Startap layihələri innovativ gələcəyin təməlidir

 

Hər hansı ideyanın reallaşdırılmasına və ya daha əvvəldən mövcud olan ideyanın təkmilləşdirilməsinə yönələn, bəzən də onu ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslərlə zəngin olan startap layihələri innovativ gələcəyin təməlidir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap layihələri innovativ gələcəyin təməlidir” mövzusunda keçirilən maarifləndirici seminarda bu barədə danışılıb, tələbələrin yeni layihələrinin təqdimatı olub.

Seminarda çıxış edən laboratoriyanın mütəxəssisi Səminə Rüstəmova startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan bəhs edib, tələbələrin startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmalarının zəruriliyini vurğulayıb.

Sonra institutun Təbiət və incəsənət fakültəsinin IV kurs tələbəsi Rüfət Hacıyevin təqdimatında startap layihələri, onların necə tərtib olunması, təqdimatların hazırlanması istiqamətində maarifləndirici məlumat dinlənilib və startapçı tələbələr Bəhriyyə Əhmədova, Aysun Nağdəliyeva, Gülcan Əlizadə, Abutalıb Ağa Kəngərli öz layihələrini təqdim ediblər.

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan. - 2021.-5 noyabr.- S.13.