Ulu Gəncənin salnaməsini yazan 100 yaşlı qəzetdən bəhs edən kitab

 

 

Azərbaycan mətbuatında özünəməxsus dəstxəti, layiqli yeri olan “Gəncənin səsi” qəzetinin yüz yaşı tamam oldu. Bu günlərdə çapdan çıxmış “100 ilin işığında” adlı kitab bu mətbu orqanın bir əsrlik fəaliyyətinə həsr edilib.

Sadəcə qəzetin deyil, həm də Gəncənin də bir əsrlik tarixi barədə məlumatlarla zəngin olan kitabın müəllifi “Gəncənin səsi” qəzetinin baş redaktoru “Qızıl qələm”, “Həsən bəy Zərdabi” ali ədəbi və ali media mükafatlarının laureatı, “Tərəqqi” medallı Rəfiqə Sadıqova, redaktoru tarix elmləri doktoru, professor, Əməkdar müəllim Həsənbala Sadıqovdur.

“100 ilin işığında” kitabında “Gəncənin səsi” qəzetinin tarixi dövrləri və yaradıcı fəaliyyəti araşdırılıb, bir sıra mühüm məqamlara və maraqlı faktlara aydınlıq gətirilib, oxuculara yeni sənədlər təqdim edilib. Qeyd olunub ki, keşməkeşli yol keçmiş, fəqli ictimai-siyasi formasiyalarda müxtəlif adlarla nəşr olunmuş bu qəzet zaman-zaman üzləşdiyi çətinliklərə baxmayaraq, öz məqsədinə, məramına daim sadiq qalıb, hər bir dönəmdə milli mətbuatımızın ənənələrini, əsl qəzetçilik prinsiplərini yaşadıb.

Kitaba Rəfiqə Sadıqovanın yazdığı “100 ilin şərəf salnaməçisi” adlı ön sözdə “Gəncənin səsi” qəzetinin bir əsrlik tarixinə nəzər salınıb. Müəllif yazır: “Oxucunu inandıra bilməsən, onun istədiyini təqdim etməsən, səndən uzaqlaşa bilər. Lakin bütün arxiv materiallarında saralıb-solmuş qəzet səhifələrində bir məqamın şahidi olduq. “Gəncənin səsi” adı dəyişilsə də, amalı dəyişməyib. Daim insanların arzusuna qanad, sevincinə şərik olub. Yeri gələndə hakim olub, doğru yolu nişan verib. Şəhidinə yas tutub, uğurlara yol açıb. Nəbzi Gəncə ilə birlikdə vurub”.

Müəllif Gəncə kimi, bu qəzetin də adının dəfələrlə dəyişdirildiyini, taleyinin keşməkeşli olduğunu bildirib: “Müxtəlif arxivlərdə apardığımız araşdırmalar zamanı qəzetin adının 7 dəfə dəyişdirilməsi bir daha təsdiqini tapıb. Qəzet 1920-ci il may ayının 5-də “Qırmızı Gəncə” adı ilə ilk dəfə işıq üzü görüb. Beləliklə, “Qırmızı Gəncə”, “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti” (Gəncə vilayət mərkəzi olduğu zaman qəzet qısa müddətdə bu adla çıxıb), “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə çap olunub”. Müəllif qeyd edib ki, qəzet 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi” adı ilə oxuculara təqdim olunur.

Nəfis tərtibatda çap olunmuş “100 ilin işığında” kitabı 367 səhifədən və 5 fəsildən ibarətdir. Birinci fəsildə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə səfərlərinin illər üzrə xülasəsi verilib və rəngli fotoları dərc olunub.

Kitabın ikinci fəslində bir əsrə işıq tutan, üç dəfə əlifba dəyişikliyinə məruz qalan, yeddi dəfə adı dəyişdirilən qəzetin nələrdən və necə yazdığından söz açılıb.

“Mətbuat cəmiyyətin güzgüsüdür” başlıqlı üçüncü fəsildə yüz ildir Gəncəni tərənnüm edən qəzetin müxtəlif dönəmlərində tarixin sərt sınaqlarından keçdiyi vurğulanıb. Lakin qəzetin bütün zamanlarda qarşısına qoyduğu missiyanın öhdəsindən layiqincə gələ bildiyi, ulu Gəncənin 100 illik salnaməsini yazdığı qeyd olunub.

“100 ilin işığında” kitabının dördüncü fəslində “Gəncənin səsi” qəzetinin redaktorlarından bəhs olunub. Bu mətbu orqana müxtəlif illərdə rəhbərlik edən redaktorlar - Cavad Kərbalayi Əsəd oğlu Fərhadov, Kəramət Hidayət oğlu Tağıyev, Abdulla Mustafa oğlu Şərifov, Fərid Əli oğlu Cəfərov, Zahid Fərəc oğlu İsmayılov, Sabir İsmayıl oğlu Hacıyev, Rəfiqə Yusif qızı Sadıqova barədə oxuculara ətraflı məlumat verilib.

Kitabın “Gəncə dünyanın gözü ilə” başlıqlı beşinci fəslində oxucunun diqqətinə çatdırılıb ki, müstəqillik illərində Gəncə təkcə zahirən dəyişməyib, həm də çox mühüm və möhtəşəm beynəlxalq tədbirlərə evsahibliyi edib, rəsmi qonaqları qarşılayıb. Bu fəsildə Gəncəyə rəsmi səfərlərə gələnlərin, beynəlxalq konfrans, festival və açılış mərasimlərinin iştirakçılarının şəhərlə bağlı “Gəncənin səsi”ndə əksini tapmış fikirlərinə yer ayrılıb.

Bir əsrlik tarixi həqiqətləri əks etdirən, arxiv materialları ilə zəngin olan “100 ilin işığında” kitabı mətbuat tarixi tədqiqatçıları üçün də mühüm mənbə sayılır.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 27 may.- S.6.