Qələbə simvollu Xarıbülbül Cıdır düzünə qayıtdı

 

 

Xarıbülbül - 30 ildir ki, Qarabağın kədər, ayrılıq, onlardan doğan nisgilin simvoluna çevrilən bu dağlar gözəli haqqında ötən ilin 8 noyabr tarixinədək o qədər əfsanə, rəvayət, hekayət, nəhayət, hicran dolu nağıl eşitmişik ki...

Xalqımızın dilində ağı, bayatı kimi səslənən bağrıqan gül Sarıbülbül xalq mahnısına da çevrilib:

 

 

Vətən bağı al-əlvandır,

Nə gəzirsən xarı, bülbül?

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül?!

 

Bu mahnı yüz illərdir ki, onu dinləyənlərlə bərabər, ifaçının da qəlbindən qara qanlar axıdıb: Qarabağımızdan, onun zümrüd tacı Şuşamızdan perik düşdüyü, gül açmadığı üçün...

Bu gün isə şahidik ki, Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə o əfsanəyə yenidən can verdi, yaşatdı, reallıq olduğunu təsdiqlədi.

Heç bir külək, qasırğa belə Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun Qarabağa, Şuşaya gedən yolunu bağlaya bilmədi. Rəvayətdə olduğu kimi, bu dəfə də bülbülün qanı axdı: şəhid oldu! Lakin o gülü - Qarabağı, Şuşanı əyilməyə qoymadı! Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən Qələbə simvoluna çevirdi!

Xarıbülbül Şuşaya sədaqətlidir. Bəlkə də elə buna görə qayıdışın, sədaqətin, qovuşmağın rəmzi kimi biz onu möhtəşəm Qələbəmizin simvolu kimi seçdik...

Şuşanın işğaldan azad edilməsindən sonra bu qədim mədəniyyət şəhərini ziyarət edərkən Ali Baş Komandan, Prezident İlham Əliyev ötənləri xatırlatmaqla yanaşı, görüləcək işləri, qalalar və abidələr məskəninin yenidən canlandırılacağını, əvvəlki gözəl növrağının özünə qaytarılacağını da orada bəyan etdi: Bu il Şuşada Xarıbülbül festivalı və Vaqif poeziya günləri keçirilməlidir. Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır...

Budur, o arzulanan günün şahidlərinə çevrilmişik: mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Xarıbülbül Musiqi Festivalına evsahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də qızları LeylaArzu Əliyevalar Şuşada iki gün davam edən Xarıbülbül festivalının açılışında iştirak etdilər sevinclərini xalqımızla bölüşdülər.

Dövlət başçısı festivalın açılışında çıxış edərək bildirdi ki, bu, ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada Xarıbülbül festivalı keçirilir. Bu münasibətlə festival iştirakçılarını və ümumiyyətlə, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı dedi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq: ...30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən Xarıbülbül Musiqi Festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir...

Bərpa olunan ənənəyə görə, bundan sonra Xarıbülbül festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə qardaş kimi, multikultural və tolerantlıq şəraitində yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər.

Bu tövsiyə isə festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna dövlət başçısı tərəfindən verilmişdi. Ona görə ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Ölkəmizdə milli birlik, həmrəylik sözdə deyil, əməldə öz təsdiqini tapıb.

Dövlət başçısı Şuşadan onu da dünyaya müsaj verdi ki, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birgəyaşayışı bizim tərəfimizdən təbliğ edilir.

Bəli, bu festivaladək nələrdən və haralardan necə keçdiyimiz yola dönüb bir daha baxaq: 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Müzəffər Ordumuz işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı ucaldı! Ona görə demək haqqımızdır: 44 günlük müharibə xalqımızın şanlı tarixidir!

300-dən çox şəhər kənd döyüş meydanında işğalçılardan azad edildi Şuşanın - alınmaz qalanın azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır.

Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun dövlətinin çökməsi idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub Azərbaycanın şərtlərinə əsasən formalaşmış kapitulyasiya aktına imza atdı. Bunun da nəticəsində biz bir güllə atmadan Laçın, Kəlbəcər Ağdam rayonlarını geri qaytardıq.

Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü - 8 noyabr tarixi Azərbaycanda rəsmi dövlət bayramı - Zəfər bayramı elan edildi.

Azərbaycan Prezidenti böyük fəxarət hissi ilə dünyaya bir daha bəyan etdi ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir: Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu...

Festivalın Ramazan bayramı ərəfəsində təşkil edilməsi heç təsadüfi deyildi. Azərbaycan Prezidenti bu fikri bildirərkən onu da xüsusi qeyd etdi ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqlarımızı, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq. Mədəniyyət mənəviyyat paytaxtımız olan Şuşada may ayının 12-də başlayan Xarıbülbül festivalı da bir daha onu göstərdi ki, bütün sahələrdə, o cümlədən düşmənə qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirən xalq olaraq Şuşamızı da azad edib, tarixi şəhərimizə Zəfərlə qayıtdıq! Buna görə nəğməli, musiqili tədbirin burada keçirilməsi qarşı tərəfə, elə vandalizm siyasəti yürüdənlərə havadarlıq edənlərə mesaj verdik: Biz qayıtmışıq, Şuşa, sən azadsan!

Azərbaycan Prezidenti Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin, eləcə tarixi 1 nömrəli ümumtəhsil məktəbinin təməlini qoydu. Ermənilər tərəfindən qurudulmuş Xan qızı Natəvan bulağından o gün su da gəldi: ...Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur! Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 18 may.- S.9.