Qələbəni bizə yaşadanları “YAŞAT”!

 

Azərbaycan Prezidentinin yaratdığı Fond şəhidlərimizin əmanətlərini qoruyur, qazilərimizə böyük dəstək göstərir

 

 

 

“Müharibə bitmişdi...

 

Tariximizin ən böyük qələbəsini qazanmışdıq, Şanlı Zəfərimizlə öyünürdük. Amma bu qələbəni bizə yaşatmaq üçün tərəddüd etmədən üç minə yaxın igid oğul canından keçmişdi. Vətən qarşısında müqəddəs borcları yerinə yetimişdilər o qəhrəmanlar. Geridə qoyub getdikləri miraslarını, əmanətlərini qorumaq, onları yaşatmaq bizim boynumuza yazılan haqq işi oldu”.

 

Həmsöhbətimiz Ülvi Mehdiyevdir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri olmaqla yanaşı o, həm də böyük qələbəni bizə yaşadanların ailə üzvlərinə dəstək verən “YAŞAT” Fondunun vəsaitinin sərəncamçısıdır. Elə onunla geniş söhbətmiz də fondun şəhid ailələrinə, qazilərimizə, onların ailə üzvlərinə göstərdiyi hərtərəfli dəstək, diqqət və qayğının ümumi mənzərəsini əhatə etdi.

 

 

 

Şəffaf, effektiv və əlçatan platforma

 

 

 

Öncə fondun yaradılması zərurətindən danışan həmsöhbətimiz deyir ki, ölkəmizdə hər zaman şəhid ailələrinə, müharibə əlillərinə, onların ailə üzvlərinə dəstək olan sosial proqramlar mövcud olub və bu gün də dövlətin bu kateqoriyadan olan vətəndaşlarımıza diqqət və qayğısı dünya dövlətləri üçün nümunədir.

 

Ancaq həm Vətən müharibəsi, həm də postmüharibə dövründə cəmiyyətdə çox böyük çağırışlar var idi. İctimaiyyət nümayəndələri şəhid ailələrinə, qazilərimizə öz yardımlarını etmək üçün müxtəlif təkliflər səsləndirirdilər. Hər zaman xalqın istək və arzularının gerçəkləşməsi istiqamətində müdrik qərarlar qəbul edən Prezident İlham Əliyev mövcud reallığı nəzərə alaraq həmin kateqoriyadan olan vətəndaşlarımıza könüllü yardım etmək istəyənlərin mərkəzləşdirilmiş platforması olan “YAŞAT” Fondunu yaratdı.

 

Dövlət başçısının 2020-ci il 8 dekabr tarixli fərmanına uyğun olaraq yaradılan Fondun əsas məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilərimizin problemlərini ictimaiyyətlə dövlətin birgə həmrəyliyi ilə aradan qaldırmaqdır. Hansı ki bu Fonda dövlət yox, vətəndaşlar, təşkilatlar ianələr edirlər və bu vəsaitlə şəhid ailələrinə, qazilərimizə, onların ailə üzvlərinə tam şəffaf şəkildə müxtəlif istiqamətli yardımlar edilir. Yəni Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, “8110” SMS nömrəsi, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılır: “Cənab Prezidentin fərmanına əsasən yaradılan şəhid ailələrinin, qazilərimizin təminatına dəstək Fondu - “YAŞAT” ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformadır. Bizlər də üzərimizə düşən vəzifəni layiqincə doğrultmağa çalışırıq. Ötən dörd aydan artıq müddətdə görülən işlər də göz önündədir”.

 

 

 

Fondun gəlirlərinə, xərclənməsinə Himayəçilik Şurası nəzarət edir

 

 

 

Ülvi Mehdiyev Fondun strukturu və fəaliyyət istiqaməti barədə məlumat verərək qeyd etdi ki, Prezidentin müvafiq sərəncamı ilə ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlərindən ibarət Fondun 11 nəfərdən ibarət Himayəçilik Şurası formalaşdırılıb.

 

Şuranın əsas prioritet vəzifəsi Fondun fəaliyyətinə nəzarət etməkdir. Yəni şura ilk növbədə Fondun gəlirlərinə, vəsaitinin xərclənməsinə nəzarət edir, müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir. Həmçinin Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür və vəsaitin idarə edilməsi ilə bağlı digər məsələləri tənzimləyir.

 

Agentlik isə müvafiq şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılması, fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsi ilə, eləcə də elektron qaydada qəbulunu təşkil edir. Eyni zamanda Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemi formalaşdırır. Vəsaitlərin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini, məlumatların daim yenilənməsini təmin edir.

 

Agentliyin digər vəzifəsi isə Fond vasitəsi ilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etmək, vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər vermək, vəsaitin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları şuraya təqdim etməkdir.

 

Gəlir və xərclərə Himayəçilik Şurası nəzarət etsə də, qərara gəlinib ki, nəinki şura, hətta bütün ölkə ictimaiyyəti, xaricdə yaşayan soydaşlarımız da baş verən proseslərdən xəbərdar olsun və Fondu təftiş edə bilsin. Ü.Mehdiyev deyir ki, bunun üçün “YAŞAT”ın internet portalını göstərmək yetərlidir. Çünki portalda hər iş şəffaf şəkildə görünür. Müraciətlərdən tutmuş yığılan vəsaitlərin xərclənmə istiqamətinədək bütün proseslər göz önündədir. Burada yardımlar edilən şəhid ailəsinin və ya qazimizin ailə üzvünün hər biri haqqında məlumat var. Toplanan vəsaitin hansı istiqamətlərə xərcləndiyi, kimlər üçün nə qədər vəsait ayrıldığı aydın şəkildə qeyd edilir. Eyni zamanda qazilərimizin reabilitasiyası üçün alınan tibbi avadanlıqlar, təyinatlar və xərclənən vəsaitin həcmi də olduğu kimi qeyd edilir.

 

“Bütün ayrılan vəsaitin təyinatı saytdakı “hesabatlar” bölməsində tam təfsilatı ilə qeyd edilir. İstənilən şəxs sayta daxil olub hansı şəhidin ailəsinə və ya ailə üzvünə nə qədər və nə üçün yardım göstərildiyinə diqqət edə bilər. Fonda ianə edən hər bir şəxs əmin ola bilər ki, onların ödədiyi vəsait ünvanına tam şəkildə çatır və doğru, dürüst, ədalətli şəkildə xərclənir”.

 

 

 

Fondun komandası - milli qəhrəmanların, şəhidlərin övladları, qazilər...

 

 

 

Ülvi Mehdiyev Fondun komandası, yəni mərkəzi aparatının üzvləri barədə də məlumat verərək dedi ki, burada təmsil olunan şəxslər “ASAN xidmət”də çalışan müharibə qaziləri, milli qəhrəmanların, şəhidlərimizin ailə üzvləridirlər. Fondun rəhbəri Elvin Hüseynov “ASAN xidmət”in qazisidir.

 

Burada hımçinin Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, Milli Qəhrəman Seymur Məmmədovun bacısı Aytən Seymurlu, Milli Qəhrəman Elman Hüseynovun oğlu Emin Hüseynli, şəhid Saleh Musayevin oğlu Şahin Musavi, şəhid Mehman Abdullayevin oğlu Elşən Abdullayev və digər qazilərimizin övladları çalışırlar.

 

Bu şəxslər “YAŞAT” Fondu ilə iş şöbəsinə ezam ediliblər. Bu qərarın verilməsi də təsadüfən olmayıb. Çünki qazini ancaq qazi yoldaşı, şəhid ailəsinin durumunu isə şəhidin övladı yaxşı başa düşə bilər.

 

Fondun mərkəzi aparatının əməkdaşlarına “ASAN könüllüləri” böyük kömək göstərirlər. Onlar ailələrlə görüşlərin keçirilməsində, sənədlərin toplanmasında fəal iştirak edirlər.  “8110” Çağrı Mərkəzində isə 40 nəfərdən ibarət heyət operativ qaydada çağrılara cavab verir.

 

 

 

Şəhid ailələrinin 14 mindən çox üzvü və yaralılarla görüş keçirilib

 

 

 

Fərmanla “YAŞAT” Fondu şəhid ailəsi və müharibə əlili statusu olanlara yardım göstərməlidir. Amma bu status hüquqi prosedurdur və bəzən onun təyini üçün müəyyən qədər vaxt tələb olunur. Ancaq Fond bu zamanı gözləməyib.

 

Ü.Mehdiyevin sözlərinə görə, fərmandan dərhal sonra Fond üzərinə düşən vəzifənin icrasına start verib: “Gözləmədik ki, vətəndaş gedib həmin statusu alıb sonra bizə müraciət etsin. Biz statusu almadan şəhidlərimizin ailələrinin qeydiyyatını apardıq. Əlilliyə səbəb ola biləcək ağır yaralılarımızı dərhal öhdəliyə götürdük. Yəni biz onların sağalıb, həm də status alıb Fonda müraciət etmələrini gözləsəydik, bəlkə də indi, yəni müharibədən 6 ay sonra bu yardımları  göstərməyə başlayardıq. Bu da əlbəttə ki, heç də ürəkaçan olmazdı. Düşündük ki, əgər cənab Prezident Fondun idarəedilməsini agentiyimizə tapşırıbsa, bu həm şərəfli vəzifədir, həm də yüksək məsuliyyət tələb etdiyi üçün bunu layiqincə doğrultmalıyıq. Ona görə də bu kateqoriyadan olan ailələrimizin problemlərini vaxtında həll etməyə başladıq”.

 

Bəlli olur ki, Prezidentin məlum fərmanından dərhal sonra, iki həftə ərzində “ASAN könüllüləri” ilə regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin əməkdaşları birgə bütün şəhidlərimizin mənzillərini ziyarət ediblər. Qısa müddətdə şəhidlərimizin minlərlə ailə üzvü ilə görüşlər keçirilib. Buraya şəhidlərimizin valideyinləri, ailə üzvləri, bacı-qardaşları da daxildir. Onlarla keçirilən görüşlərdə problemləri öyrənilib, qeydiyyata alınıb. Ancaq bəzi ailələrin bir çox problemi olduğu üçün onların özlərinə seçim imkanı verilib: “Elə ailələr olurdu ki, bir çox problemləri mövcud idi. Biz də onlara seçim imkanı verirdik ki, daha çox hansı probleminin həll olunmasını istəyirlərsə, Fond onu həll etsin. Əgər biz bir ailənin 5-6 probemini həll etməli olsaydıq, başqa ailəyə yetişməyə bilərdik, çətinlik yaranardı. Ona görə də ailələrin birinci dərəcəli problemləri qeydə alındı və onların həlli istiqamətində müvafiq tədbirlər görüldü”, - deyə Ü.Mehdiyev bildirir.

 

 

 

Mənzillər təmir edilir, kreditlər bağlanır, təhsil və tibb xərcləri ödənilir

 

 

 

Fond 4 istiqamət - mənzil şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, kreditlərin və digər borc öhdəliklərinin qarşılanması və təhsil xərclərinin ödənilməsi üzrə fəaliyyət göstərir. Bu istiqamətlər üzrə şəhid ailəsi üzvü və müharibə əlili statusu olanlara yardımlar edilir.

 

Yəni Fondun himayəyə götürdüyü ailələrin 4 istiqamət üzrə xərcləri qarşılanır. İndiyədək ödənilən xərclərin 43 faizi məişət şəraitinin yaxşılaşdırılması, 38 faizi tibbi xərclərin ödənilməsi, 16 faizi borc öhdəliklərinin qaytarılması, 1,56 faizi təhsil xərclərinin ödənilməsi və 0,81 faizi digər sahələri əhatə edir.

 

Məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə evlərin təmir-bərpa işlərinə, məişət avadanlıqlarının alınmasına, ailə üzvlərinin müalicə, tibbi əməliyyatı proseslərinə, borc öhdəliklərinə isə bank və bank olmayan təşkilatlara olan kreditlərin bağlanmasına, təhsil xərclərinin ödənilməsinə  və digər borcların bağlanmasına vəsait ayrılır.

 

Kreditlərin ödənilməsində də vəsaitə qanaət etmək üçün təkliflər paketi hazırlanıb və müsbət nəticəsi də olub. Banklara, təhsil müəssisələrinə sorğu göndərilib. Ü.Mehdiyevin sözlərinə görə, həm banklara, həm də təhsil müəssisələrinə təklif edilib ki, şəhid ailəsi üzvünün kredit borcunu onlar da, Fond da bağlaya bilər. Əgər həmin təşkilat bu krediti bağlasa, qurumun və ya bankın adı “YAŞAT”ın portalında qeyd edilir. Razılaşan da olub, razılaşmayan da. Portala nəzər yetirdikdə bu bankların, təhsil müəssisələrinin adlarını görmək olar. Bu üsulla Fond 152 min manatadək vəsaitə qənaət edib.

 

Onu da deyək ki, əksər banklar, təhsil müəssisələri bu kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək marağında olublar. Bəziləri isə kreditləri bağlamadığı üçün vəsait Fond tərəfindən ödənilib.  

 

 

 

Bugünədək 89 qazimiz müalicə üçün Türkiyəyə göndərilib

 

 

 

Fond tibbi istiqamət üzrə çox böyük işlər görüb. Qazilərimizin, şəhidlərimizin ailə üzvlərinin müalicəsi, əməliyyatları üçün tələb olunan vəsait ayrılıb.

 

Ancaq bu proses də ciddi müzakirələrdən sonra alınan qərarlar əsasında həyata keçirilir. Yəni şəhid ailələri ilə keçirilən görüşlərdən tutmuş xaricə göndərilən qazilərimizin müalicəsinədək olan proseslərin hər biri haqqında geniş müzakirələrdən sonra qərar verilir.

 

Agentliyin rəhbəri deyir ki, Fonda daxil olan vəsaitin idarə edilməsində iki əsas prinsip var - şəffaflıq və vəsaitin səmərəli idarə edilməsi. İlk olaraq Fonda ianə edən vətəndaşlarımız əmin olmalıdırlar ki, bu vəsaitlər hara, kimə və hansı məqsəd üçün xərclənir. Bu vəsaitlər səmərəli xərclənməsə, daha çox xərclə az nəticə əldə etmək olar. Fondun məqsədi daha az xərclə böyük nəticə əldə etməkdir:

 

“Əgər Fond hər müraciət edən qazini Türkiyəyə göndərsəydi, heç də arzuolunan nəticə olmazdı. Yəni belə olan halda xaricə getməyə daha çox ehtiyacı olanlar kənarda qala bilərdi. Daha az ehtiyacı olanlar, yəni müalicəsi Bakıda mümkün ola bilənin xaricə getməsi israfçılıq yaradar və xərclər də daha çox çıxa bilərdi. Ona görə də qərarı xaricdən gələn həkimlərin ixtiyarına verdik. Onlar müayinə apardıqdan sonra kimin müalicəsinin, əməliyyatının harada həyata keçirilməsi barədə qərar verdilər. Bununla da səmərəliliyi təmin etmiş olduq”.

 

Türkiyədən Azərbaycana həkimlər dəvət edilib. Onlar yerli mütəxəssislərlə birgə hospitalda və digər tibb müəssisələrində olan 150-dən çox qazimizi müayinə ediblər. Müayinədən sonra hansı qazinin müalicəsinin Bakıda, hansının isə mütləq şəkildə Türkiyədə aparılmalı olduğu müəyyənləşib. Bugünədək 89 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 25-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Hazırda 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. Növbəti mərhələdə də bir neçə qazimizin Türkiyəyə göndərilməsi planlaşdırılır. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən ödənilir.

 

 

 

Dünyanın ən peşəkar hərbi oftalmoloqları Azərbaycana dəvət edilib

 

 

 

Fond göz xəsarətləri alan qazilərimiz üçün də xaricdən hərbi oftalmoloqlar dəvət edib. Hər kəs deyə bilər ki, axı ölkəmizdə yetərincə göz həkimi var, niyə xaricdən həkim gətirməliyik?

 

Ülvi Mehdiyev deyir ki, mülki göz həkimi ilə hərbi oftalmoloq arasında müəyyən fərq var. Mülki həkimlər gözdə müxtəlif xəstəliklərin müalicəsi, əməliyyatların aparılması üzrə ixtisaslaşsalar da, hərbi həkimlər zərbə, qəlpə yarası, göz toxumalarının yanması və digər ağır xəsarət almış gözlərin müalicəsi, əməliyyatı üzrə peşəkardırlar.

 

Buna görə də dünyada ən peşəkar hərbi həkim heyəti Azərbaycana dəvət edilib. İsraildən gələn 10 nəfərdən ibarət heyət 148 nəfər qazimizi müayinə edib. Onların bir qisminə protez göz qoyulub, bir qismi əməliyyat edilib. İki nəfərə İsraildən gətirilmiş buynuz qişası köçürülüb və onların görmə qabiliyyəti bərpa olunub. Hətta İsrail vətəndaşı olan bir qadın vəfat etmiş 55 yaşlı həyat yoldaşının gözünü Vətən müharibəsi qazisi Arif Hacıyevə bağışlayıb. Bir gözünün görmə qabiliyyəti tamamilə itən qazi üzərində keçirilən uğurlu əməliyyatdan sonra həmin gözün görmə qabiliyyəti bərpa edilib.

 

Ü.Mehdiyevin fikrincə, ən həssas məqam görmə qabiliyyətini itirən hərbçilərimizin müalicəsi və əməliyyat prosesləridir. Çünki müharibədə əlini, ayağını itirən hərbçilərimizə müasir protezlərin qoyulması mümkün olsa da, görmə qabiliyyətini itirənlərin yenidən gözlərinə həyat işığının gəlməsi ağır prosesdir. Ona görə də bununla bağlı müraciətlərin həlli üçün daha az xərc çıxmaqla kompleks işlərin görülməsi məqsədəuyğun hesab edilib.

 

İsraildən gələn hərbi oftalmoloqlar hətta hər iki gözünü itirən və daha görməyəcəyini düşünən qazilərimizə böyük ümidlər veriblər: “Onlar deyirlər ki, sənin gözünün görmə qabiliyyətinin bərpası üçün 2021-ci ilin dünya səhiyyəsinin imkanları yoxdur. Yəni bu o demək deyil ki, sən ömürlük görməyəcəksən. Yalnız bu dövr üçün imkan yoxdur. Ola bilər ki, iki-üç ildən sonra inkişaf etməkdə olan səhiyyədə bu imkanlar yaransın. Bu da həmin qazilərimizə çox böyük təsəlli olur”.

 

 

 

Yeni doğulan şəhid övladlarının adına 5 min manatlıq hesab açılır

 

 

 

“YAŞAT”ın çox mühüm layihələrindən biri də Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün nəzərdə tutulan layihədir. Yeni doğulan şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə anaya 1000 manat vəsait təqdim olunur və dünyaya yeni göz açan körpənin adına bankda 5000 manatlıq hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Bu məbləğin üzərinə mütəmadi olaraq faiz toplanır və həmin şəhid övladı 18 yaşına çatandan sonra toplanan məbləği öz bank hesabından çıxara biləcək.

 

Bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara və ya həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

 

İndiyədək 71 şəhidin övladının dünyaya gəlməsi ilə bağlı 1000 manat məbləğində zəruri xərcləri qarşılanıb və 31 şəhid övladının adına hesab açılıb.

 

Ülvi Mehdiyev deyir ki, banka yatırılan vəsait əgər ana tərəfindən uşağın 18 yaşına çatana qədər çıxarılmasa, həmin vəsait üzərinə faiz gəlməklə ən azı 20-25 min manatadək yüksələcək. Bu da 18 yaşlı gəncin həyata başlaması üçün yetərli məbləğ hesab olunur. Özünə avtomobil ala, əlindəki vəsaitlə hər hansısa biznes fəaliyyətinə başlaya, həmçinin ilkin ödəniş etməklə ipoteka krediti ilə mənzil ala bilər. Yəni bir gəncin müstəqil həyata atılarkən lazımi maliyyə dayanıqlığı üçün 25 min manat vəsait yetərli sayılır.   

 

Fond təhsillə bağlı da layihə üzərində çalışır. Hazırda qanunvericiliyə əsasən şəhid övladları ali təhsil müəssisələrində ödənişsiz əsasda təhsil alırlar. Hazırda müəyyən özəl ali təhsil müəssisələrində, həmçinin xaricdəki bəzi ali məktəblərdə də şəhid övladlarının təhsil alması üçün müzakirələr aparılıb. Yəni onların təhsil haqları Fond tərəfindən qarşılanacaq: “İstəyirik ki, şəhid övladları dövrün tələblərinə aid ixtisaslara yiyələnmək, daha nüfuzlu ali məktəblərdə təhsil almaq imkanına da malik olsunlar, müəyyən kurslara cəlb olunsunlar”.

 

Fondun digər layihəsi isə şəhid ailəsi üzvlərinin, qazilərimizin işlə təmin olunması ilə bağlıdır. Belə ki, Fondun internet portalında baza yaradılacaq. İş axtaran şəhid övladının, qazinin yaşı, ixtisası, diplomu, iş təcrübəsi orada toplanacaq. Dövlət müəssisələri, digər şirkətlər işçi axtararkən bu sistemə daxil olub seçim edərək həmin şəhidin övladını işə dəvət edə bilərlər.

 

Ülvi Mehdiyevin sözlərinə görə, bununla bağlı qanunvericiliyə də dəyişikliklər nəzərdə tutulur. Belə ki, hansı müəssisə bu kateqoriyadan olan şəxsləri işə götürərsə, bəzi üstünlüklər qazanacaq. Məsələn, ödədiyi vergi faizi aşağı düşə bilər və ya hansısa güzəştlərə sahiblənər.

 

 

 

Hesabatlılıq - indiyədək Fonda 36 milyon 850 min manat vəsait yığılıb

 

 

 

Fondun ümumi hesabatlılığına gəlincə Ülvi Mehdiyev dedi ki, keçirilən bütün görüşlərdən sonra 2881 şəhid ailəsinin, 3016 yaralının ailə üzvü qeydiyyata alınıb. Ümumilikdə isə 14 min 491 nəfər şəhid ailəsinin üzvü və yaralılarımız ilə görüş keçirilib. Onlardan 6368 nəfərinin problemi Fond tərəfindən öhdəliyə götürülüb. Toplanan bütün məlumatlar Fondda yaradılan Data sistemdə yerləşdirilib.

 

İndiyədək Fonda 36 milyon 850 min 841 manat 92 qəpik ianə toplanıb. Bunların 16 milyon 554 min 607 manat 06 qəpiyi fiziki şəxslər tərəfindən, 20 milyon 296 min 234 manat 86 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilən vəsaitdir.

 

Bu vəsaitin 21 milyon 696 min 584 manat 65 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib, 15 milyon 154 min 257 manat 27 qəpik qalıq var.

 

İndiyədək mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə 15 milyon 263 min 084 manat 50 qəpik, tibbi xərclərin ödənilməsi üzrə 3 milyon 186 min 363 manat 52 qəpik,  kreditlərin və digər borc öhdəliklərinin qarşılanması üçün 3 milyon 222 min 781 manat 09 qəpik və təhsil xərclərinin ödənilməsi üçün 24 min 355 manat 54 qəpik vəsait ayrılıb.

 

 

 

Vətəndaş məmnunluğu 98 faizdir

 

 

 

Bütün bayramlarda şəhidlərimizin ailələrini ziyarət edən Fond əməkdaşları Novruz bayramında da bunu icra ediblər. Bayram günlərində şəhidlərimizin ailə üzvlərinə sovqatlar göndərilib.

Göründüyü kimi, “YAŞAT” üzərinə düşən öhdəliyi ən yüksək səviyyədə yerinə yetirmək üçün lazım olan imkanlardan yararlanmaqdadır. Şəffaflıq prinsipi ilə işləyən Fondun fəaliyyətindən vətəndaş məmnunluğunun olması bunu deməyə əsas verir. “ASAN xidmət” mərkəzlərində belə bir qayda var. Mərkəzdəki xidmətlərdən yararlanan şəxslərdən məmnunluqla bağlı sorğu alınır. Hazırda bu, 99,5 faiz təşkil edir. Eyni prinsip “YAŞAT” Fondunda da tətbiq edilir. Şəhid ailələrinin üzvləri, qazilərimizlə keçirilən görüşlərdən sonra sorğu alınır və hazırda bu göstərici 98 faizdən çoxdur.

Bir sözlə, Vətən yolunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimiz və görən gözlərini, vuran qollarını, yeriyən ayaqlarını şəhid verən qazilərimiz fəxarət ünvanlarımızdır. Onların əmanətlərini qorumaq, miraslarını yaşatmaq isə hər birimizin borcudur.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 21 may.- S.1;6.