Tanrının min ildə bir dəfə yaratdığı tarixi şəxsiyyət

 

 

Tarixi qələbəmizdən, torpaqlarımızın azadlığından sonra artıq həyatımızdakı bir çox anlar bizim üçün iki qismə ayrılır: Qələbədən əvvəl və Qələbədən sonra. Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qələbəmizdən sonrakı ilk doğum günü olacaq. Bu böyük şəxsiyyətin, dövlət adamının dünyaya gəlişi ilə milli dövlətçilik tariximizdə özünə əlamətdar yer tutan 10 may günü yaddaşımıza bahar çiçəklərinin ətri ilə hopub.

Bu il isə Heydər Əliyevin doğum günündə açan çiçəklərin ətrinə azad yurdlarımızdakı gül-çiçəyin, Şuşamızın nadir incisi Xarıbülbülün də ətri qarışacaq. Bu cənnət rayihəsi Ulu Öndərimizin səmadan Azərbaycanın bu xoşbəxt günlərinə baxan məmnun ruhunu şad edəcək.

Böyük Tanrının yaratdığı vəhdət üzərində qərar tutan dünyamızda vaxt, zaman insana qarşı dayanır. Bütün ömrümüz bu mücərrəd rəqiblə mübarizədə keçir, ya biz vaxtı yenirik, ya da o bizi. Anın gözlənilməz zərbələrindən çox arzularımız əlçatmazlığa çəkilir, çox istəklərimizə doğru sona qədər irəliləyə bilmirik. Vaxt qarşısında acizlik həqiqəti bizimlə əbədi yol yoldaşı olur.

Amma doğrudanmı vaxt üzərində zəfərimiz mümkün deyil?! Bəs zəka və cəsarətlərinin qüdrəti ilə zamanı öz istəklərinə uyğun ram edərək vaxtı tarixə çevirmiş şəxsiyyətlər?!

 

Və elə bu anda istisnalar başlayır...

 

...Əbədiyyətə qovuşmuş böyük dühalar barədə söhbət açarkən adətən onların bu fani dünyamızda yalnız cismən bizdən ayrı olduqlarını yazırlar. Əslində isə onlar elə cismən də bizimlə birgədirlər. O insanlar fərd olaraq hər birimizin davranış mədəniyyətimizdə, qabiliyyətlərimizdə, adət-ənənələrimizdə yaşayırlar. Çünki biz bu dəyərləri, qabiliyyətləri bacardığımız qədər onlardan, məhz onlardan əxz etmişik. Göz önündəki ən xoş reallıqlarda onların ürəyi döyünür. Çünki bu reallıqlar həmin şəxsiyyətlərin zəkasından, qurucu əməllərindən doğulub. Maddi aləmdə ən gözəl olan nə varsa, o, həmin dühaların cisminin bir parçasıdır. Bizi əhatə etmiş zamanda yaşayan Heydər Əliyev kimi tarixi şəxsiyyəti zamanın müəllifi adlandırsaq, bu, fəlsəfi qanunauyğunluqlara zidd olmayacaq...

44 günlük Vətən müharibəsindəki Zəfərdən, düşmənin törətdiyi beynəlxalq cinayətin cavabını layiqincə aldığı qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əziz Şuşaya səfəri ilə bağlı videogörüntülərini izləyəndə inanıram ki, Heydər Əliyevi Prezidentimizlə yanaşı, xəyali olaraq bütün Azərbaycan gördü.

Hər birimizə elə gəldi ki, bu qələbənin təməlində zəkası, dühası, hünəri ilə xarüqələr yaradan Heydər Əliyev 44 gün sərasər müzəffər Ordumuzu, onun bütün həmlələrini, Ali Baş Komandanımızın dünyanı mat qoyan hərbi qüdrətini izləmək üçün zamanın özünə qalib gələrək, mümkün olmayan sərhədləri keçib müasir dünyamıza qovuşmuş, sonra isə azad Şuşamızda arzusuna yetən müqəddəs ruhu ilə möhtəşəm əbədi heykələ çevrilmişdi.

Tarixi hadisələrin ciddi təhlili zamanı görürük ki, ən mümkünsüz ideyalar məhz şəxsiyyətlərdə təcəssüm olur. Bəzi hallarda isə şəxsiyyətlər ideyaların rəmzinə - nişanına çevrilir. Heydər Əliyev adında təcəssüm olunan ideyalar isə müstəqil demokratik Azərbaycan dövləti və inkişafa doğru hər gün bir qədəm də irəliləyən sivil bir xalqdır. O, bütün ömrünü bu ideyaların gerçəkləşməsinə həsr etmişdi...

Filosof Heraklit deyirdi ki, eyni çaya iki dəfə düşmək mümkün deyil. Bu, əslində tarix və şəxsiyyət münasibətlərində də belədir. Heydər Əliyevi tarix yetişdirmişdir. Bu böyük insanı yetişdirən tarix bir daha təkrarlanmayacaq. Zamanın şərtləri isə çox dəyişkəndir. Kim isə Heydər Əliyev şəxsiyyətinə bənzəmək iddiasına düşə bilər. Amma vaxt yolun başındaca bu iddialar üzərindən bir xətt çəkir. Heydər Əliyev ilə eyni dövrdə yaşayanlara, onu öz gözləri ilə görənlərə, ondan nələrisə öyrənənlərə Tanrı tərəfindən bu imkanla birgə fəxarət payı da verilib. Yaşımızın ixtiyar çağlarında övladlarımız məhz Heydər Əliyevlə eyni illəri yaşadığımız, eyni anları bölüşdüyümüz üçün bizə qibtə edəcəklər.

Dünya şöhrətli rəssam Salvador Dalinin vaxtilə böyük rus çarı I Pyotr haqqında səsləndirdiyi fikirlər bu gün Heydər Əliyevin şəxsiyyəti barədə düşüncələrdə tam yerinə düşür. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bəşər sivilizasiyasının indiyə qədər tanıdığı ən böyük rəssamlardan biri və bəlkə də birincisi idi. Heydər Əliyev öz arzularında, təxəyyülündə qurub yaratdığı Azərbaycanı olduğu kimi, Vətənimiz boyda füsunkar bir tablo tək, əlvan boyalarla bu müqəddəs torpaq üzərinə köçürməyi bacarmışdır: Əl-ayağa dolaşanların cılız maneələrinə, bütün şər-şəbədələrə, çəkişmələrə baxmayaraq...

Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yol - bizə bax bunlar qalır. Bu reallıqların hər birində Ulu Öndər Heydər Əliyevin imzası var. Və bu reallıqlar Heydər Əliyevin ruhunu xalqın ruhuna qovuşdurub - o, xalq üçün yaratdığı dəyərlərdə, ondan həyat dərsi, millətə, dövlətə sevgi nümunəsi, siyasi mədəniyyət, ədəb qaydaları əxz etmiş milyonların xatirəsində yaşayır və yaşayacaqdır... Bizlər hər addımda bu fenomen şəxsiyyətin nəcib əməllərinin gerçək nəticələri ilə qarşılaşır və Heydər Əliyevin öz xalqına, dövlətinə böyük sevgisinin şahidi oluruq.

Hələ sağlığında Heydər Əliyevin siyasi təcrübəsini mənimsəməyə və ondan istifadə etməyə maraq böyük idi. Bu da təsadüfi deyildi. Siyasətçilər bilirlər ki, dahilərin rəhbərliyi ilə millətlər tarixin təkərini döndərirlər. Bütün dünya gördü ki, ən problemli Azərbaycan ən qısa vaxtda etibarlı siyasi sabitliyə və görünməmiş iqtisadi tərəqqiyə nail oldu. Bunun səbəbi Heydər Əliyevin uzaqgörən, zamanın özünü ram edən şəxsiyyətində idi. Onun bütün ömrü millətin gələcəyini qurmağa yönəlmişdi.

Heydər Əliyev bir zirvədir - ona doğru yalnız can atmaq olar. Əgər cəhdlərində davamlı olsan, bu zirvəyə doğru gedən yolda ən böyük nailiyyətlərin sahibinə çevrilə bilərsən. Heydər Əliyevi öyrəndikcə onun şəxsiyyətinin qərar tutduğu mənəvi zirvə göz önündə daha da ucalır. Heydər Əliyev adının əhatə etdiyi mənəvi areal hüdudsuzdur. Bu adın ifadə etdiyi şəxsiyyət amilinin nəhəngliyini, miqyasını müəyyənləşdirmək üçün zaman lazımdır. İllər ötdükcə bu miqyas böyüyür və hüdudları genişləndirir.

Ölkəyə rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin inkişafı üçün Heydər Əliyev misilsiz fəaliyyəti ilə son dərəcə əhəmiyyətli nəticələri ortaya qoydu. Bu işləri onaqədərki heç bir rəhbərlə müqayisə edilməsi mümkün olmayan bir enerji, yüksək peşəkarlıq və uzaqgörənliklə həyata keçirdi.

Heydər Əliyev adı məğlubiyyət sözünü tarixin heç bir əyyamında yaxına buraxmayıb. Ona qarşı antitəbliğat kampaniyaları təşkil ediblər, fürsət düşdükcə, dəstə-dəstə, qrup-qrup üzərinə hücum çəkiblər, məqamdan yararlanıb hüquqlarını pozmağa, ona ləkə vurmağa çalışıblar. Amma Heydər Əliyevi məğlub edə bilməyiblər, bunu tarixin heç bir dönəmində, heç kim bacarmayıb. Böyük Tanrı kiməsə Heydər Əliyevi məğlub qiyafədə görmək fürsəti verməyib. Heydər Əliyev məğlubedilməz şəxsiyyət idi! O, dünyaya sanki qələbələr üçün gəlmişdi.

...Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən bura Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti çoxdan Azərbaycanla bütövləşmiş, Heydər Əliyevin ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir. Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır - deyirdi Ümummilli Liderimiz! Və bu deyim yalnız onun dilində reallıqla tam üst-üstə düşürdü. Yalnız onun belə deməyə haqqı çatırdı. Çünki Azərbaycan həqiqətən də Heydər Əliyevin ürəyi, nəfəsi, həyatı idi...

Onun Azərbaycanın milli-mənəvi dəyərlərinə bu qədər vurğunluğunu, mübhəmliklərini də görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Qloballaşan dünyada gündən-günə güclənən sivilizasiyalararası müharibələr milli-mənəvi dəyərlər məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirməkdədir. Problemi aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın diktələri bir çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir və belə bir təhlükə Azərbaycanın da başı üzərində dolaşa bilərdi. Lakin Heydər Əliyevin öz Vətəninə, xalqına bağlılığı bu təhlükə önündə də əzəmətli sipərə çevrilmiş oldu. Ümummilli Liderin milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərindəndir.

Çağdaş nəzəriyyələr bu cür meyilləri adətən mühafizəkarlıq nümunəsi kimi nəzərdən keçirir. Amma Heydər Əliyevin böyüklüyü ondadır ki, milli ənənələrimizə bu qədər sadiqlik onun timsalında konservatizm meyili kimi görünmür. Çünki milli dəyərlərə sadiqlik Heydər Əliyevin demokratizminin inkarına yönəlməyib. O, öz düşüncələrində çox böyük ustalıqla milli və liberal dəyərlərin dialoqunu qura bilib.

Öz müsahibələrinin birində Heydər Əliyevin hələ keçmiş SSRİ rəhbərliyində təmsil olunarkən onun taleyindəki müsbət rolundan söhbət açan məşhur rus dissident yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının məlum etirafını xatırlayıram. Bu, ümumilikdə Heydər Əliyev demokratizminin etirafıdır. Bəli, Heydər Əliyev zəmanəsinin ən böyük demokratı idi. O, demokratiya anlayışının özünə də bir millilik gətirmişdi. Heydər Əliyevin demokratiya barədə aşağıda təqdim olunan fikirləri dünyanın ən dahi filosoflarının demokratiyaya dair baxışlar sisteminə aid edilə bilər: Demokratiyanın hüdudları genişdir. O, hər bir xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir.

Bu, son qərinələrin isti, soyuq müharibələrində əsl məzmununu itirərək dünya nəhənglərinin əlində gizli müstəmləkəçilik siyasəti alətinə çevrilmiş demokratiyanın öz məzmununa qaytarılması üçün bütün dünyaya ünvanlanmış bir çağırışdır. Bu, gizli işğal siyasətini indi demokratiya niqabı arxasında həyata keçirməyə başlayanlara ünvanlanmış bir tənədir...

Kənar mədəniyyətlərlə təmas anlarında yabançı həyat tərzlərindən məhz nələri əxz etməli, nələri götürüb, nələri kənara qoymalı? Dünyanın ən böyük ideoloqları əsrlərlə bu suala cavab axtarmışlar, amma birmənalı cavab yenə də ortada deyil. Heydər Əliyev isə qüdrətli bir strateq kimi bu sualı real addımlarla cavablandırmış oldu. Azərbaycanın qapıları ən ali bəşəri dəyərlərin üzünə məhz onun əlləri ilə açıldı. Lakin bu qapıdan həyatımıza daxil olan yeniliklər min illərcə tariximizlə yol gələn, bizi etnoslar içərisində tanıdan dəyərlərlə mübarizəyə girişə bilmədi və yad mədəniyyət elementləri neçə illər sonra da milli ənənələr üzərində hakim mövqeyə sahib ola bilməyəcək. Çünki seçim əvvəldən dürüst aparılıb...

Heydər Əliyevin bu sahədə müəyyən etdiyi prinsiplərə hansı səmtdən yanaşırsan yanaş, fərq etməz, bu prinsiplərdə bütün cəhətlər üzrə dəqiq uzlaşmalar görəcəksən. Heydər Əliyevin irəli sürdüyü prinsiplər mahiyyət etibarilə Azərbaycan millətinin mənafelərini əsas götürür. Fəqət, eyni zamanda bu prinsiplər hansısa millətin mənafelərinə qarşı da yönəlməyib.

Ulu Öndərin irəli sürdüyü prinsiplər dünya xalqları sırasında azərbaycanlıların layiqli yerini müəyyənləşdirir. Lakin məlum prinsiplər bu sırada qeyri millətlərin yerini də inkar etmir. Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərin, dini inancların, siyası əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil dialoquna heyranlıqlarını gizlədə bilmirlər. Bu dialoq, ilk növbədə, böyük öndərimizin düşüncələrində qurulmuşdur. Keçmişin qiymətli əmanətlərini çağdaş təsəvvürlərin işığında təqdim etməyə, yaxud çağdaş təsəvvür və dünyagörüşlərini tarixin ərmağanları fonunda nəzərdən keçirməyə istiqamətlənmiş Heydər Əliyev ideyaları bu gün onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Heydər Əliyev bütün şərəfli və zəngin ömrü boyu Azərbaycanın milli-mənəvi dəyərlərinin böyük himayədarı oldu. Nə xoş ki Ümummilli Liderimizin bu sahədə qoyduğu ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur. Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizə rəhbərliyinin ilk günündən bəyan etdi ki, Heydər Əliyev yoluna sadiq qalacaq, bu yolu layiqincə davam etdirəcək. Azərbaycan Prezidentinin fəaliyyəti bu bəyanata sadiqliyin bariz ifadəsidir və bu, milli-mənəvi dəyərlərə münasibətdə daha aydın cizgilərlə görünür. Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatına, elminə, təhsilinə göstərdiyi diqqət və qayğı ilə əyani şəkildə sübuta yetirdi ki, o, bu sahədə də Heydər Əliyev məktəbinin prinsiplərinə sadiqdir.

Özümüzdən də xəbərsiz yaradılışımızdan bizimlə birgə ali bir duyğu doğulub, köksümüzün altında göyərib boy göstərir. Həyatın əlavələrinə həmahəng olan, gün keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda da ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Və nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir məhəbbət rəvayəti də yaratdı.

Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə bütün azərbaycanlılar qarşısında, ən böyük Azərbaycanlı Heydər Əliyevin ruhu qarşısında and içib. Azərbaycan Prezidenti öz andına sadiqdir. Necə ki bütün ömrünü öz xalqına qurban edən Ümummilli Liderimiz bu andına sona qədər sadiq qaldı. Bu andın fövqündə 30 ildən bəri yaraları qövr edən bir xalqın ülvi arzusu - Qarabağı işğaldan azad etmək, doğma torpaqlarına dönmək, o torpaqlarda uyuyan doğmaların ruhunu şad etmək kimi qarşısıalınmaz bir istəyə qovuşmaqda möhtəşəm bir dönməzlik var idi. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin şərəfli nəticəsinə, böyük zəfərə, qələbəyə çevrildi. Bu nəticə igid oğullarımızın şücaəti, rəşadəti, canlarından keçdikləri Vətən torpağına, qanları ilə suladıqları Qarabağa sönməz məhəbbətin təzahürü idi. Bu məhəbbət igid övladlarımızın beşikləri başında fədakar Azərbaycan analarının illərlə dediyi laylalardan, Azərbaycan məktəbinin vətənpərvərlik tərbiyəsindən qidalanmışdı. Ulu Öndər Azərbaycanın milli-mənəvi dəyərləri ona görə qüdrətlidir ki, o, torpaq uğrunda canlarından keçən gənclər ordusu yetişdirmişdir deyirdi.

Öz torpaqlarına qovuşandan sonra dünya düzənində böyük hörmətə yetişən Azərbaycan möhtəşəm qələbə ilə beynəlxalq birliyə daha sürətlə inteqrasiya istiqamətində böyük imkanlar qazanır. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqların təşkilaçısıdır. Azərbaycan malik olduğumuz zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir. Heydər Əliyevin milli-mənəvi dəyərlər sistemində diqqəti cəlb edən ən böyük töhfəsi nadir tərbiyəsi və təcrübəsi ilə ərsəyə gələn, fəaliyyətləri ilə millətin ürəyindən tikan çıxardan, ləyaqətləri, nurlu əməlləri, siyasətləri ilə dünyanın diqqətini çəkən, hərtərəfli yetkinlik və mütərəqqi meyilləri ilə düşmənin gözünə ox olub batan, dühası, bacarığı ilə çox mətləblərə uğur qazandıran, dövlətə hərtərəfli xidmət missiyası göstərən İnsanların, - İlham Əliyevin, Mehriban xanım Əliyevanın, onların nəcib, vətənpərvər, istedadlı övladlarının varlığı və nurlu əməlləri xalqımıza Heydər Əliyevdən miras qalmış mənəvi xəzinədir. Bu insanların əməllərinin adı bəşəriyyətə, insanlığa xidmətdir.

Sinəsində fərəhlə ən dəyərli və ali Vətən mükafatı Heydər Əliyev ordeni gəzdirən xanım Mehriban Əliyeva böyük xalq məhəbbətinin, beynəlxalq rəğbətin layiqli daşıyıcısıdır.

...Ola bilər ki, zaman hansısa şəxsə nə vaxtsa ona edilmiş yaxşılığı unutdursun. Ola bilər ki, şəxs ona edilmiş yaxşılığı layiqincə qiymətləndirmək imkanlarından uzaq olsun. Lakin xalqın və tarixin yaddaşı çox möhkəmdir. Hər hansı sapıntı onu öz qənaətindən döndərə bilməz.

Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin miqyası o qədər böyükdür ki, bunu sözlə yalnız belə ifadə etmək olar: bütöv xalqa və tarixə yaxşılıq. İnsan üçün bu yaxşılığın müqabilində yaddaşlarda daimi minnətdarlıq duyğuları ilə yaşamaqdan gözəl nə ola bilər?!

 

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Veteranlar Şurasının üzvü

Azərbaycan.-2021.- 7 may.- S.6.