Xalqını sevən “xalq düşməni”

 

 

XX əsr Azərbaycan ədəbiyyatında onun da imzası var. Əsərlərində dövrünün mürəkkəb hadisələrini təsvir edib. Əsl peşəsi isə müəllimlik idi. Gənc nəslin yetişməsində, təhsil almasında pedaqoq İbrahim bəy Musabəyovun xüsusi xidmətləri olub.

 

 

 

Pedaqoq

 

 

O, 1880-ci ildə Nuxa (o zamanlar Şəki) qəzasının Qutqaşen kəndində (indiki Qəbələ şəhəri) dünyaya gəlib. İlk təhsilini də Qutqaşendə alıb. 1898-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olub. 1902-ci ildə təhsilini tamamlayıb. Təyinatla Şəki şəhəri üçüncü rus-tatar məktəbində işləməyə başlayıb. Bu məktəbdə müəllimlik fəaliyyəti doqquz il davam edib. 1911-ci ildə Bakıya gəlib. Birinci rus-tatar məktəbində işə düzəlmək üçün müəllimlər komissiyası qarşısında imtahan verib.

O illərdə Azərbaycanın millətsevər, fədakar ziyalılarının çoxu Bakıya toplaşmışdı.  İbrahim bəy Musabəyov da onların sırasına qoşularaq soydaşlarının tərəqqisi uğrunda çalışıb. O, bu şəhərdə pedaqoji fəaliyyətini davam etdirib.

Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə nəşr olunan “Məktəb” jurnalında o vaxt XX əsrin demokratik düşüncəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış ediblər. Onların arasında Süleyman Sani Axundov, Nəriman Nərimanov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları var idi.

 

 

 

Yazıçı

 

 

Bədii yaradıcılıqla məşğul olmağa  başlayan İbrahim bəy Musabəyov da  bu mətbu orqanla sıx əməkdaşlıq edib. “Məktəb” jurnalı onun bədii yaradıcılığında əhəmiyyətli yer tutub. Jurnalın səhifələrində “Çay”, “Rəhimli arvad”, “Rzanın qutusu”, rus yazıçısı V.Q.Korolenkodan təbdil etdiyi “Koronun yoldaşı” kimi kiçikhəcmli hekayələr dərc olunub. Müəllifin “Məktəb” jurnalında nəşr olunmuş əsərləri yığcamlığı, forma rəngarəngliyi, süjetkompozisiya bitkinliyi ilə diqqəti cəlb edir. Hekayələrində ədibin məqsədi gənc nəsildə əxlaqi-mənəvi keyfiyyətlər formalaşdırmaq, onları mübarizlik ruhunda tərbiyə etməkdir.

1915-ci ildə İbrahim bəy Musabəyovun “Üç hekayə” adlı kitabı işıq üzü görüb. O, B.N.Polevoyun “İki dost, iki yol” hekayəsini təbdil edib. “Xoşbəxtlər”, “Cəhalət fədailəri”, “Gözəllərin vəfası”, “Neftmilyonlar səltənətində” povestləri çap olunub.

Dövrün ictimai-siyasi hadisələri İbrahim bəy Musabəyovu da cəlb edib. Fevral inqilabı ərəfəsində Bakıda baş verən ümumtətil günlərində Bakıda Balaxanı, Bibiheybətdə yerləşən neft mədənlərində çalışan fəhlələrin həyatı ilə yaxından tanış olub və təəssüratlarını qələmə alıb.

Bədii yaradıcılıqla ciddi məşğul olan, bir sıra maraqlı nəsr əsərləri və tərcümələri ilə tanınan İbrahim bəy Musabəyova “Neftmilyonlar səltənətində” povesti xüsusi ilə məşhurluq gətirib. Əsər maraqlı və aktual mövzuda qələmə alınıb. Belə ki, XX əsrin əvvəllərində Bakıda neft sənayesi sürətlə inkişaf etməkdəydi. Bu inkişaf Bakının görkəminin dəyişməsinə rəvac verir, şəhərdə yaşayanların böyük əksəriyyətinin həyatına, məişətinə təsir göstərirdi. Varlılarla kasıblar arasında uçurum daha da dərinləşirdi. Bu hadisələr bədii ədəbiyyatda da öz əksini tapırdı. “Neftmilyonlar səltənətində” povesti həmin dövrdə Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və kasıb təbəqənin həyatını təsvir edən, pulun hökmranlığının ifşasına həsr olunan maraqlı bədii nümunələrdən sayılır. Əsərin qəhrəmanı yoxsul Cəlilə neft birdən-birə böyük var-dövlət qazandırır. Varlanan Cəlil dəyişməyə başlayır. İçərisindən çıxdığı, yoldaşlıq, dostluq etdiyi insanları bəyənmir. Yeni həyat tərzinə uyğunlaşa bilməyən Cəlil çoxlu səhvlərə yol verir.

Əsərdə mənfi qəhrəmanlarla yanaşı, müsbət surətlər də var. Onların simasında müəllif pulun dəyişə bilmədiyi insanları təsvir edib.

Tezliklə “Neftmilyonlar səltənətində” povesti ictimaiyyətin diqqətini cəlb edib. Həmin əsər əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə “Filma” fransız kino şirkəti 1916-cı ildə dörd seriyada ibarət kinofilm çəkib. Filmdə rus kino sənətkarları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov, Mirmahmud Kazımovski də çəkilib. Əsər 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlaşdırılıb.

 

 

 

Sürgündə ömrü bitən ziyalı

 

 

 

1918-ci ilin yanvarında İbrahim bəy İranın Rəşt şəhərinə yollanıb. Orada da pedaqoji fəaliyyətini davam etdirib. Rus dili müəllimi işləyib. O həm də Rəştdə yerləşən çar ordusu hissələrində siyasi təbliğat işləri həyata keçirib. Çox keçməyib ki, buna görə həbs edilib. Qəzvin şəhərinə aparılıb. 1919-cu ilin mayında həbsxanada baş verən yanğın qaçmasına şərait yaradıb. Krıma gedib. Orada kino sahəsində çalışıb. İki kinossenari yazıb.

1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayının nümayəndəsi olub. İllər sonra - 1931-ci ildə isə o, Azərbaycan müəllimlər qurultayına nümayəndə seçilib.

Tanınmış pedaqoq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə “Əmək qəhrəmanı” adına layiq görülüb.

İbrahim bəy Musabəyov da repressiya burulğanından xilas ola bilməyib. Onu “xalq düşməni” iddiası ilə həbs ediblər. Verilən sürgün cəzası İbrahim bəyin ömrünə son qoyub. Maarifçi, yazıçı pedaqoq İbrahim bəy Musabəyov 1942-ci il sentyabrın 14-də Karaqandada (Qazaxıstan) sürgündə dünyasını dəyişib.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 26 may.- S.9.