Yerinə yetirilən söz

 

Ali Baş Komandan Zəfər günü Şuşada hərbçilər qarşısında tarixi çıxış etdi. İkinci Qarabağ müharibəsinin şanlı tariximizin parlaq səhifəsi olduğunu vurğuladı. Azərbaycan xalqının bütün gücünü səfərbər edərək bu şanlı missiyanı yerinə yetirdiyini bildirdi.

“Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.

2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu”.

Azərbaycan Prezidentinin fəaliyyətini yaxından izləyən hər kəs yaxşı bilir ki, dövlət rəhbərimiz heç zaman yerinə yetirilməsi qeyri-real olan sözləri dilə gətirmir. Amma əgər nələrsə cənab İlham Əliyevin dilindən səsləndisə, deməli, o reallığa çevriləcək. Zəmanəsinin ən parlaq liderlərindən biri kimi Azərbaycan Prezidenti bu illər ərzində həm xalq qarşısında, həm də beynəlxalq münasibətlərdə verdiyi bütün sözləri tutub. Prezident İlham Əliyev şəxsiyyətinə böyük rəğbətin ən mühüm səbəblərindən biri də elə dövlət rəhbərimizin verdiyi sözlərə sadiqliyidir, sözünün də imzası qədər dəyərli, mötəbər olmasıdır.

Ölkə rəhbərimizin indiyə qədər tarix qarşısında yerinə yetirdiyi ən böyük söz torpaqlarımızın azadlığıdır. Bu, indi bəlkə də çoxlarına asan görünür. İllər keçdikdən, nəsillər bir-birini əvəz etdikdən sonra Azərbaycanın bu qədər çətin bir missiyanın öhdəsindən gələ bilməsi tarixin o üzündən daha da asan görünəcək. Amma bu Zəfərdə illərin əziyyəti var. Azərbaycan bu Zəfəri Ümummilli Lider Heydər Əliyevin və böyük rəhbərin strateji kursunu davam etdirən Prezident İlham Əliyevin illərlə çəkdiyi zəhmət hesabına qazandı.

 

“Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq”

 

Ali Baş Komandan Şuşadakı tarixi çıxışında dedi: “Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır. Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı”.

Azərbaycan bu Zəfərə nail olmaqdan ötrü iqtisadiyyatını gücləndirdi. Ölkəmizin iqtisadi müstəqilliyi təmin olundu. Çünki ölkə rəhbərliyi buna nail olmadan düşməni torpaqlarımızdan qovmağın mümkünsüzlüyünün fərqində idi. “Əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır” dedi Azərbaycan Prezidenti və əlavə etdi ki, iqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi:Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə, torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi”.

Azərbaycan bütün bunlara paralel olaraq Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildi. Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə erməni lobbisinin Azərbaycan ətrafında qurduğu informasiya blokadasını yarmağı bacardı. Ermənilərin illərlə dünyada yaydıqları yalanları ifşa etdi. Dünyada bu münaqişə ilə bağlı tədricən aydın təsəvvürlər formalaşdırıldı. “Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”, - deyə Ali Baş Komandan İlham Əliyev bəyan etdi.

 

Qarabağı unutmadıq

 

Azərbaycan Prezidenti onu da vurğuladı ki, digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı olub. Böyük diqqət yetirilərək gənclər vətənpərvərlik ruhunda tərbiyə edilib. “İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”.

Ordumuzun uğurla yerinə yetirdiyi tarixi missiyanı bu gün iqtisadi qurumlarımız eyni əzmlə davam etdirir. Azad yurdlarımızda quruculuq tədbirləri həyata keçirilir. Düşmənin onillərlə dağıtdığı, inkişaf axarından kənar saldığı həyat yenidən bərpa olunur. Azərbaycan dövlətinin sürətlə həyata keçirdiyi quruculuq tədbirləri ilə Qarabağın, Şərqi Zəngəzurun yeni cəlalı, möhtəşəm tarixi başlanır. Vətən müharibəsindəki tarixi Zəfəri ilə regiondakı reallıqları dəyişmiş Azərbaycan sülh, inkişaf, xoşbəxtlik arzusunda olan bütün tərəfləri qarşılıqlı faydalı əməkdaşlığa, xoş məramlar ətrafında imkanları birləşdirməyə çağırır.

Bizi bu günlərə gətirib çıxarmış tarix Azərbaycanın Zəfər yoludur. 8 Noyabr Zəfər bayramımız bu yolun çox böyük bir mərhələsidir. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, rəşadət bayramı, ədalət bayramı, milli qürur, milli ləyaqət bayramıdır. “Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.

Azərbaycanın Zəfər yolu yeni nailiyyətlərlə davam edir.

Yolumuz açıq olsun!

 

İ.ƏLİYEVA,

 

Azərbaycan.- 2021.- 19 noyabr.- S.7.