Könüllülük fəaliyyəti keçən gənclərə sertifikatlar təqdim olunub

 

Noyabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Zəfər Günü ilə əlaqədar könüllülük fəaliyyətini başa vurmuş gənclərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Ordumuzun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıqdan, Azərbaycanın dünya miqyasındakı yerindən və tarixi Zəfərimizdən danışaraq deyib: “Bu günlərdə qeyd etdiyimiz Zəfər Günü müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Biz bu Qələbə nəticəsində 30 ilə yaxın ermənilərin işğalı altında olmuş ərazilərimizi azad etdik. Bununla yanaşı, dünya miqyasında Azərbaycanın Qələbəsi bu gün də müzakirə olunur, araşdırılır. Prezident İlham Əliyevin apardığı uğurludüşünülmüş siyasət Azərbaycanı dünyanın sayılıb-seçilən, hörmət edilən ölkələrindən birinə çevirdi. Həmçinin beynəlxalq qurumların 30 ilə yaxın müddətdə edə bilmədiyini Azərbaycan Ordusu 44 gündə etdi”.

Bahar Muradova deyib ki, könüllülük Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Sonra fəaliyyətini başa vurmuş gənclərə könüllülük fəaliyyəti keçmələrinə dair sertifikatlar təqdim olunub.

Sonda Bahar Muradova sualları cavablandırıb.

 

Azərbaycan.- 2021.-5 noyabr.- S.13.