Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir

 

Biz Ağdamda keçmiş sovet məkanında məşhur olan Çörək muzeyinin qalıqlarını, həmçinin xəstəxanaların, mədəniyyət evlərinin, teatr binasının dağıntılarını gördük. Bu, vəhşilikdir. Bu, nifrət və ağılsızlığın təzahürüdür. Mən bu dərəcədə dəhşətli səhnələr görəcəyimi gözləmirdim. Adama elə gəlir ki, burada nüvə partlayışı olub. Burada gördüklərim hərbi cinayətdir. Bu, çox da uzaq olmayan bir tarixi əhatə edir və minlərlə insanın ölümünə səbəb olub.

Bu sözləri mayın 5-də Ağdamda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.

D.Savelyev deyib ki, insanlar burada nə baş verdiyini görməlidirlər: “Tarixi abidələr dağıdılıb, biz indi bunları görürük. Bütün bunlar çox dəhşətlidir. Mənə həmkarlarım bu barədə danışmışdılar, ilk dəfə fotoşəkillərdə bu dəhşətli mənzərəni görmüşdüm. Ancaq həmin mənzərəni canlı görəndə, hisslərini ifadə edə bilmirsən. Bu, talançılıqdır, kanalizasiya borularını belə çıxarıblar”.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri qeyd edib ki, hər yerdə minalanmış sahə nişanları qoyulub. "Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Aydındır ki, onlar bu hərəkətləri ilə vaxtilə bu ərazini tərk etməyə məcbur olmuş insanların geri qayıtmasına mane olmağa çalışırlar. Bu addım açıq formada Ermənistanın siyasi rəhbərliyinin mövqeyini göstərir. Bu, tamamilə qeyri-konstruktiv addımdır”, - deyə o bildirib.

D.Savelyev deyib ki, artıq sülh yolu ilə irəliləmək lazımdır: “Müharibə qurtarıb, əraziləri bərpa etmək, sülh şəraitində yaşamaq lazımdır. Ermənistanın iqtisadiyyatına baxın, insanlar ölkəni tərk edir. İşğalla əlaqədar Ermənistan blokada vəziyyətindədir. İndi iqtisadi əməkdaşlığı inkişaf etdirmək, bu ərazilərdə həyatı yenidən dirçəltmək lazımdır. Buna görə də Ermənistandan konstruktiv, sağlam addımlar gözləyirik. Bu ərazilərin hamısı minalardan təmizlənməlidir”.

O, Ağdamın yenidən abad şəhərə çevriləcəyinə əminliyini ifadə edib: "İnanırıq ki, qarşıdakı illərdə burada yeni müasir şəhər salınacaq, didərgin düşmüş əhali öz yerlərinə dönəcək. Burada yenə də həyat qaynayacaq, küçələrdə uşaqların gülüş səsləri eşidiləcək".

 

 

Azərbaycan.-2021.- 6 may.- S.8.