Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub

 

 

Noyabrın 5-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə www.shusha.today portalının təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, portalda Şuşa şəhərinin yaranması tarixindən başlamış işğal və 44 günlük müharibə zamanı işğaldan azad olunduğu dövrü əhatə edən bütün məlumatlar yerləşdirilib.

 

Portalın  işçi qrupunun üzvü Zaur Məmmədov bildirib ki, 7 bölmədən ibarət olan portalda Şuşanın tarixi, erməni vandalizmi nəticəsində Şuşanın dağıdılmış tarixi və mədəni abidələri, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti, Prezident İlham Əliyevin bu bölgəyə səfərləri, Şuşada aparılan quruculuq işləri və digər məlumatlar əks olunub.

 

“Şuşanın qəhrəmanları” bölməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısı təqdim olunub.

 

“Şuşanın məşhur insanları” bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin formalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər barədə məlumat, fotovideomateriallar verilib.

 

Tədbirdə çıxış edən Xalq yazıçısı Anar deyib: “Qazandığımız Qələbə gözlənilməz olması ilə yanaşı, tariximisilsiz bir hadisədir. Buna görə Azərbaycan xalqı öz ordusunaAli Baş Komandan İlham Əliyevə minnətdar olmalıdır. Bu 30 il ərzində ermənilər dünyaya o qədər yalanlar danışıblar ki, dünya ictimaiyyətini nəyəsə inandırmaq çətin olacaq. Bununla belə portalın ingilisdilli auditoriyaya ünvanlanması olduqca əhəmiyyətlidir”.

 

Tanınmış alım Elmira Süleymanova qeyd edib ki, düz bir il bundan qabaq analar ruh yüksəkliyi ilə öz oğullarını cəbhəyə göndərir və gözünü qırpmadan düşmənlə üz-üzə gələn oğullarından Zəfəri gözləyirdilər:Bu həqiqətdir ki, indi ermənilərin yaratdığı mif yavaş-yavaş məhvə doğru gedir. Bu da həqiqətdir ki, bacarıqlı sərkərdə olmasaydı, Azərbaycan bu Qələbəni qazana bilməzdi. Müharibə bir imtahandır. Müharibə göstərdi ki, Azərbaycan xalqı bir yumruq altında birləşə bilər”.

 

Allahdan şəhidlərimizə rəhmət diləyən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Qarabağda vuruşan qəhrəmanların şücaətindən danışıb.

 

 Xalq yazıçısı Çingiz Abdullayev portalla bağlı fikirlərini bölüşüb: “Xarici dillərdə təbliğat aparmaq olduqca vacibdir. Saytın ingilis dilində hazırlanması geniş auditoriyaya hesablanıb”.

 

8 Noyabr - Zəfər Gününə həsr edilən tədbirdə Əməkdar artistlər Fərqanə Qasımova, Azər Zadə, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə və digər sənətçilərin ifalarından ibarət musiqili proqram təqdim olunub.

 

Azərbaycan.-2021.- 7 noyabr.- S.14.