Şuşanın Anarı

 

 

...Anadır arzulara hər zaman Qarabağ

Danışan dil-dodağım tar, kaman Qarabağ.

Qarabağ, can, Qarabağ, ana yurdum...

O gün uzun illərdən sonra bu mahnıya göz yaşları içində, nisgillə deyil, sevinclə qulaq kəsildik. Müğənni ürəklə, şövqlə, qürurla oxuyurdu. Bir neçə ay əvvəl bu mahnını ifa edən Əməkdar artist Yaqut Abdullayeva mahnının içində Can, Qarabağ kəlməsini ana yaralı övladına təsəlli verməyə çalışırmış kimi dərin yanğı ilə vurğulayırdı. O gün, Can, Qarabağ sədaları sevinc qanadlarında qayalarda əks-səda verib ta haqqın dərgahına qədər uzanırdı...

Qarabağ söhbətlərinə bu dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla belə başladıq.

Şuşanın ötən əsrin 50-ci, 80-ci, 90-cı illərinin şahidi, Şuşada film çəkən, Şuşanın işğalının ağrısını yaşayan işğaldan sonrakı Şuşanı ziyarət edib qürurlanan yazıçıyla...

 

 

İlk pyesimi Şuşada yazdım

 

- Şuşa ilə, Qarabağla bağlı xatirələrim çoxdur, özü hamısı munis xatirələrdir. İlk dəfə 1954-cü ildə olmuşam Şuşada. Onda mənim 14 yaşım vardı, ailəlikcə istirahətə getmişdik. Sənin nəğmən yaxşıdır adlı ilk pyesimi Şuşada yazdım o zamandan da bu peşəni seçdim.

O vaxt Şuşa Azərbaycan şəhəri təəssüratı yaratmırdı. Şəhərə girən kimi bir erməni qızının heykəli qoyulmuşdu.

Nelson Stepanyanın heykəli vardı. Şuşa adlı Azərbaycan şəhərində bir nəfər azərbaycanlının belə heykəli yox idi. Atam təklif verdi ki, dincəldiyimiz istirahət evinə Üzeyir bəy Hacıbəylinin adını versinlər. Təklifə baxıldı ora Üzeyir bəyin adını verdilər. Şuşa haqqında ilk təəssüratım bunlardır.

 

Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevlə bir yerdə Şuşada olmuşam. Onun iştirak etdiyi tədbirlərə mən qatılmışam. Üzeyir bəy Hacıbəyli günlərində, Molla Pənah Vaqifin məqbərəsinin açılışında olmuşam...

 

 

Şuşada Uzun ömrün akkordları çəkdim

 

 

- 1981-ci ildə isə ən çox yadımda qalan Şuşa günləridir. O il Şuşada Uzun ömrün akkordları filmini çəkirdim. Həmin il həm atamı itirdim, həm anamı. Aprelin 1-də atam vəfat etdi, iyulun 10-da anam. Mən hər cümə axşamı günü Şuşadan Bakıya gəlib cüməaxşamı verirdim, sonra yenə qayıdırdım Şuşaya.

Film çıxanda çox bəyəndilər, haqqında yaxşı rəylər oldu. Ağız büzənlər vardı. Sonra Qarabağ, Şuşa işğal olunanda həmin adamlar dedilər ki, yaxşı çəkmisən o vaxt bu filmi, indi heç olmasa ona baxıb Şuşa yanğısına su səpirik.

Şuşa bülbüllərini çəkmişdik, filmdə kadrlar var. İndi bu festivalda oxunan Bayatı-şiraz o vaxt Bülbüllər uşaq qrupunun ifasında lentə alınmışdı. Qədir Rüstəmovu Cabbar Qaryağdı roluna çəkmişdik, o da həmin kadrlarla tarixiləşdi.

Filmin bir dəyəri məncə, bunlardır. Bir onu yaxşı xatırlayıram ki, şuşalılar ata-anamı itirdiyimi bilirdilər mənə xüsusi həssaslıqla yanaşırdılar. Bu, çox duyğulu xatirədir.

Şuşa o vaxt da indiki kimi müqəddəs idi, çox gözəl idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Şuşanın məhz Azərbaycan şəhəri olduğunu, onun öz simasını şəhərdə gördüyü işlərlə təsdiqlədi. Bu şəhərdə Natəvanın, Bülbülün, Üzeyir bəyin heykəlləri qoyuldu. Üzeyir bəyin, Bülbülün muzeyləri yaradıldı. Vaqifin məqbərəsi tikildi. Bir daha təsdiqləndi ki, bu şəhər Azərbaycan şəhəridir. Sovet vaxtı bizim ağlımıza gəlməyən formada şəhəri erməniləşdirirdilər, qarşısı alındı.

İşğaldan azad ediləndən sonra görürük ki, Şuşanı məhv etməyə, erməniləşdirməyə çalışıblar. Amma bunu bacarmayıblar. İndi Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, sənətinin mühüm qalasıdır.

Hər yay, bəzən iki ildən bir Şuşada dincəlirdik ailəlikcə... Atam, anam rəhmətə gedəndən sonra da bu ənənə davam etdi. Yenə öz ailəmlə gedirdim Şuşaya. Qızım Günel balaca idi, Qarabağ onun hafizəsində necə xoş xatirələrlə həkk olunubsa, Qarabağ hekayələrini yazıb çox təsirli alınıb. Mən oxuyanda o həyəcanı hiss etdim, yaşadıqlarımızı xatırladım.

 

 

Xarıbülbül festivalı yalnız sənət hadisəsi deyil

 

- Bu ildən Şuşada Xarıbülbül festivalının bərpası çox böyük hadisə oldu. Bu, yalnız sənət hadisəsi deyil, həm tarixdir, siyasətdir. Bir yandan ədalətin bərpasının göstəricisidir. Qədim Azərbaycan şəhərində yenə Azərbaycan mədəniyyəti, sənəti yüksəldi, azərbaycanlılar doğma yurda qayıtdı. İkincisi, oranı dağıdan ermənilərdən azad edib Şuşanı qurmaq amalı ilə qayıtdıq Şuşaya.

Prezident İlham Əliyevin göstərişi ilə Şuşada quruculuq işləri başlanıb davam edir. Ermənilər mono millətdir. Qarabağdan da hamını qovub yalnız özləri yaşamaq istəyirdilər, Ermənistanda olduğu kimi. Biz göstərdik ki, Azərbaycan multikultural bir ölkədir. Bu ölkədə yaşayan hər bir azlıq öz sənətini yaşadır, simasını da saxlayır. Nəhayət, bu onu sübut etdi ki, ədalət var. Dünya kar idi, kor idi elə bil belə olmalı idi. Allahınsa ədaləti var. Allahın köməyi, müzəffər ordumuzun səyi, Ali Baş Komandanın iradəsi ilə ədalət bərpa olundu.

Ədalətin bərpası ora yığışan azərbaycanlıların, şuşalıların gözlərində parıldayırdı. Vasif Adıgözəlovun çox gözəl əsəri Yalçın Adıgözəlovun müşayiətində səslənirdi.

 

 

Həyatda baş verirsə - dərsdir

 

 

- Əlbəttə Şuşada doğulmuş, orda evləri olan adamların həsrəti bizdən daha artıq idi. Şuşada olanda həmişə rəhmətlik Süleyman Ələsgərov bizi evinə qonaq dəvət edirdi. İndi baxdım ki, o ev yerləyeksan edilib. Zülfü Adıgözəlovun, Şuşinskilərin evləri olub orda. Şuşanın 70 faizini dağıdıblar, 30 faizi qalıb. Mənasız millətdir də, deyir mənimdir, bəs sənindirsə, niyə dağıdırdın? Bütün dünya gülür bunlara.

Pənahəli xanın 270 il bundan əvvəl özülünü qoyduğu şəhər niyə erməni şəhəri olmalıdır? Elə bil uşaqdılar, həm də tərbiyəsiz uşaq. Hələ geri almaq barədə cəfəngiyat danışırlar. 10 milyon azərbaycanlı sənə şəhər verməz. 3 milyonunla gəl al, görək necə alırsan. Heç kəsə də arxalanma, göründü ki, arxalanmağının əhəmiyyəti olmadı.

Tərəflərini yalnız media saxladı. İndi biz bundan da nəticə çıxarmalıyıq. Gərək elə görək ki, orda bizm də səsimiz olsun. Bütün təbliğatı 44 günlük müharibədə Prezidentimiz təkbaşına apardı. 4 dildə müsahibələr verdi. Bu hər birimiz üçün nümunə olmalıdı.

 

Qarabağla bağlı, ordakı talelərdən hələ çox yazılacaq

 

- Həyatda nə baş verirsə, ondan dərs alıb hərəkət etmək lazımdır. Çox dərslər götürdük, həm də onun nəticəsində qələbə qazandıq. Şuşanı, Qarabağı azad etdik. Həyat dərsdir, yenə öyrənib yenə qələbə qazanarıq. Şuşada möhkəmlənib qələbələri davam etdirmək lazımdır.

Qarabağ şikəstəsi adlı böyük yazım var, çoxdan çap olunub. Yenə Qarabağ dastanı-30 ilin həsrəti, 44 günün zəfəri adlı hekayələr toplusunda da çap ediləcək. Kitabda səkkiz rayondan çıxan yazıçının hərəsi öz rayonu haqqında yazıb.

Otel otağı povestimdə Xocalıdan olan qadının hekayəti yer alıb. Həm də onu danışmışdılar mənə, olan hadisədir. Mövzu o qədər yaralıdır ki, hələ çox toxunmaq olmur, qan verir. Zamanla hamısı yazılacaq. Qarabağla bağlı, ordakı talelərdən hələ çox yazılacaq. Orada baş verən hadisələr çox əsərlərdə yer alacaq.

Xalq yazıçısının arzularına qoşuluruq, əlbəttə ki, əsərlər yazılacaq.

Qarabağ isə yenidən qurulacaq, yeni arzulara qucaq olacaq.

Axı, Anadır arzulara hər zaman Qarabağ...

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 27 may.- S.1;4.