Yol çətin, aləm qaranlıq - atını bir yanə çək,

 

 

Yol çətin, aləm qaranlıq - atını bir yanə çək,

Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək,

 

Qov könül bağça-bağından bu qara qarğaları,

İmtahan eylə, hüma quşlarını meydanə çək.

 

Könlümə oldunsa məhrəm, ey gülüm, pərdəni,

Hikmətin şərbətini al, başına mərdanə çək.

 

Əhli-ruh məclislərində heç zaman olma ağır,

Saqi tək, al şərab, hər işini səhmanə çək.

 

Məşğul olma zərrəcə cənnət-cəhənnəmlə, saqın,

Əz cəhənnəm başını, bir qələm rizvanə çək.

 

Gərçi ruh aləminin hikmətinə çatdı əlin,

Ərşi titrət, gərdişin iplərini məstanə çək.

 

Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,

Baxmadan gör, surəti-peymanəsin gəl canə çək.

 

Ey Nizami, bu qədər əsrar ki, sən açmısan,

Anlayan yox rəmzini, bəsdir, onu pünhanə çək.

 

 

Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?

 

Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?

Var ol, əhsən deyir aləm, yaxşı yar saxlarsan.

 

Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!

Sual etmə Nədir dərdin? əcəb bimar saxlarsan?

 

rəngdə sən olursan ol, səninlə mən varam daim,

Əgər təsbihə mayilsən ya zünnar saxlarsan

 

Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin.

Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.

 

Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,

Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.

 

Səni daim Nizami öz əziz cananı bilmişdir,

Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan!?

 

 

Eşq der: At Kəbəni, gəl talibi-bütxanə ol!

 

Eşq der: At Kəbəni, gəl talibi-bütxanə ol!

Əmr edir canan ki: - Aşiqsən əgər, divanə ol!

 

Eşq zəncir istəməz, azad yaşar hər qeyddən,

Sən ki, eşqə aşinasan, hər şeyə biganə ol!

 

 

Danə ol qəm quşlarına yar kuyində, könül,

Vəsli-yarə yetməyə, şəmə dolan, pərvanə ol!

 

Sərvi-azadi gəzib, vurma bəzək nərgizlərə,

Hökmrana bəndə ol, gəncinəyə viranə ol!

 

Söylədin, sirr kasəsindən içmişəm, nuş et, nolur.

Getmə gəl yar kuyinə, getsən əgər mərdanə ol!

 

Zərrə idin bir zaman, dön indi bir xurşidə,

Tor idin sən quşlara, gəl, ey gözəl, bir danə ol!

 

İstəsən canan yanında bir gün olsun söhbətin,

Sən dillərdə Nizami tək çalış, əfsanə ol!

 

 

Öz yaman halımı açdım sənə, diqqət verəsən,

 

 

Öz yaman halımı açdım sənə, diqqət verəsən,

O qara gözlərinə azca nəsihət verəsən.

 

Bəlkə məndən betər sən vurularsan özünə,

Baxmağın şölə sala, aynaya zinət verəsən.

 

Tutar ahım deyibən qorxudan ah çəkməmişəm,

Bəs rəvamı mənə sən bunca məşəqqət verəsən?!

 

 

Ey dağım, ey dayağım, qıyma yada arxalanım,

Umuram könlümə qüdrət mətanət verəsən.

 

 

Sən zənəxdan quyusundan çıxar öz Yusifini,

Bir vəfa dolçası göndər ki, şəfaqət verəsən.

 

 

Al qanım nafə kimi tez quruyan müşkə dönər,

Hopdurub saçlarına qanıma cürət verəsən.

 

Necə üzr istəyim, ey kül ki, dilim lal olmuş,

Qorxuram əfv edəsən, bir xəcalət verəsən.

 

Qul Nizaminindi coşan, yoxsa dərin dəryadır,

Sarbanam, bəlkə vəfadan mənə xələt verəsən.

 

Azərbaycan.-2021.- 7 may.- S.10.