin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESKO-nun baş qərargahında və xarici ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər adlı sərgi də keçirilmişdir.

2014-cü ildə paytaxt Bakıda, Dənizkənarı parkda Xalça Muzeyinin yeni binasının açılışı olub. Unikallığı, milli memarlıq üslubu ilə də diqqəti cəlb edən muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.

Azərbaycan xalçaçılığı tarixi ənənələrə sadiqliyini bu günqoruyub saxlamaqdadır. Bir neçə bölgənin özünəməxsus xalçaçılıq sənəti yaşadılır ki, onlardan biri qarabağlılara məxsusdur. Ermənilərin dünyaya özlərininki kimi təqdim etdiyi Qarabağ xalçalarının 33 kompozisiyası var. Bu xalçalar Qarabağın Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və digər yerlərində istehsal olunurdu. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri, Daşbulaq, Dovşanlı, Girov, Çanaxçı, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayıb. Aran, Bağçadagüllər, Buynuzı, Bərdə, Qarabağ, Ləmbəran, Muğan, Talış, Lampa, Malıbəyli, Xanqərvənd, Xanlıq, Xantirmə, Çələbi, Qızılgül, Şabalıdbuta və s. çeşnili kompozisiyalar Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılmışdır.

XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Bağçadagüllər, Saxsıdagüllər, Buluds. çeşnilər toxunurdu. Qarabağ adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuma müəssisələrində istehsal olunubbu gün də toxunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalara müxtəlif adlar verilib. Lakin sənətkarlar onları ümumilikdə Qarabağ xalçaları adlandırıblar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar Xanya Xan Qarabağ kimi müxtəlif adlar almışdılar.

Qarabağ Azərbaycanın ən tanınmış xalçatoxuma ərazisidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar dünya bazarına və yarmarkalara ixrac olunanlardan daha gözəl hesab olunurdu. Qarabağ xalçaçılıq məktəbinin ən gözəl nümunələrindən biri də Cəbrayıl qrupuna aid edilən xovlu Qasımuşağıdır. Xalçanın adı Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır.

Gəncə xalçaçılıq məktəbi şəhərin özünü, ətraf kəndləri, eləcə də Gədəbəy, Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edib. X-XI əsrlərdə yüksəkkeyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xalça emalatxanaları fəaliyyət göstərib. Bu emalatxanalarda Qədim Gəncə, Çölkənd, Faxralı, Çaykənd və digər kompozisiyalı xalçalar toxunub. Nizami yurdunda bu gündörd xalçaçılıq emalatxanası fəaliyyət göstərir. Onlar Heydər Əliyev Mərkəzində, Məhsəti Mərkəzində, Toxuculq Kombinatının nəzdində, biri isə əməkdar rəssam Şərif Şərifovun emalatxanasındadır. Toxuculuq kombinatında 20, Heydər Əliyev Mərkəzində 11, Məhsəti Mərkəzində 9, Şərif Şərifovun emalatxanasında 8 toxucu dəzgahı var. Qollu çiçi, Faxralı, Qədim Gəncə, Köhnə Qazax, Butalı Gəncə və sair adda xalçalar bu gün ən çox toxunanlar sırasındadır.

Azərbaycan xalçaları içərisində Şirvan qrupunun da özünəməxsus yeri var. Şirvan əhalisinin ev-məişətinin zəruri hissəsi olan xalçalar əsrlərboyu mənzillərin bədii tərtibatında başlıca yer tutub. Burada digər xalq sənət sahələri kimi, xalçaçılıq da bədii-texnoloji baxımdan müxtəlif inkişaf mərhələləri keçib. Əhalinin əsas təsərrüfat sahələrindən biri olan qoyunçuluq xalçaçılığın inkişafı üçün əlverişli zəmin yaradıb.

Şirvan xalçaları texnologiyasına görə xovsuzxovlu növlərə bölünür. Bölgənin əsas xalçaçılıq mərkəzləri Şamaxı, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar rayonlarının kəndlərini əhatə edir. Qəbələ və Salyan rayonlarının əhalisi tərəfindən toxunan xalçalar da texniki və bədii cəhətdən Şirvan xalçaları ilə bir çox oxşar cəhətlərə malik olduğundan, onlar da bu qrupa aid edilir. Şirvanın ən böyük xalçaçılıq mərkəzi Şamaxı şəhəri, onun ətrafındakı qəsəbə və kəndlər olub. Müasir Qobustan rayonunun kəndləri Azərbaycanın ən qədim xalçaçılıq məntəqələri kimi tanınıb. Elmi ədəbiyyatlarda Mərəzə, Nabur, Çuxanlı, Cəyirli, Cəmcəmli, Qabıstan kimi adlandırılmış xovlu, kilim, palaz, zili tək xovsuz xalçalar məşhurdur. Qaraçöp xalçalarının adı Muğanlı, Ləmbəli, Tüllər kəndinin adı ilə bağlıdır. Azərbaycan xalçaçılıq məktəbinin əsas qollarından biriniQazax xalçaçılıq məktəbi təşkil edir.

Qazax xalçaçlıq məktəbinə Azərbaycanın qədim şəhərlərindən olan Qazaxonun ətraf kəndləri, AğstafaTovuz rayonları da daxildir. Göyçə xalçaçılıq mərkəzini Pəmpək, Ləmbəli, İcevan, Qaraqoyunlu və Göyçə gölü ətrafındakı ərazilər, Borçalı xalçaçılıq mərkəzini isə Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.

Qazax qrupuna Şıxlı, Borçalı, Qaymaqlı, Qaraqoyunlu, Qarayazı, Qaraçöp, Qaçağan, Dağkəsəmən, Dəmirçilər, Kəmərli, Göyçəli, Salahlı və s. çeşnili xalçalar daxildir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə-Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edib və XI əsr italyan rəssamı Karlo Krivelonun Müjdə, alman rəssamı Hans Holbeynin (XV əsr) Elçilər tablolarında bu xalçaların təsviri verilib.

Quba xalçaçılıq məktəbi Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla, 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Bildiyimiz kimi, Quba ərazisi müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Burada Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları bəzən ayrı-ayrı kəndlərdə toxunduqları üçün naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti uyğunlaşdırılmış coğrafibitki motivləri ilə xarakterizə olunur. Onlardan Qırız, Qımıl, Qonaqkənd, Şahnəzərli və digər xalçaları göstərmək olar.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 5 may.- S.11.