Görkəmli ədəbi simalar Nizami irsi haqqında

 

 

 

* Səməd Vurğun: Əgər Nizamiyə qədər müsəlman Şərqində İran ədəbiyyatı qabaqcıl idisə, Nizamininonun arxasınca Azərbaycan ədiblərinin bütöv bir nəslinin yaranmasından sonra İran klassik ədəbiyyatıöz birinciliyini bizim Azərbaycan ədəbiyyatına təhvil verdi. Zaqafqaziya, Dağıstan, Orta Asiya, İran, Türkiyə xalqları və başqa xalqların arasında milli dilimizin populyar olması da göstərilən xalqlar arasında Azərbaycan ədəbiyyatının geniş yayılmasına xidmət edirdi.

 

* Professor Azadə Rüstəm Sənainin Hədiqətül-Həqaiq əsəri ilə N.Gəncəvinin Sirlər xəzinəsi əsərinin oxşar və fərqliliyindən bəhs edəndə yazır: Hədiqədə xalq kütləsinin ünvanına nahamvar, kobud ifadələr də ara-sıra eşidilməkdədir. Sənai kütlənin halına yanaraq, həm də onu cahil, avam, ali mənəvi hisslərdən məhrum bir toplum kimi qəbul edir. Bu təzad Nizamidə yoxdur. Nizami olur ki, kütlənin içərisindən çıxan ayrı-ayrı naqabil fərdlərin eybəcər və çirkin hərəkətlərini ifşa etsin, ancaq toplunun bütövlükdə ləyaqəti Nizami üçün ucadan da ucadır. Sirlər xəzinəsi də daxil olmaqla Nizaminin bütün əsərlərində şairin abidəsini əbədiləşdirdiyi xalq nümayəndələri obrazları küll halında əməli, hissi, zehni fəaliyyətləri ilə müstəqil dünyagörüşünə və həyati baxışa malik şəxsiyyət zirvəsinə çatmış, birər xarakterlər, muxtarinsanlardır. Bu, müsəlman Şərqi ədəbiyyatında humanizmin, şairin öz təbiri ilə deyilsə, mərdomilik - insaniliyin ən böyük təntənəsi idi.

* Akademik A.Makovelski: Nizami deyir ki, idrak və onun vasitəsi ilə əldə edilən bilik insanı hər şey üzərində hökmran edir. İdrak nuru dünyanı dərk etməkdə, yaşayış təcrübəsində, ictimai fəaliyyətdə və əxlaq aləmində insanın rəhbəri, müəllimi olmalıdır.

 

* Akademik Həmid Araslı: Nizami Azərbaycanın tarixini yaxşı bilirdi. O, xalqının mərd, mübariz keçmişini, namuslu həyatını, şərəfli əməyini, nəcib sifətlərini, gözəl ənənələrini hərarətlə tərənnüm edirdi. Nizami xalqın bütün yüksək mənəvi zənginlikləri ilə tərbiyələnmiş və bu mənəvi zənginliklərə bağlı bir insan idi. O, bu zənginlikləri dastanlarda, nağıllarda dinləmiş, mahnılarda, laylalarda eşitmiş, tarixi kitablarda oxumuş, qocaların söhbətində, xalq sənətkarlarının məclislərində öyrənmişdi.

 

* Professor Əkbər Ağayev: Alman ədəbiyyatının HöteŞiller kimi iki nəhəng yazıçısının Nizami yaradıcılığı ilə olan əlaqəsi böyük Azərbaycan şairinin dünya ədəbiyyatındakı təsirinin nə qədər geniş olduğunu bütün aydınlığı ilə sübut edir.

Nizaminin süjetlərinin dünya ədəbiyyatında və xüsusilə Qərbi Avropa ədəbiyyatında yayılması və həmin süjetlərdən istifadə edilməsi məsələsi haqqında danışarkən qeyd etmək lazımdır ki, böyük şairin əsərlərinin ayrı-ayrı süjetləri, bəzən Avropa yazıçıları tərəfindən bilavasitə istifadə olunmuş, bəzən də həmin süjetlər dolayı yollarla Avropa ədəbiyyatına gedib çıxmışdır.

 

* Səməd Vurğun: Azərbaycan xalqı bəşəriyyətə ədəbiyyatda Şərq renessansının böyük yaradıcısı, Şərqdə romantik poeziyanın banisi, böyük filosof və alim, bədii təfəkkürün dühası Nizami Gəncəvini vermişdir. Təkcə bu, ona dünya mədəniyyəti tarixində fəxri yer tutmağa haqq verir.

 

Azərbaycan.-2021.- 7 may.- S.10.