Şuşa zəfəri korifeylərimizin ruhunu şad etdi

 

 

Şuşa deyəndə göz önündə  həm də onun görkəmli şəxsiyyətləri canlanır. Təbii ki, sıralamanın önündə dahi Üzeyir bəy Hacıbəyli olmaqla şeirləri və xeyriyyəçiliyi ilə ad çıxarmış Xan qızı Natəvan, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli və saymaqla bitməyən yüzlərlə görkəmli elm, sənət, ədəbiyyat, mədəniyyət xadimləri, maarifçilər gəlir. Bu böyük şəxsiyyətlərin ardınca Şuşanın əsrarəngiz təbiəti - Cıdır düzü, İsa bulağı, Topxana meşəsi, ucsuz-bucaqsız təbiət möcüzələri göz önündən keçir.

 

 

 

Qədim mədəniyyət ocağı

 

 

Şuşa tarixən Azərbaycanın mədəniyyət ocağı olub. 1752-ci ildə bünövrəsi Qarabağ xanı Pənahəli tərəfindən qoyulan şəhər sənətkarlıq sarıdan korluq çəkməyib. Onu qurub yaradanlar da sənətkarlar olub. Şuşada 17 məhəllə yaradılıb. Şəhər sonradan sənətkar məhəllələrinə çeşidlənib. Hər məhəllə müxtəlif sənətkarlıqla məşğul olub.

XIX əsrdən isə Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Müxtəlif vaxtlarda bu səbəbdən Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırıblar.

Sovet vaxtı Şuşa şəhəri mənəvi işğala məruz qalıb. 1950-ci illərdə Şuşanın girəcəyində erməni qızının simvolik heykəli qoyulmuşdu. Şuşanın mərkəzində isə Nelson Stepanyanın heykəli var idi. Azərbaycana yüzlərlə dahi yetirən Şuşada onlardan birinin belə heykəli gözə dəymirdi. Şuşa yavaş-yavaş Azərbaycan simasını itirməkdə idi. Yalnız Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra vəziyyət dəyişib, Şuşada Üzeyir bəy Hacıbəylinin heykəli qoyulub, muzeyi açılıb, Natəvanın, Bülbülün heykəlləri ucaldılıb. Mir Möhsün Nəvvabın məzarı bərpa olunub.

1982-ci ildə  isə Şuşada Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb. Türbə Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə yerləşir. Həmin il Heydər Əliyevin Şuşaya səfərləri ümumxalq bayramına çevrilmişdi.

Vandalların tariximizə  etdiyi qəsd

 

 

 

1992-ci il may ayının 8-də ermənilər Şuşanı işğal etdikdən sonra 28 il ərzində şəhəri, onun tarixini, mədəniyyətini yox etməyə, özününküləşdirməyə çalışıblar.

 

Azərbaycanlıların Şuşadakı ən son izlərini də silməyə çalışmaqla onun tarixinə qəsd ediblər. Vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerləyeksan ediblər. 7 bağçanı, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir bəy Hacıbəylinin (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

İşğalçılar dahi Üzeyir bəy Hacıbəylinin, Natəvanın,  Bülbülün Şuşadakı heykəllərini əridib satmaq istəyirdilər. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Azərbaycan ədəbiyyatına və tarixinə güllələnmiş şəhərdən çıxarılan o heykəllər “Güllələnmiş heykəllər” kimi düşdü.

İşğal dövründə ermənilər Şuşa şəhərinin Azərbaycana məxsus olduğunu təsdiq edən izləri silməyə  və saxtalaşdırmağa çalışdılar. Amma buna nail ola bilmədilər. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Şuşanı erməni vandallarının işğalından azad etdi. Şuşanın düşmən tapdağı altında olduğu müddətdə quruyan bulaqları azad olduqdan sonra yenidən çağladı, öz sakinlərini - azərbaycanlıları qarşıladı. 

 

 

 

Canlanan Şuşa

 

 

İndi Şuşada quruculuq işləri gedir. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə həmin güllələnmiş heykəllər öz yerlərinə qaytarılıb. Molla Pənah Vaqifin məqbərəsi üzərində bərpa işlərinə start verilib. Korifey şuşalıların hər birinin ev-muzeyləri, heykəlləri yenidən əvvəlki görkəmini alacaq.

Mayın 12-si və 13-də Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi. Həmin gün öz doğmalarını qarşılayan yalnız Şuşanın əsrarəngiz təbiəti, bulaqları, ruhu deyildi, onların səfində Şuşanın görkəmli şəxsiyyətlərinin, dahilərinin ruhları da vardı.  Əhməd Ağdamskinin, Yusif Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Sürəyyə Ağaoğlunun, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Xan Şuşinskinin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Lətif Səfərovun və digər görkəmli şəxsiyyətlərin ruhları Şuşa səmalarında günəş kimi parlayırdı. Şuşanın işğaldan azad olunub yenidən canlandırılması əbədi orada olan ruhları da şad etmişdi.

 

 

 

R.QURBANLI

Azərbaycan.-2021.- 28 may.- S.1;9.