Bakının ən gözəl binalarından biri - Dövlət Filarmoniyası

 

Bu konsert kompleksi mədəniyyətimizin və milli memarlığın gözəl nümunəsidir

 

 

Bakının hər bir tarixi küçəsi, eləcə də müasir park və xiyabanları daim maraqla ziyarət edilib. Paytaxtın əcnəbi qonaqlarının daha çox göründüyü İçərişəhər isə sanki nağılların, əfsanələrin yadigarıdır: addımbaşı səni qeyri-adi mənzərə qarşılayır.

Bakı əzəmətli, milli memarlıq üslubunda tikilən binaları ilə də paytaxt şəhərləri arasında seçilir. Belə tarixi yadigarlardan birifilarmoniya binasıdır ki, tikilməsinin maraqlı tarixi var.

 

İtaliya memarlıq üslubu ilə Şərq memarlıq sənətinin sintezi

 

 

Ölkəmizdə ilk Şərq konserti 1901-ci ilin yayında Şuşada təşkil edilib. Bir il sonra, yanvar ayının 11-də isə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur müğənnilərdən Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Seyid Mirbabayev və başqalarının iştirakı ilə Şərq konserti keçirilib.

Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə 1903-cü il yanvarın 27-də paytaxtda təşkil edilmiş ən böyük Şərq konserti isə Azərbaycanda filarmonik fəaliyyətin ilk tədbiri hesab olunub. O zamanlar Bakıda musiqi tədbirlərinin əksəriyyəti Musa Nağıyevin 1890-cı ildə tikdirdiyi Qış binasında keçirilirdi. Belə tədbirlər get-gedə intensiv xarakter alırdı. Buna görə də şəhər zadəganları 1907-ci ildə Bakının iqlim şəraitini nəzərə alaraq ictimai toplantılar üçün Yay binasının da tikilməsi barədə hökumətə müraciət edirlər. Beləliklə, 1910-cu ildə həmin binanın inşası başlanıb. İki il ərzində tikilib başa gələn binanın özəlliklərindən birio idi ki, İtaliya memarlıq üslubu ilə Şərq memarlıq sənəti ənənələrini özündə birləşdirirdi.

Pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif musiqi qurumları 1936-cı ilin mayında respublikanın ən mötəbər konsert təşkilatı kimi yaradılan Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi. 1937-ci ilin avqustunda filarmoniyaya böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verildi. Filarmoniyanın konsert təşkilatı kimi təşəkkül tapmasında və inkişafında Azərbaycanın görkəmli sənətkarları Üzeyir bəy Hacıbəylinin, Soltan Hacıbəyovun, Bülbülün, Cahangir Cahangirovun, Niyazinin, Qəmər Almaszadənin və başqalarının misilsiz xidmətləri olub. Bu gün ölkəmizin ən iri konsert təşkilatının nəzdində fəaliyyət göstərən Dövlət Simfonik Orkestri, Dövlət Kamera Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Rəqs Ansamblı, Dövlət Xor Kapellası, Dövlət Simli Kvarteti və digər musiqi kollektivlərinin təşəkkül tapıb ərsəyə gəlməsində filarmoniyanın əvəzsiz rolu olub.

 

 

Dünyanın məşhurları filarmoniyada

 

 

Bu tarixi binada Azərbaycanın Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Şövkət Ələkbərova kimi dahi musiqi xadimləri dəfələrlə çıxış ediblər. Dünya musiqi sənətinin görkəmli nümayəndələrindən sayılan Dmitri Şostakoviç, Tixon Xrennikov, Svyatoslav Rixter, Van Klibern, Mstislav Rostropoviç, David Oystrax, Lev Oborin və başqalarının filarmoniya səhnəsindəki çıxışları simfonik musiqi həvəskarlarının yaddaşlarına həkk olunub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mədəni quruculuq prosesinin də sürətlə aparılması üçün geniş imkanlar yarandı. Təəssüf ki, müstəqilliyin ilk illərində bu imkanlardan nəinki lazımınca istifadə edilmədi, hətta mədəniyyət və incəsənət sahələrində qazanılan nailiyyətlər itirildi. Azərbaycanın tanınmış musiqiçiləri xarici ölkələrə üz tutmağa başladılar...

Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı kimi də tarixə adını qızıl hərflərlə yazan Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bu sahədə də özünü göstərdi. Mədəniyyət və incəsənət sahələrində yaranmış mürəkkəb vəziyyət 1994-1995-ci illərdə araşdırılaraq, bəzi təkliflər hazırlandı. Bundan sonra Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar musiqi kollektivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların yeni yaradıcılıq nailiyyətlərinə həvəsləndirilməsi yolunda mühüm rol oynadı.

Azərbaycan mədəniyyətinə, o cümlədən incəsənətə daim diqqət yetirən Ulu Öndər Heydər Əliyevin bu möhtəşəm mədəniyyət mərkəzinin yenidən bərpası və əsaslı təmiri ilə bağlı 2002-ci il 29 noyabr tarixli sərəncamında qeyd edilir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binası xalqımızın milli sərvətidir. Paytaxtımızın nadir memarlıq incilərindən biri olan, unikal akustika imkanları ilə seçilən bu bina XX əsrdə Azərbaycan musiqi sənətinin misli görünməmiş inkişafının şahidi olubbu prosesin gerçəkləşdirilməsində əvəzsiz rol oynayıb.

 

 

Həm də görüş yeri...

 

 

1976-1977-ci illərdə filarmoniyanın binasında əsaslı təmir aparılsa da, yeraltı suların onun zirzəmisinə sızması nəticəsində bina get-gedə yararsız vəziyyətə düşmüşdü. 1995-2000-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yeraltı suların qarşısının alınması və binanın bünövrəsinin möhkəmləndirilməsi üçün müvafiq işlər həyata keçirildi. Binanın konsert fəaliyyətinin müasir tələblərə cavab verməsi üçün orada əlavə tikinti işlərinin də aparılması qərara alındı. Binanın gözəlliyi ilə yanaşı, onun özəllikləri də var. Palladiya ruhunda İtaliya intibahı onun memarının dünyagörüşündən xəbər verir. Bir sıra zənginliyi ilə seçilən bina intibah dövrünün İtaliya villalarını xatırladır. Bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib.

Filarmoniya bağının isə başqa bir özgə füsunkarlığı var. Belə ki, bağ qədim qala divarları ilə əhatələnmiş İçərişəhərə gəlib-gedənlərin istirahət guşəsinə çevrilib. İlin bütün fəsillərində Filarmoniya bağı qonaq-qaralı olması ilə də diqqəti çəkir. Ən əsası isə vaxtilə musiqiçilərin görüş yerinə çevrilmiş Filarmoniya bağı bu gün həm də poesiyasevərlərin ziyarət etdiyi Vahid Poeziya Evini öz qoynuna alıb.

Bakıya yaraşıq olan belə bağlar, parklarbinalar onun özəlliklərini artırır. Bakı bu mənada həsəd aparılan, əsrlərin yadigarı, müasirliyin nümunəsidir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 26 may.- S.8.