Xalqına, Vətəninə xidmətin mükafatı - unudulmazlıq...

 

 

XX əsr Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı və ictimai fikir tarixində böyük xidmətləri olanlardan biridir  Eynəli bəy Sultanov. O, zəngin və çoxşaxəli yaradıcılıq yolu keçib. Yazıçı, publisist, maarifçi-pedaqoq, dramaturq, teatr tənqidçisi, tərcüməçi, ictimai xadim kimi tanınıb.

Eynəli bəy Sultanov 1866-cı il mayın 5-də Naxçıvan şəhərində dünyaya gəlib. İbtidai təhsilini Naxçıvan qəza məktəbində alıb. Sonra İrəvan gimnaziyasında oxuyub. Orada müəllimlərindən biriQori Seminariyasının məzunu, ədəbiyyatşünas Firidun bəy Köçərli olub.

Eynəli bəy gimnaziyada rus, latın, yunan dillərini, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və digər fənləri dərindən öyrənib. Gimnaziyanı bitirdikdən sonra bir müddət Naxçıvanda yaşayıb-yaradıb.

 

 

 

Eynəli bəy Sultanov və məsləkdaşlarının xeyirxah əməlləri...

 

 

 

Öz dövrünə görə mükəmməl savada yiyələnən, dünyagörüşlü, açıqfikirli ziyalı kimi yetişən E.Sultanov gənc yaşlarından millətpərvərliyi, fəallığı, fədakarlığı ilə çoxlarına nümunə olub. Biliyi, bacarığı, təşkilatçılıq qabiliyyəti ilə seçilən Eynəli bəy 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edib. Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov və digər qabaqcıl, tərəqqipərvər şəxsləri bu cəmiyyətə cəlb edib. Onlar xalqın tərəqqisi yolunda birgə çalışıb, nümunə göstəriblər. Dövrün ictimai, siyasi, sosial, mədəni və digər vacib məsələləri cəmiyyətin toplantılarında müzakirə edilib, yeni məktəblərin, kitabxanaların açılmasına qərar verilib, elmi-ədəbi mübahisələr keçirilib. Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin əsərləri oxunub, tərcümə edilib, fikirləri üzərində elmi mübahisələr aparılıb.

1883-cü ildə Naxçıvanda ilk dəfə Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Qurbanəli Şərifov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Mirzə Əlməmməd Xəlilov, Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü, əməyi sayəsində “Müsəlman incəsənəti və dram cəmiyyəti” adlı ədəbi cəmiyyət təşkil olunub. Cəmiyyətin fəaliyyət göstərməsi üçün şəhərin yeni fikirli, tərəqqipərvər adamları yardım göstəriblər. Amma hökumət məmurları, ruhanilər onların xeyirxah əməllərini hiddətlə qarşılayıblar. Ancaq maneələr, təzyiqlər bu cəfakeş, vətənsevər ziyalıları yollarından döndərə bilməyib.

 

 

 

Fədakar insan...

 

 

Eynəli bəy Sultanovun teatr sənətimizin inkişafında əməyi çox olub. Buna görə də adı Azərbaycan teatr tarixində əbədiləşib. Naxçıvan teatrının yaranmasında və təşəkkülündə böyük xidmətlər göstərən Eynəli bəy həmməsləklərini öz ətrafında toplaya, gənclərin qəlbində incəsənətə məhəbbət oyada bilib.

Xalqının vətənpərvərlik hisslərinin yüksəlməsi, işıqlı gələcəyə doğru inamla addımlaması üçün yorulmaq bilmədən çalışıb, bir çox sahədə öncüllərdən olub. Hələ 1883-cü ildə Cəlil Məmmədquluzadə bir neçə həmyaşıdı ilə Qori seminariyasında oxuyanda Eynəli bəy Sultanov təhsilini başa vurub doğma şəhərinə dönərək millət naminə geniş fəaliyyətə başlamışdı. Ancaq keçmişin ətalətə, sükunətə sürükləyən adət-ənənələrinin hökm sürdüyü bir cəmiyyətdə daha çox qabaqcıl fikirli, təşəbbüskar, maarifpərvər, millətsevər və fədakar gənclərə ehtiyac vardı. Cəlil Məmmədquluzadə yazırdı: “Mən darülmüəllimini qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu”.

O dövrdə Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin nümayəndələri Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya hazırlayıblar. Onlar İrəvana, xalq məktəbləri inspektoru Tselovalnikova göndərdikləri teleqramda yazıblar: “Naxçıvan müsəlman (şiə) dram sənəti həvəskarları tərəfindən may ayında acların xeyrinə, 1848-ci ildə nəşr edilmişÇadust” kitabından teatr tamaşası göstərməyə icazə vermək haqqında səadətli qubernator yanında vəsatət etməniz rica olunur”.

Razılıq alındıqdan sonra, 1883-cü ilin mayında tamaşa Hacı Nəcəf Zeynalovun evində göstərilib.

 

 

 

Publisist, tərcüməçi, yazıçı...

 

 

 

Eynəli bəy Sultanov Naxçıvanda həm də mədəni-maarif tədbirlərinin təşkilatçısı, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi tanınıb. O, cəmiyyəti girdaba sürükləyən ətalət mürgüsündən, xurafat məngənəsindən xilas etmək üçün məslək dostları ilə birlikdə ilk mədəni tədbirlər təşkil edib.

Naxçıvanda kitabxana açdırmaq məsələsində də Eynəli bəy Sultanovun böyük əməyi olub. Bu şəhərdə maarifçi mühitin formalaşması Eynəli bəyin adı ilə bağlıdır.

Rus dilində çıxan “Novoye obozreniye” qəzetində Eynəli bəy Sultanovun müntəzəm məqalələri dərc edilib. Həmin yazıları onu istedadlı  qələm adamı kimi tanıdıb.

1905-1908-ci illərdə o, “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olub. Qəzetin səhifələrində olduqca maraqlı, dövrünün ictimai-siyasi hadisələrini əks etdirən məqalələri, hekayələri və şeirləri işıq üzü görüb. Eynəli bəy onu narahat edən, düşündürən problemlərdən, mövzulardan qəzetlərə ardıcıl məqalələr yazıb göndərib.

Gənc yaşlarında öyrəndiyi xarici dillər Eynəli bəy Sultanovu tərcüməçilik sahəsində fəaliyyətə sövq edib.

Eynəli bəy bir müddət İrəvan dairə məhkəməsində tərcüməçi də işləyib. Hüquq idarələrində təcrübə qazanan ədib insan hüquqlarının keşiyində dayanıb. 1906-cı ildən etibarən o, İrəvan dairə məhkəməsinin prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsində çalışıb.

Eynəli bəy Sultanov bəy nəslindən idi. Onların kəndləri, geniş torpaq sahələri, tarlaları, kəhrizləri vardı. Ata-babalarının xeyirxah əməllərini davam etdirən Eynəli bəy xeyriyyəçiliklə məşğul olub. Öz biliyini, savadını doğma xalqından əsirgəmədiyi kimi malını, mülkünüinsanlara xərcləyib. O, 1907-ci ildə Naxçıvan ətrafındakı Göynük, Sürməlik və Sirab kəndlərindəki şəxsi torpaq sahələrini kəndlilərə paylayıb.

Naxçıvan və İrəvandan sonra Eynəli bəy Sultanov Tiflisdə yaşayıb yaradıb. Həmin şəhərdə nəşr olunan bütün mətbuat orqanlarında, xüsusilə də “Molla Nəsrəddin” jurnalının səhifələrində onun maraqlı, düşündürücü yazılarına yer verilib.

O, uzun müddət Tiflisdə teatr mühitinin inkişafı uğrunda çalışıb. Bədii yaradıcılıqla da məşğul olub. Əsasən dram və nəsr əsərləri yazıb. Eynəli bəyin qadın azadlığı məsələsinə həsr edilən “Tatarka” (“Azərbaycan qızı”) pyesi ilk dəfə Naxçıvanda tamaşaya qoyulub, 1904-cü ildə isə İrəvanda kitab halında çap edilib.

Tiflisdə yaşadığı illərdə səhnəciklər yazıb, Mirzə Fətəli Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” və “Hacı Qara” komediyalarını rus dilinə tərcümə edib. Tiflis teatrında göstərilən müxtəlif tamaşalar barəsində resenziyalar, ayrı-ayrı aktyorların oyunları haqqında məqalələr qələmə alıb.

Eynəli bəy Sultanov bir pedaqoq kimi də fəaliyyət göstərib. Gənc nəslin yetişməsində bilik və bacarığını əsirgəməyib. O, 1912-1916-cı illərdə Tiflisdə fəaliyyət göstərən qadın gimnaziyasında rus dili dərslərini tədris edib. Sonralar ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışıb. Əlifba islahatı uğrunda da ardıcıl mübarizə aparıb. 1924-cü ildə yeni əlifba komitəsinin Tiflis şöbəsinin katibi olub.

Dünyanın həqiqəti budur: ömür əbədi deyil. Gələnlər bir gün gedirlər. Qalan, insanın gördüyü işlər, unudulmayan əməlləridir. 1935-ci ilin iyununda Tiflisdə vəfat edən Eynəli bəy Sultanova da unudulmazlıq qazandıran gördüyü böyük işlər, xalqına, vətəninə göstərdiyi xidmətlərdir.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 19 may.- S.8.