Şuşanın bir parçası...

 

Yalçın Adıgözəlovla birgə Qarabağ şikəstəsi oratoriyası da vətəninə qayıtdı

 

 

...O gün Şuşa səması bir başqa cür aydın, təmiz idi. Qızmar günəş ora toplaşmış insanları iliyinə qədər isidirdi. Elə bil, 30 ilə yaxın buz bağlamış həsrəti dəqiqələr içində əritməyə tələsirdi.

Qarabağın musiqi sənətini genetikasında daşıyanların yaratdığı musiqilər Cıdır düzündən Şuşa səmalarına yayılırdı. Günəş enerjisini onlardan, onlar da günəşdən alırdılar, sanki. Şuşa o gün ruhların, ruhaniliyin ağuşuna sığınırdı, xumarlanırdı, sakinlərinin qayıdışının sevinci ilə bihuş olurdu.

Bayatı-şiraz, Qarabağ şikəstəsi Qarabağda səslənirdi...

Maestro Yalçın Adıgözəlov səhnədə orkestri idarə edirdi. Orkestr atası Vasif Adıgözlovun yazdığı Qarabağ şikəstəsi oratoriyasını çalırdı...

Musiqinin sədaları altında maestro da izaholunmaz hisslərlə dirijor çubuğunun ahənginin axarına düşmüşdü. Başı yuxarı, üzü göylərə. Buludlardan çox aşağı, Şuşadan azca yuxarıda bir qartal süzürdü, qanadlarını havanın və musiqinin ahənginə buraxıb səmaya pərvazlanırdı. Düz orkestrin üstündən, Yalçın Adıgözəlovun gözləri qarşısından süzüb keçəndə qartal qartallara xas bir qətiyyətlə qanad çaldı və göylərin ənginliklərinə sarı gözdən itdi...

Maestronun simasından orkestrin üstünə bir insanın simasına sığmayacaq sevinc yağdı...

Qarabağ söhbətlərində bu dəfə Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovla həmsöhbətik. Xarıbülbül festivalında iştirak edən Yalçın Adıgözəlov Şuşanın günəşində yanıb, bulağından su içib, havasını udub, uzun illər həsrətini çəkdiyi küçələrində gəzib, səhnəsində çıxış edib. Bunlardan danışırıq, o mistik anları necə yaşamasından...

 

 

Sevincin sarsıntısı

 

 

- Bir həftədir Şuşadan qayıtmışıq, hələ də gördüklərim mənə yuxu kimi gəlir və özümü toparlaya bilmirəm. Çox həyəcanlı idim. Mənəvi sarsıntı keçirmişəm sevincdən. Amma sarsıntının yaxşısı da, pisi də elə sarsıntıdır, onu cilovlamaq asan olmur.

Gözlərim qarşısında atamın obrazı canlanırdı. Zülfi babamı, əmim Rauf Adıgözəlovu düşünürdüm ki, onlar necə yaşayardılar Şuşaya qayıdışı. Özümü çox xoşbəxt hiss edirəm, atamın vəsiyyətini yerinə yetirə bildim. Demişdi mütləq Qarabağ şikəstəsi oratoriyasını Şuşada səsləndirərsən. İnanırdı ki, o gün gələcək, deyirdi Şuşa azad ediləcək və Xarıbülbül festivalı bərpa olunacaq. O zaman bu oratoriyanı orda səsləndirərsən. Əsər 35 dəqiqəlikdir, amma Şuşada yalnız 7 dəqiqəlik finalı səsləndirdik. Gələcək festivallarda tam şəkildə ifa edərik.

Səhnəyə çıxanda özümü unutmuşdum, heçhiss etmirdim. Şuşa - doğma məkan almışdı ağuşuna məni.

 

 

Baba evi

 

 

- Hər yay Şuşaya gedərdim. Mən 1959-cu ildə Bakıda babam Zülfi Adıgözəlovun evində anadan olmuşam. Atam Vasif Adıgözəlov Bakıda anadan olub. Babam Ağcabədinin Qaradolaq kəndində doğulub. Qışda şuşalılar Ağcabədiyə qışlağa gedərmiş. Babam da ailə qışlaqda olarkən dünyaya gəlib. Dahi Üzeyir bəylə eyni kənddə.... Üzeyir bəy oradan köçüb Şuşaya. Zülfi Adıgözəlovun Bakıya köçməsinin səbəbkarı da Üzeyir bəy olub. 1925-ci ildə Şuşada toylardan birində babamı Cabbar Qaryağdıoğlu dinləyib. Babamın onda

27 yaşı varmış. Həmin toyda Fikrət Əmirovun atası Məşədi Cəmil də olub. İkisi də babamı Bakıya dəvət ediblər. Babam gəlib Bakıya, Üzeyir bəy onu dinləyib və filarmoniyaya solist götürüb.

Ulu babam Səməd bəy Adıgözəlovun evi Şuşadadır. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov babamın evinin yerini göstərdi mənə. Dedi dədənin evi burda idi, gəlib burda ev tikərsən...

 

 

Cənnət elə Qarabağdır...

 

 

- 30 ildir dünyada Azərbaycan musiqisini təbliğ edirəm. Görmədiyim ölkə qalmayıb. Qarabağ təbiəti kimi fantastik, təkrarolunmaz təbiət heç bir yerdə görməmişəm, heç yoxdur da. Adamın içi ona görə göynəyir ki, ermənilər ən gözəl yerlərimizdə məskən salıblar, hələ bu da onları qane etməyib, daha çox istəyirlər.

Azərbaycanın hər qarışı vətəndir və əzizdir bizə. Naxçıvan da gözəldir, Quba da gözəldir, amma Qarabağ fərqlidir. Cənnət əgər varsa, elə Qarabağdır!

Qanla qaytardıq torpaqlarımızı, şəhidlər verdik. O qəhrəman, qartal oğulların canı, qanı bahasına Şuşa işğaldan azad olundu. Mən Qarabağ şikəstəsi oratoriyasını ifa edəndə başımızın üstündən bir qartal uçdu, o qartal həmin igidlərin ruhu idi. Çox təsiredici, duyğulu bir aura vardı Şuşada, Cıdır düzündə...

 

 

Növbəti festivallara indidən hazırlaşmalıyıq

 

 

- Xarıbülbül festivalı ənənəvi olacaq. Bu, sayca dördüncüsü idi. Əvvəlkilər 1989-cu, 1990-cı və 1991-ci illərdə keçirilmişdi. Torpaqlarımız azad olunandan sonra Prezident İlham Əliyev festivalı bərpa etdi. İndi bilmirəm, gələnilki festival 5-ci olacaq, yoxsa ikinci. Mən istərdim ki, 5-ci festival olsun. İnanıram ki, şərait də bugünkündən daha yaxşı olacaq. Min nəfərdən artıq adam vardı bu dəfə. Onların hamısını işğaldan yeni azad edilmiş, dağıdılmış şəhərdə yerləşdirmək, qəbul etmək asan deyildi. Amma Heydər Əliyev Fondu tərəfindən hər şey çox yüksək səviyyədə təşkil edilmişdi.

Növbəti festivala indidən hazırlaşmalıyıq. Bütün dünya ölkələrindən qonaqlarımız olacaq. Şuşadan qayıdandan sonra birdən- birə telefonuma minə yaxın mesaj gəldi. Şuşada olanda təhlükəsizlik üçün internet yox idi. Ordan çıxan kimi gördüm dünyanın hər yerindən mənə təbrik mesajları gəlib. Hamı gəlmək, Şuşanı görmək arzusundadır. İtaliya, Fransa, Amerika, bu vaxta qədər hansı ölkələrdə olmuşamsa, hamısından mesaj gəlmişdi. Braziliyada 90 nəfərlik orkestrin rəhbəri yazıb ki, hamımız Şuşaya gəlmək istəyirik. O orkestrlə 7 ildə üç dəfə konsert vermişik. Hər konsertə də iki-üç Azərbaycan əsəri salmışam repertuara. Qara Qarayevi, Üzeyir bəyi, Niyazini səsləndirmişəm Braziliyada. Onlar bizim musiqini çox sevirlər. Deyirlər, fantastikadır, yoxdur belə musiqi dünyanın başqa ölkəsində. Azərbaycan səfirliyi ilə birlikdə festival keçirmişik Braziliyada. Mətbəximizi, rəsm əsərlərimizi də sərgiləmişdik. Bütün mədəniyyətimizlə tanış etmişik onları. İndi gəlib Qarabağı görmək istəyirlər.

 

 

Vaqif Poeziya Günləri keçiriləcək

 

 

- Elçin, Yusif, Dinara Moskva Böyük Teatrında çalışan həmyerlilərimizdir. Hər biri Şuşada festivaldan bir paylaşım etmişdi. Hər yerdən onlara da mesajlar gəlirdi. Onların dəvət olunması düzgün siyasət idi.

Selcan Nəsibli Londonda çalışır, Azər Rza Milandan gəlmişdi. Yusif Rzayevin paylaşımında çıxışına iki saatda iki milyon insan baxmışdı. Bu, çox əhəmiyyətlidir. Yusifin, Elçinin Sənsizi oxumalarını bizim insanlar qəbul etmir. Düşünürlər ki, onlar Bülbül kimi oxuya bilməzlər, çünki bunlar Avropa üslublu klassik ifaçılardır. Amma onların çevrələri genişdir, bu, Azərbaycanı tanıtmaq, təbliğat üçün çox vacibdir. Düzgün düşünülmüşdü.

Hələ ilin axırında Vaqif Poeziya günləri. Vaqifin məqbərəsi artıq bərpa olunur, çox az qalıb, tamamlama işləri gedir. Onun açılışı qarlı bir qış havasında Ulu Öndərin iştirakı ilə olmuşdu.

 

 

Qarış-qarış gəzərdik Qarabağı...

 

 

- Hər şey bərpa olunacaq, hamısı qayıdacaq yerinə. Təəssüf ki, o insanlar olmayacaqlar. Süleyman Ələsgərovu Şuşa dərdi apardı. Süleyman əminin oğlu rəhmətlik Əyyubla qardaş kimi idik. Bir həyətdə böyümüşdük. Mayın axırından gedirdi Şuşaya, bir sentyabrda qayıdırdı. Mən müxtəlif ölkələrdə musiqi təhsili almışam, 30 yaşa qədər çalışmışam. Hər yay tətilə gələndə günlərimin əksəriyyətini Şuşada Əyyubla keçirirdim. Süleyman müəllimin evində qalırdıq. Ağgül xanımın bərəkətli süfrəsində gözəl təamlardan dadardıq. Qarış-qarış gəzərdik Qarabağı. Hər səhər Şuşanın bazarına gedərdik. Çox gözəl bazarı vardı. Bazarın qəribə ətri vardı, hələ qoxusu burnumdadır.

Şuşanın musiqi məktəbində çox olmuşam. Tətil günlərində Şuşada musiqi mühiti adamı tərk etmirdi. Çay daşı döşənmiş küçələri yağışdan sonra mirvari kimi parıldayırdı. Yaşıllığı tamam bir başqa idi. Bu səfər zamanı bir məqama fikir verdim. O vaxtlar qədər qavrasam da təbiəti, Şuşanın gözəlliyini, sən demə, duymamışam. Bu dəfə Şuşanı dərindən duydum, yaşadım, oldum Şuşanın bir parçası. Görünür, 20-30 yaşda onu duymaq olmazmış, indiymiş vaxtı. Anladım ki, doğmalıq bu duyumla olur. Kök var, bağlılıq var. Deyirlər ki, 30 il Şuşada doğulanımız olmayıb, sənət bağı qırılacaq. Daha Üzeyirlər, Zülfülər, Bülbüllər yetişməyəcək. Deyirəm yox, genetika var, qan var, kök var, davam edir. Bakıda doğulanlar da onu davam etdirəcək.

Əgər genetik olsaydı, ermənilərdən muğam oxuyan çıxardı. Deməli, yoxdur. Kamançanı ifa edirlər, o barmaq texnikasıdır, boğazı texnika ilə yaratmaq olmur. Bakıda doğulan qarabağlı gənclər tanıyıram, konsertlərdə görürəm, heyrətamiz səsləri, ifaları var.

 

 

Kaş ki, o da qayıda biləydi Şuşaya...

 

 

Qayıdan kimi getdim atamın məzarı başına, onu ziyarət etdim. Dedim Şuşadan gəlirəm, ata. Çox kövrəldim, kaş ki, o da qayıda biləydi Şuşaya. Yaxşı ki, ölməz əsəri qayıtdı, Şuşada səsləndi. Atam qayıda bilmədi, amma Qarabağ şikəstəsi oratoriyası vətəninə qayıtdı.

Eşitdim Şuşanın təbiətini qorumaq üçün orda yalnız elektromobillər olacaq, avtomobil olmayacaq. Natəvan bulağından su gəldi artıq. Demək, həyat bərpa olur şəhərdə. Şuşada yenə musiqi məktəbləri açılacaq. Konservatoriyanın filialı olacaq. Füzulidə beynəlxalq hava limanı açılandan sonra təhlükəsizlik beşqat təmin olunacaq. Daim gedib gələcəyik. Özü tək biz yox, dünyanın hər yerindən oraya insanlar axışacaq.

Çox istəyirəm bu festival təkcə Şuşada olmasın, Qarabağı gəzsin, Laçında, Kəlbəcərdə, Ağdamda da keçirilsin. Əsas odur ki, o yerlərə həyat qayıtsın, sakinlər yurdlarına dönsünlər. Qarabağın hər küncündən uşaq səsi gəlsin. Uşaq səsi gəldisə, həyat olacaq.

...Qartal qanadlarını çırpıb Şuşanın göylərinin ənginliklərində gözdən itdi. Qartalın qanad çaldığı yerdən Qarabağ şikəstəsi oratoriyasının ahənginə ondan da uca bir səs qarışdı. Uşaq ağlayırdı, yenicə doğulmuş uşaq...

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 23 may.- S.1;3.