Tolerantlıq nümunəsi

 

Ermənilər Qarabağda məscidləri dağıtdılar, amma Azərbaycan kilsəni də bərpa edir

 

 

 

Tolerantlıq da, multikulturalizm də hələ leksikonumuza daxil olmadan, bu sözlərin mənasına varmadan Azərbaycan xalqı tolerantlıq şəraitində yaşayırdı və multikultural idi. Prezident İlham Əliyevin dediyi kimi, bu, bizim həyat tərzimizdir.

Keçmişdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Çünki başqa xalqları, millətləri, dinləri, adət-ənənələri sevmək, onlara hörmətlə yanaşmaq, şad günlərini, bəd günlərini özümüzünkü kimi qeyd etmək, amma heç bir vəchlə onların olana sahiblənməmək bizim mənəviyyatımızdadır.

Bu gün Şuşada erməni işğalından zərərgörmüş kilsə də təmir edilir. Bakının mərkəzində qorunub-saxlanan kilsəyə gəldikdə isə, necə vardısa, eləcə də qorunub saxlanılır. Bununla öyünməyə ehtiyacımız da yoxdur. Çünki biz dədə-babadan belə görmüşük. Tarixidini abidələr, məzarlıqlar mədəni irsdir. Onlara toxunmaq, onları dəyişmək olmaz, yalnız zamanla sıradan çıxarsa, bərpa edib qorumaq lazımdır. Onları dağıtmaq dilimizdə işlək olmayan, vəhşi qonşudan eşitdiyimiz söz birləşməsidir. Dəyərdirsə, demək, bizim dəyərlərimiz əziz olduğu kimi, başqa millətlərin də ərazimizdə olan dəyərlərinə hörmətlə yanaşmalıyıq.

Xalqımızın başqasının nə torpağında, nə dilində, nə tarixində, nə də mədəniyyətində gözü yoxdur. Azərbaycan hər cəhətdən zəngin ölkədir, heç nədən kasadlığı yoxdur ki başqasının dəyərlərinə, tarixinə göz diksin.

Amma 30 ilə yaxın işğal dövründə Ermənistan Qarabağda daş üstə daş qoymayıb. Həm də milli-mədəni dəyərlərimizə qarşı cinayət törədib, mədəni irsimizi yerləyeksan edib. Tarixi-dini abidələri, muzeyləri soyqırımına məruz qoyub. Ədiblərimizin, korifeylərimizin büstlərini güllələyəcək qədər mənəviyyatsızlıq nümunəsi yaradıblar. Dahi Üzeyir bəyin, Natəvanın, Bülbülün heykəlləri güllələnmiş vəziyyətdə Bakıya gətirilməsəydi, bu gün onlar da məhv edilənlərin sırasında idi. Natəvanın məzarı belə qazılıb.

Şuşada  Gövhər ağa, Ağdamda Cümə, Zəngilanda “İmam Hüseyn”, ümumiyyətlə Qarabağın hər yerində məscidləri erməniləşdirmək istəyiblər. Buna nail ola bilmədikləri halda dağıdıblar, təhqir ediblər, divarlarına təhqiramiz ifadələr yazıblar, mal-qara saxlayıblar.

Düşmən Qarabağın tarixini yazan, Şuşanın özülünü qoyan şəxsiyyətlərin bütün izini silib o torpaqlardan. Saxladığı tarixi binaları isə yalnız məkrli məqsədlə ediblər. Ağdamdakı Şahbulaq qalası kimi tarixini, tarixiliyini saxtalaşdırmağa çalışıblar. Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunda, eləcə də Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndində və Naxçıvanın Kərki kəndində 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası və 85 musiqi məktəbi talan edilib.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri, Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavəng monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası, Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.

 

Bunları saymaqla bitməz...

 

Bu gün Azərbaycan Qarabağda dağıdılmış bütün milli-mənəvi dəyərlərini bərpa edir. Azərbaycan həm də digər millətlərin dəyərlərini öz ərazilərində bərpa edəcək qədər ləyaqətlidir. Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunur. Çünki məmləkətimizdə hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmiz  dözümlülük, tolerantlıq məkanı olub. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Təsadüfi deyil ki, bu siyasətə töhfə verən Heydər Əliyev Fondu mənəvi dəyərlərin qorunmasına xidmət edən nəcib missiyasını yalnız Azərbaycan daxilində deyil, ondan kənarda da həyata keçirir. Mədəni irsin qorunması, bərpası üçün çalışır, həm də yalnız Azərbaycanın yox, başqa millətlərin də.  Prezident İlham Əliyev deyib: “Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır”.

İndi Qarabağda tarixi, mədəni irsin bərpası üçün işlərə başlanılıb. Və mədəni irsinə, tarixi, memarlıq, dini abidələrinə bu qədər vandalcasına qəsd edilən Azərbaycan bu gün Qarabağda bütün mənəvi dəyərləri, o cümlədən Şuşada ermənilərin dağıtdıqları kilsəni də bərpa edir...

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 6 may.- S.10.