Vermərəm can sənə mən, can alan olsan da, gülüm,

 

 

 

Vermərəm can sənə mən, can alan olsan da, gülüm,

Çün alıb canı... yaşarsan təzə bir canda, gülüm.

 

Gərçi mən acizəm, amma sən əzazil olma,

Elə rəftar et... özünlə məni bir san da, gülüm!

 

Mən ki Cəmşid deyiləm, busənə bir qəsr verim,

Bir mənəm, bir canım... almasan, alsan da, gülüm.

 

Sən keçən yollara mən göz gülabı səpmədəyəm,

Sən gedib, çör-çöpə öz sayəni salsan da, gülüm.

 

Səni göz nurum, həyat məqsədim, ömrüm bilirəm,

Üzü ay, gün şəfəqi, gül dodağı qənd, a gülüm!

 

Məni bir şəm ilə öldürmə, de, pərvanəmiyəm?

At qılıncı ki, mən atdım yerə qalxan da, gülüm!

 

Qul Nizami sənə dünya kimi açdı qucağın,

Bir öpüş... Yox deyibən etmə aman, and, a gülüm!

 

 

Ey gülü-xəndanımız, sərvi-xuramanımız,

 

 

Ey gülü-xəndanımız, sərvi-xuramanımız,

Mən səninəm, sən kimin? Ey təzə reyhanımız.

 

Can sənə təslim olub, ruh dolanır başına,

Hər umursansa um, ey ruh ilə canımız!

 

Kəssə dəstim qılınc, zülfün ucun vermərəm,

Ta ki quca boynumu yar əli - mərcanımız.

 

 

Təşnə mənəm, çeşmə sən, söndür ürək yanğımı,

 

Bal dodağındır sənin çeşmeyi-heyvanımız.

 

Can de Nizamiyə gəl, ta ki ucaltsın bizi

Ən ulu şah Axsitan - sahibi divanımız.

 

 

Sığar qəlbə, qəmin dünyaya sığmaz,

 

Sığar qəlbə, qəmin dünyaya sığmaz,

Məhəbbət - dağ seli... məcraya sığmaz.

 

Gözüm qan-yaş... soruş hardan sızır qan?

Yığışsa çay olar, dəryaya sığmaz.

 

Gülüm, gülmə... dar ağzına bir öpgüm,

Şirin busəm sığar bəlkə, ya sığmaz.

 

Vüsal ümidi bir teldir - çox incə,

Vüsal eşqi sözə, misraya sığmaz.

 

Dodaq mücrün mənə bir ləl versə,

Günəş şehdə güli-rənaya sığmaz.

 

Nədir əhdin? Canım almaq? Bu gün al!

Sabah gecdir. Sabah sevdaya sığmaz.

 

 

Sən görən deyiləm mən, sənsə elə o ləlsən.

 

 

 

Sən görən deyiləm mən, sənsə elə o ləlsən.

Mənim gəncliyim ötdü, sən bir az da gözəlsən.

 

 

 

Əmrinlə yox, təskin et məni öz insafınla.

Mən istəyən qədər yox, bacardığım qədər sən.

 

Sınıxmışam, eləmi? Necə sınmasın ürək?

Canım elə o candır, cismim - necə görmüsən.

 

 

 

Sən - Xəlilisən, mən - od, axı neçin sönməyim?

Mən ölürəm, sən yaşa! Ətir saç, ey gülbədən.

 

 

 

Sənin ay cəmalını görüm deyə bircə gün,

Musa tək ömrüm boyu çobanlıq edərəm mən.

 

Bağçamızda nə varsa, xəzan aldı, apardı,

Sənin kimi bahardan mən təravət umarkən.

 

Nizami kəmər çəkib dayanmış xidmətində,

İki dünya günəşi alnında parlar, əhsən!

 

Azərbaycan.-2021.- 23 may.- S.6.