Ədibin Evi Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərəcək

 

 

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alimpedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış Ədibin Evi bundan sonra fəaliyyətini Ədəbiyyata Dəstək Fondu kimi davam etdirəcək.

Xatırladaq ki, Mir Cəlalın məşhur əsərləri, o cümlədən Bir gəncin manifesti, Dirilən adam, Füzuli sənətkarlığı, həmçinin bir çox populyar satirik hekayələri bu evdə qələmə alınmışdır. Həmin evdə anadan olmuş yazıçının oğlu akademik Arif Paşayev 2017-ci ildə evi bərpa edərək mədəniyyət ocağı kimi istifadəyə verib.

Bu barədə AZƏRTAC-a Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva deyib.

Fondun Himayəçilik Şurasının üzvləri Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və ADA Universitetinin rektoru Hafiz Paşayevdir. Şuranın qərarı ilə fondun icraçı direktoru vəzifəsinə ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva təyin olunub.

Ədibin Evi Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirəcək. Fond gənc nəsli diqqətdə saxlayaraq oxu mədəniyyətini gücləndirmək, xalqa və vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq niyyətindədir. Bu barədə professor Təhsin Mütəllimov bildirib: Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılara nümunə olacağına ümid edirik. Onun qələminin əsas müraciət ünvanı - insanlıq fəlsəfəsinin təlqini bu günolduqca aktualdır. Gənclərimizin bu və digər mövzulara müraciət edərək ustadımızın ənənələrini yaradıcı şəkildə davam etdirəcəklərini gözləyirik.

 

 

Azərbaycan.-2021.- 21 may.- S.4.