4 rayon, 4 körpü, 10 yeraltı keçid, 8 yolötürücüsü

 

İlham Əliyevin 6 ay öncə təməlini qoyduğu Şuşaya aparan 101 kilometrlik  yol sentyabr ayında  istifadəyə veriləcək

 

 

 

Bu yol “Zəfər” yoludur, şanlı Qələbəyə aparan yoldur...

Qədim qalamız - Şuşaya gedir bu yol. Vətən müharibəsində Azərbaycan əsgərinin canı bahasına, qanı ilə yoğuraraq açdığı cığırdan yaranıb bu yol...

Böyük Qələbdən 6 gün sonra - noyabrın 16-da qalib Sərkərdə kimi Füzuli və Cəbrayıl səfərində İlham Əliyevin “Zəfər” yolu adlandıraraq təməlini qoyduğu bu yolla cəmi beş ay sonra qürurla irəliləyərək İsa bulağından su içib mədəniyyətimizin paytaxtına, Cıdır düzünə qalxacağıq.

 

 

 

Qələbə yolunun inşası sürətlə davam etdirilir

 

 

İndi bu yolda böyük tikinti bumu yaşanır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunan media-tur zamanı həm “Zəfər” yolu, həm də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası işləri ilə tanış olduq.

Yolboyu Füzulinin erməni barbarları tərəfindən darmadağın edilmiş, daşı-daş üzərində qalmayan kəndlərinin xarabalıqlarını seyr etmək bir qədər bizi kövrəltsə də, irəlidə illərlə düşmən tapdağında inləyən torpaqlarımızda gedən tikinti-quruculuq işlərini seyr etmək əhvalımızı dəyişdi. Daxilən bir əminlik yaratdı ki, tezliklə bu xarabalıqlardan əsər-əlamət qalmayacaq, bu məkanlarda əvvəlkindən daha əzəmətli tikililər inşa olunacaqdır.

Əlbəttə ki, ilk növbədə bu ərazilərdə yolların yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilməlidir.

Hazırda Prezidentin tapşırıq və sərəncamına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər” yolunun inşası davam etdirilir.

Təməli qoyulduqdan sonra cəmi 2 ay ərzində yol genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yolboyunca gediş-gəliş təmin olunub.

“Zəfər” yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir.  Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaq üzrə ikinci texniki dərəcəyə uyğun inşa edilir.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin 16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC və 7 nömrəli Magistral Yolların İstismarı MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin KOLİN İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.

Hazırda yolboyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

 

 

 

“Zəfər” yolu Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişəcək

 

 

Yolboyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidləri əlavə olaraq müxtəlif ölçülü 10 yeraltı keçid, zəruri olan yerlərdə 4 avtomobil körpüsünün inşası da aparılır. Körpülər uzunluqları 111,4, 45, 90 və 93,4 metr olmaqla yolun 26,9, 37,2, 37,6 və 57,3-cü kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər” yolu inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrdə yolötürücülərinin tikintisi nəzərdə tutulub.

Tikintiyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

“Zəfər” yolu işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçəcəkdir. FüzuliŞuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcəkdir.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

 

 

 

Magistral yol hava limanı ilə əlaqələndiriləcək

 

 

Zəfəryolu ilə paralel olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun da tikintisi davam etdirilir. Bu yol da Füzulidən Şuşaya qədər uzanır. Yanvarın 14-də İlham Əliyev Füzuli rayonuna növbəti səfəri zamanı yolun təməlini qoyub.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü tunellər hesabına yolun uzunluğu 86 km təşkil edəcək. Təkcə tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq. Bundan başqa, yeni tras üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəsindən yan keçməklə inşa edilir. Yolun ilk 48 kilometri 6, 6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 21,5 metr təşkil edəcək.

Azərbaycan Avtomobil YollarıDövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli dedir ki, yeni tras üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 kilometrlik ikinci texniki dərəcəli yolun inşa edilməsi daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.

Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu tikintisi davam edən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək üçün 27-ci kilometrdə yol qovşağının aerovağzala giriş yolunun inşası da aparılır.

Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Hazırda yolun 14 kilometrlik hissəsində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazilərindən keçən, başlanğıcını Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolundan götürməklə yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.

 

 

 

Bütün yollar Qarabağa aparır

 

 

 

Yolun tikinti işləri ilə tanış olduqdan sonra burada çalışan işçi heyətin gündəlik  fəaliyyəti ilə maraqlandıq. Öncə onu deyək ki, yolların asfaltlanması üçün müvəqqəti asfalt-beton zavodu da inşa edilib.

Məlumat verildi ki, ərazidə Türkiyədən və ölkəmizin müxtəlif rayonlarından gələn mühəndislər çalışırlar. Digər işçi qüvvəsi isə yaxın kəndlərdə yaşayan vətəndaşlardır.

Uzaqdan gələnlər üçün yataqxana da inşa olunub. Otaqlarda bütün lazımi şərait yaradılıb. Mühəndislər və digər işçilər üçün yeməkxana tikilib. Burada müxtəlif çeşidli ev yeməkləri bişirilir. Fəhlələrin istirahət otaqları, hamam kompleksimövcuddur. Yaxın ərazilərdə yaşayan işçilərin işə gəlib-getməsi üçün xüsusi avtobus ayrılıb.

Şahidi olduğumuz mənzərə bir daha bizdə əminlik yaratdı ki, tezliklə Qarabağın yolları müasir standartlara uyğun inşa edilərək istifadəyə veriləcək.

İndi hər kəs səbirsizliklə bu yolların tikilib-başa çatdırılmasını gözləyir. Çünki inşa edilən bütün yollar Qarabağa aparır. Beş ay sonra Füzulidən başlanan yol 2 hərəkətli zolaqlı xətlə Şuşaya qədər asfaltlanmış olacaq. İlham Əliyev də qalib sərkərdə kimi düşmənə gözdağı verən mesajlar səsləndirə-səsləndirə “Zəfər” yolu ilə Şuşaya səfər edib hər kəsi bir daha qürurlandıracaq.  

 

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 8 may.- S.1;9.