Adını tarixə şərəflə yazanlar

 

Zəngilanlılar torpaq uğrunda canından keçən oğulları ilə fəxr edirlər

 

 

Ana Vətənin hər guşəsi orada dünyaya göz açanlar üçün əzizdir, cənnətdir. Mənim və eləcə də Zəngilanda dünyaya gələn hər kəs üçün körpəlik beşiyi sayılır o yerlər. Gözlərimiz önündən bir an belə çəkilmir: Süsən dağı silsiləsi cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardı. Bir sözlə, nələr yox idi ki...

Rayonun şimal-şərqində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə Geyən çölünü əmələ gətirir. Dağlıq hissələrdə sıx meşələr yayılmışdı. Zəngilan rayonunda dünyada məşhur olan 117 hektarlıq nadir çinar meşəsi vardı ki, dünyada  ikinci, Avropada isə birinci yerdə idi. Düşmənin, mənfur ermənilərin biləkləri doğranaydı o meşəyə qənim kəsiləndə. Nə yaxşı ki bu günlərdə gənclərimiz orada ağacəkmə kampaniyası keçirdilər. İnşallah, biz zəngilanlılar doğma yurda döndükdən sonra orada yenə də cənnət yaradacağıq.

Rayonun ərazisi müalicə əhəmiyyətli dərman bitkiləri və bulaqlarla da zəngindir. Təbii şəraiti, mürəkkəb relyefi onun özünəməxsus iqlimini yaradırdı. Arazboyu ərazilərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə mülayim isti iqlimi var Zəngilanın...

Şairlərin, yazıçıların vəsf etdiyi doğma diyarımız Zəngilan Ermənistan tərəfindən 1993-cü ildə işğala məruz qaldıqdan sonra erməni vandalizminin qurbanına çevrildi. Ana təbiətə qənim kəsilən terrorçu daşnaklar bəd niyyətlərinin cavabını 28 ildən sonra aldılar. Bu gün Zəngilanımız da azaddır. Bu azadlığı Zəngilana yaşadan Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevdir!  İşğaldan azad edilən ərazilərimizi ziyarət edərkən Prezidentin xalqımıza yaşatdığı qürur hissini sözlə ifadə etmək çətindir.

Zəngilan da Birinciİkinci Qarabağ savaşlarında özünün vətənpərvər oğullarını qurban verib.  Rayonumuz 1993-cü il oktyabrın sonlarında işğala məruz qalsa da, qara günü 1992-ci ilin dekabrın 10-dan başlamışdı. Əslində, elə işğalı da  həmin tarixə düşmüşdü. Rayonun 9 strateji əhəmiyyətli kəndi həmin vaxtda  işğala məruz qaldı. Hücumun qarşısını alarkən Milli Ordunun 10 əsgəri və 12 mülki şəxsi həlak oldu. Onlardan öncə isə Zəngilan Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Əsədov kimi generalını 20 noyabr 1991-ci ildə erməni terrorçularının Xocavənd rayonunun Qarakənd səmalarında vurduğu hərbi vertolyotda itirmişdi.

Zəngilan torpaq, Vətən uğrunda  başlayan mücadilədə az itki verməyib. Onlardan Məhəmməd Əsədov, Əsəd Əsədov, Elnur Nuriyev, Adil Rüstəmov, Baloğlan Süleymanov, Bəhram Rüstəmov kimi igidlərimiz “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adlarına layiq görülüblər.

Birinci Qarabağ savaşında 251 zəngilanlı Vətənin qurbanına çevrilib, Müşfiq Orucov, Rəşad Niftalılı, Rəşid Baxşəliyev kimi oğullarımız isə 2016-cı ilin Aprel  döyüşlərində qəhrəmanlıqla şəhid olublar.

Vətən müharibəsinədək, daha doğrusu, 27 sentyabr 2020-ci ilədək Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalan ərazilərinin ildönümləri qeyd edildi, yalnız Zəngilandan savayı. Çünki Zəngilanın işğal tarixinin 27-ci ildönümünədək müşəffər Ordumuz ərazilərimizi düşməndən azad etdi. Bu Qələbədə, əlbəttə, zəngilanlı döyüşçülərimizin də payı oldu. Vətən müharibəsində Surxay Noçuyev, Həsən Rzazadə,  Cəbrayıl Dövlətzadə, Sənan Abdullayev, Emil Əbdüləzimli, Cavid Cəfərov, Samir Sarıyev, Cavid Həsənzadə, Xəqani Məmmədov, Elnur Allahverdizadə, Fərid Məhərrəmov, Rafiq İbadov kimi oğullarımız da tapdaqda qalan yurdlarımızın azad edilməsində qanları ilə torpağaQarabağ Azərbaycandır” yazdılar. Onların arasında elələri var idi ki, Zəngilanda bir gün belə olmamışdı, heç orada doğulmamışdı, əslən zəngilanlı olsalar da.

Vətən müharibəsi, ilk növbədə, xalqımızın tarixinə şərəflə yazıldı. Çünki 30 ilə yaxın müddətdə düşmən tapdağında inləyən, darmadağın edilən, bizləri gözləyən yurdlarımız azad edildi.

Azərbaycan Prezidentinin hər yaşayış məntəqəsi işğaldan azad ediləndə verdiyi qələbə müjdəli xəbərlərə elə öyrəşmişdik ki, sanki bunu hər gün, hər saat gözləyirdik. Qələbə əzmi ilə döyüşən oğullarımızın şəhid olmasına da öyrəşmişdik. Buna cavab olaraq “Vətənin başı sağ olsun” - deyirdik.

Bu Qələbə sevincini xalqına yaşadan, Şuşanın azad edilməsi münasibətilə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin müqəddəs məzarını ziyarət edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla illərin həsrətinə son qoydu. Cənab Ali Baş Komandan həm də o yerlərin intizarını çəkərək, ayrılığa dözməyib dünyasını dəyişən məcburi köçkünlərin ruhlarını da sevindirmiş oldu.

 

 

 

Səbirə ƏLƏKBƏROVA,

Kənd Təsərrüfatı Nzairliyi yanında Aqrar Xidmətlər Agentliyi

Zəngilan rayon şöbəsinin əməkdaşı

Azərbaycan.-2021.- 8 may.- S.10.