Naxçıvanın mədəni irsi zəngin mənəvi sərvətimizdir

 

 

Naxçıvan Azərbaycanda ən qədim insan məskənlərindən biridir. Bəzi mənbələrdə  Nuhun gəmisinin bu ərazidə İlandağa dəyib parçalandığı yazılır. Naxçıvanla bağlı əfsanə və rəvayətlər çoxdur.

Bölgənin tarixi çox qədimlərə gedib çıxdığından bunların hansının həqiqət, hansının təxəyyül olduğunu bilmək çətindir. Naxçıvanın qədim mədəniyyətə malik olması isə tarixi həqiqətdir. Azərbaycanın memarlıq incilərinin əksəriyyəti bu bölgənin payına düşüb.

Ümummilli Lider Heydər Əliyev demişdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Naxçıvan ərazisində antik, orta əsrlərə aid mədəniyyət nümunələri, tarixi abidələr, qədim yaşayış məskənləri, erkən şəhər mədəniyyəti, möhkəm qala divarları, qayaüstü rəsmlər, daşdan yonulma qoç heykəlləri, türbələr çoxdur. Naxçıvan ərazisində əcdadlarımızın qoyub getdikləri tarix və mədəniyyət bu yurdun azərbaycançılıq möhürüdür.

Naxçıvandakı Qazma, Əshabi-kəhf və Kilit mağaraları, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr daş dövrü mədəniyyətinin qalıqlarıdır.

IV minilliyin sonu - II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala kimi qalaşəhər məntəqələri yaranıb. Daş dövrü abidələrinin isə ən məşhuru Əshabi-Kəhfdir. Bunları misal gətirməkdə məqsəd Naxçıvanın mədəniyyəti barədə söhbətə körpü salmaqdır. Belə bir qədim, tarixi mədəniyyətə sahib bölgədə təbii ki, mədəniyyətin digər qolları da zamanla inkişaf prosesində olub.

 

 

 

Naxçıvanda teatr

 

 

 

Azərbaycanda teatr qədimdən meydan teatrı və şəbeh tamaşası formasında təşəkkül tapıb. Naxçıvanda da teatr sənəti belə başlayıb. 1882-ci ildə tanınmış ziyalı, iki pərdəli “Tatarka” (“Azərbaycan qızı”) pyesini yazmış Eynəli Sultanov Naxçıvanda müəllimlərdən ibarət “Müsəlman şiə dram incəsənəti cəmiyyəti” və “Ziyalı məclisi” təşkil edib. İlk dəfə 1886-cı il avqustun 12-də Hacı Nəcəf Zeynalovun “Zaviyə” məhəlləsindəki evində M.F.AxundovunMüsyö Jordan və dərviş Məstəli şah” komediyasının oynanılması ilə Naxçıvan teatrının əsası qoyulub. Bu gedişlə  XIX əsrin 80-90-cı illərində və XX əsrin əvvəllərində Naxçıvan teatrı Azərbaycan milli teatrının inkişafında əhəmiyyətli rol oynayıb.

1922-ci ildə Naxçıvanda Dövlət Dram Teatrı yaradılıb. Hüseyn Cavidin (“Şeyx Sənan”) və Cəfər Cabbarlının (“Aydın”) pyeslərinin tamaşaya qoyulması Naxçıvan teatrının yeni mərhələyə qədəm qoyması idi. Onilliklərlə Naxçıvan teatrı Azərbaycan mədəniyyətinə yeni nəsil teatr sənətkarları bəxş edib. Aktyorlar M.Quliyev, Z.Həmzəyeva, S.Hüseynova, Ə.Qardaşbəyov, A.Şahsuvarov, R.Cəfərxanova, H.Ağayev, Y.Haqverdiyev, K.Hüseynov, P.Məmmədova, T.Məmmədova, İ.Bənənyarlı, T.Mövləvi, M.Səfərov, İ.Məmmədov, N.Həmzəyev, rejissorlar B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev, K.Quliyev ilk addımlarını Naxçıvan teatrında atıblar.

Naxçıvanda 2006-cı ildə ilk dəfə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılıb. Ona qədər uşaq tamaşaları da böyüklər üçün teatrın səhnəsində oynanılırdı. Tarixi az olmasına baxmayaraq, bu gün Azərbaycan teatrında Naxçıvan Uşaq Teatrının səhnəsindən pərvazlanan aktyorlar da fəaliyyət göstərir.

2010-cu ildə əsası qoyulmuş Naxçıvan Dövlət Uşaq Filarmoniyasında xalq çalğı alətləri orkestri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyətdədir. Bunların hər biri Azərbaycan mədəniyyətinin tərkib hissəsidir.

Naxçıvanda hazırda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz rayon xalq teatrları fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında çalışan sənətkarlar Azərbaycan mədəniyyətinin inkişafına xidmət göstərirlər.

 

 

 

Naxçıvanda musiqi sənəti

 

 

 

Naxçıvanın musiqi sənəti çox da qədim deyil. Burada musiqi mədəniyyətinin formalaşması XVIII-XIX əsrlərə gedib çıxır.  XIX əsrin sonu, XX əsrin birinci yarısında bu ərazidə musiqi mühitini formalaşdıran xanəndələr və sazəndələr idi. Məşədi Əsəd, Məşədi Həsən, Məşədi İsmayıl, Sarı Heydər və İdris Nağıyev Naxçıvanın ilk ustad xanəndələridir. Məşədi Həsənin “Heyratı”sı, Məşədi İsmayılın “Qatar”ı və “Şahnaz”ı, İdris Nağıyevin “Şur” muğamını oxumaları haqqında indi də heyranlıqla danışılır. Onların irsi Naxçıvan xanəndələri arasında öyrənilir.

İlk musiqi məktəbinin isə özülünün qoyulması  Naxçıvanda dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. 1937-ci ildə onun təşəbbüsü və xeyir-duası ilə Naxçıvan şəhərində musiqi məktəbi yaradılıb. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə orta ixtisas musiqi məktəbi, yəni indiki Naxçıvan Musiqi Kollecinin yaradılması isə Naxçıvanda musiqi sənətinin inkişafına təkan verdi.

Məhz bu musiqi məktəbində bacarıqlı, istedadlı tarzənlər, xanəndələr, bəstəkarlar yetişib. Nəriman Məmmədov, Ramiz Mirişli, Əkrəm Məmmədli, Yaşar Səfərov, Nazim Quliyev, Nazim Kazımov, Həsənağa Qurbanov, Şəmsəddin Qasımov, Zeynalabdin Babayev, Əbülfət Babayev Naxçıvan musiqi məktəbinin Azərbaycana bəxş etdiyi istedadlı sənətkarlardır. Onların arasında Əkrəm Məmmədlinin adı xüsusi qeyd edilməlidir. Əkrəm Məmmədli milli musiqimizin fədailərindəndir. OnunTar üçün etüdlər”, “Tar üçün qamma və etüdlər”, “Azərbaycan muğamları” kitabları musiqi təhsili müəssisələrində indi də istifadə edilən əvəzsiz vəsaitlərdir.

 

 

 

Naxçıvan rəssamlığı

 

 

 

Naxçıvan yalnız qədim tarixin, müasir mədəniyyətin deyil, həm də qədim sənətlərin məkanıdır. Məsələn, dulusçuluq Naxçıvan ərazisində e.ə. VII-VI minilliklərdə yaranıb. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunub.

Azərbaycanda realist rəssamlığın əsasını qoyanlardan biri Bəhruz Kəngərli Naxçıvanda yaşayıb. Onun özülünü qoyduğu rəssamlıq sənəti Naxçıvanda bu gün davaminkişaf etdirilir. Naxçıvan Rəssamlar Birliyinin 52 üzvü var. Onlardan bir nəfər Azərbaycanın Xalq rəssamı, beş nəfər Əməkdar rəssam, beş nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, bir rəssam Əməkdar incəsənət xadimidir.

Əlbəttə, Naxçıvanın mədəni irsi bunlarla yekunlaşmır. Bu qədim diyarımızın zəngin mədəniyyəti həm də xalqımızın tarixidir, keçmişidir. Ən əsası odur ki, Naxçıvan bu gün də Azərbaycanın milli mədəniyyətinə özünün layiqli töhfələrini verməkdədir.

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 19 may.- S.7.