Xarıbülbül festivalı xoş günlərin müjdəsidir

 

 

Qədim Şuşanın daha bir həsrətinə son qoyuldu. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan bu gözəl şəhər Xarıbülbül musiqi festivalına evsahibliyi etdi. İyirmi doqquz ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşıladı...

 

 

Bənzərsiz Şuşanın gülü - xarıbülbül...

 

 

Şuşanın özü qədər hüsnünü bəzəyən dağları, çəmənləri, çiçəkləri də əsrarəngizdir. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün dünyanın heç yerində oxşarı yoxdur. Bu möcüzə gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrındakı gül al-qırmızı rəngə boyanıb.

 

Tarixboyu yolu Qarabağa düşənlər, Şuşaya qonaq gələnlər xarıbülbülü görməyə can atıblar. Onu böyük heyranlıqla seyr ediblər. Bu gülün eşqi ilə şeirlər yazılıb, nəğmələr qoşulub. Xarıbülbülün şəninə festivalar təşkil edilib. Burada keçirilən konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə rövnəqləndiriblər.

 

Elə 1980-ci illərin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı da xarıbülbülün adı ilə adlandırılıb.

 

 

Şuşada ilk Xarıbülbül musiqi festivalı...

 

 

Şuşa şəhərində Xarıbülbül beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

 

Festivala hazırlıq 1989-cu ilin əvvəlində başlayıb. Tədbir həmin ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. 1989-cu ilin festivalında yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə festivala 100-ə yaxın insan qatılıb. Cıdır düzü meydançasında tikilən 7 məkanda konsertlər düzənlənib. Qarabağ şikəstəsi muğamı açılan festivalın ilk günündə bayram əhvali-ruhiyyəsi yaşanıb. 12-15 yaşlarında olan ifaçıların oxuduqları muğam hər kəsi heyran edib. Həmin gün Qarabağ atlarının da yarışları olub. Festival çərçivəsində Şuşada güləş yarışları keçirilib.

 

 

Beynəlxalq statuslu festival

 

 

1990-cı ildə Xarıbülbül musiqi festivalı beynəlxalq status alıb. Sonrakı illərdə tədbir Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin SSRİ-nin müttəfiq respublikalarının iştirakı ilə keçirilib.

 

Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ- mühüm mədəniyyət tədbirlərindən biri sayılıb.

 

Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçılar o qədər çox olub ki, festival çərçivəsində konsertlər stadionlarda keçirilib.

 

1990-1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında düzənlənib.

 

Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən böyüyü olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Ancaq işğalçı ermənilərin xəyanətkarlığı, məkri çox gözəl işlərimizi yarımçıq qoydu. Xarıbülbül musiqi festivalını da o il Şuşada təşkil etmək mümkün olmadı. Qarabağı odlara bürüyən erməni qəsbkarları Şuşa şəhərini mayın 8-də işğal etdilər.

 

Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarətdə keçirildi. Həmin festivaldakı çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin Qızıl Fondunda saxlanılan Sona bülbüllər mahnısı xüsisilə diqqət çəkdi.

 

 

Azadlığına qovuşan Şuşa

 

 

Erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən digər ərəzilərimiz kimi, Şuşa şəhəri uzun illər tarixinin ən ağır günlərini yaşadı. Yağı düşmən bu gözəl qədim şəhəri talan etdi, dağıntılara məruz qoydu.

 

Nəhayət, Azərbaycan xalqının həsrətlə gözlədiyi gün gəldi. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdular.

 

Müzəffər ordumuz noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi.

 

Qəsbkar ermənilərin on illər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti, Azərbaycan xalqı böyük işlər görməkdədir.

 

2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən Xarıbülbül festivalının keçirilməsinin vacibliyini bildirdi, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən keçirilməsinin zəruriliyini qeyd etdi.

 

Dövlət başçısı 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla Vaqif poeziya günləri Xarıbülbül festivalı da bərpa olundu.

 

Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra, 2021-ci il mayın 12-si 13-də ilk dəfə Xarıbülbül festivalı düzənləndi.

 

Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq klassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu.

 

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət mədəniyyət xadimləri, Qarabağdan, eləcə Şuşadan olan tanınmış şəxslər var idi.

 

Xarıbülbül musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başladı. Bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən dövlət başçısı uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada Xarıbülbül festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi. Vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı dedi: Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən Xarıbülbül musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir.

 

Prezident İlham Əliyev xatırlatdı ki, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Dövlət başçısı, bir daha şanlı tariximizdən söz açdı: Azərbaycan tam qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovduazad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır.

 

Festivalda Azərbaycan xalqı bir daha bütün dünyaya öz birliyini nümayiş etdirdi. Tədbirin ilk günü Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları oldu. Sənətçiləri səhnədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayiət etdi. Festivalın ikinci günü sənətçilərin Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə çıxışları oldu.

 

Festival mayın 13-də qala-konsertlə başa çatdı.

 

 

Şuşanın gözəl günləri hələ qabaqdadır

 

 

Ancaq bu hələ başlanğıcdır. Bundan sonra Azərbaycanda bayram bayrama qarışacaq. Qədim odlar yurdunun növrağı hələ qabaqdadır. Xarıbülbül musiqi festivalı o xoş günlərin müjdəsidir.

 

Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq Şuşanın bərpa edilməsinə artıq başlanılıb: Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik.

 

Prezident İlham Əliyev açıqladı ki, biz bu gözəl ənənəni bərpa etdik bundan sonra Xarıbülbül festivalı Şuşada hər il keçiriləcək.

 

Dövlət başçısı çıxışında da bir bayramın keçiriləcəyi barədə xoş xəbər verdi: Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 18 may.- S.8.