Maarif və mədəniyyət işığında dirçəliş

 

Qafqazın incisi

 

1752-ci ildə Pənahəli xanın tikdirdiyi Şuşa qalası zəngin və keşməkeşli tarixi hadisələrin şahidi olub. Zaman-zaman düşmən silahı ilə bağrı qana dönüb, sakinləri müsibətlər çəkiblər...

XVIII əsrin sonlarında 162 ailə, təqribən  2 min nəfər yaşayıb Şuşada. Onlardan 1800-ü müsəlmanlığı qəbul etmiş Azərbaycan türkləri, qalanı isə xristian dinini qoruyub saxlamış albanlar idi.

Şuşa 1805-ci il mayın 14-də imzalanan Kürəkçay müqaviləsilə Qarabağ xanlığının tərkibində çar Rusiyasının müstəmləkəsinə çevrilib. Tədqiqatçılar XIX əsrin əvvəllərinə aid tarixi faktlara əsaslanaraq, xristianların yalnız Şuşada yox, bütün Qarabağ xanlığında əhalinin az hissəsini təşkil etdiyini bildiriblər. 1823-cü ilə aid məlumatlardan həmin dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nun Azərbaycan türkləri, 4366-nın isə xristian ailələr olduğu bəllidir. Amma çarizmin müstəmləkə siyasətinə uyğun, ardıcıl olaraq, yalnız Şuşaya deyil, bütün Qarabağa Anadoluİrandan ermənilər, Rusiyadan malakanlar köçürülüb.

Mürəkkəb, ziddiyyətli tarixi yol keçsə də, Şuşanın Azərbaycanda maarifçiliyin yayılmasında, mədəniyyətin tərəqqisində xüsusi yeri, əhəmiyyətli rolu olub. 1830-cu ildə Şuşa qəza məktəbi, 1874-cü ildə Şuşa şəhər məktəbi açılıb. Bu təhsil ocaqları nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk şəhər məktəbləri olub. Üç sinifli, 1878-ci ildən isə dörd sinifli Şuşa qəza məktəbində ana dili, tarix, rus dili və fransız dilinin tədrisinə üstünlük verilib. Şuşada şəhər məktəblərinin nəzdində zəngin kitabxanalar yaradılıb.

Fəaliyyətə başladığı ilk illərdə Şuşa şəhər məktəbinin 375 şagirdi olub. Bu təhsil müəssisəsi çar Rusiyası ərazisində ən çox şagirdi olan yeni tipli məktəb hesab edilib.  Məktəbin şagirdləri 1875-ci ilin mayından dövlət hesabına pansionda yaşayıb təhsil alıblar.

1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində açılan musiqi sinifləri burada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində misilsiz rol oynayıb.

1881-ci il sentyabrın 20-də isə Şuşada altı sinifli realnı məktəbin bünövrəsi qoyulub. Bu nümunəvi təhsil ocağında şagirdlərin tərbiyəsində əhəmiyyəti nəzərə alınaraq ədəbiyyatın tədrisinə xüsusi diqqət göstərilib.

Şuşada 1850-ci illərdən ədəbi-musiqili məclislər fəaliyyətə başlayıb. “Nəvvabın məclisi”, “Muğam məktəbi”, “Məclisi-fəramuşan” və “Məclisi-üns”ə Şuşanın istedadlı və yaradıcı ziyalıları toplaşıblar. Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, Fatma xanım Kəminə, Hacı Abbas Agah, Abdulla bəy Asi, Baxış bəy Səbur, Xarrat Qulu, Kor Xəlifə, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan) və digər şairlər, musiqiçilər həmin məclislərin daimi iştirakçıları olublar.

Şəhərdə maarifin, mədəniyyətin inkişafı getdikcə genişlənib. 1897-ci ilin fevralında Mir Möhsün Nəvvab kitabxana yaradıb. Bu, Şuşada ilk şəhər kitabxanası olub. Şuşada ilk mətbəə isə 1830-cu ildə fəaliyyətə başlayıb. Həmin daş mətbəədə Şuşa şairlərinin şeirləri çap edilib.

Şuşa ziyalıları 1848-ci ildən teatr tamaşaları hazırlamağa başlayıblar. 1894-cü ilin yayında xeyriyyə məqsədilə bir-birinin ardınca “Hacı Qara”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Xırs quldurbasan” pyesləri səhnələşdirilib. 1895-ci ildə yerli müəllimlərdən Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil”, 1896-cı ildə Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərlərinin ilk tamaşaları göstərilib. Əldə olunan pul məktəblərə verilib.

1904-cü ilin avqustunda Şuşada göstərilən “Otello” tamaşasının şöhrəti Azərbaycandan kənara da yayılıb. Tamaşanın quruluşunu əsərin tərcüməçisi və baş rolun ifaçısı Haşım bəy Vəzirov verib.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şəhərin “Zaqafqaziyanın konservatoriyası”, “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” adlandırılmasında istedadlı övladlarının misilsiz xidmətləri olub. 1912-ci ildə Şuşa xanəndələri Polşanın Varşava şəhərinə və digər Avropa ölkələrinə dəvət edilib. Onların bənzərsiz ifaları lent yazılarının yaddaşına köçürülüb, konsertləri unudulmaz olub.

Şuşa musiqi məktəbinin yetirməsi, Azərbaycanın dahi övladı Üzeyir bəy Hacıbəylinin 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri Yaxın Şərqdə ilk opera olub. Üzeyir bəy balet, simfonik muğam və digər janrlarda da bir-birindən dəyərli əsərlər bəstələyib. O, Azərbaycanda peşəkar musiqiçilərin yetişməsində böyük fədakarlıq göstərib.

Şuşada pedaqoji kursun ardınca Şuşa Pedaqoji Texnikumunun açılması Azərbaycan təhsilinin inkişafında uğurlu addımlar olub. Belə ki, həmin kursları bitirənlər şura hökuməti qurulduqdan sonra Qarabağ və Gəncə bölgələrində savadsızlığın ləğvində iştirak ediblər.

Azərbaycan vokal sənətinin banisi, görkəmli müğənni Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradılıb. Bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olub. Xurşidbanu Natəvanın evi olmuş binada fəaliyyətə başlayan məktəbdə tar, kamança, fortepiano, skripkavokal şöbələri fəaliyyət göstərib. Bu təhsil ocağı tezliklə Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrilib.

1980-ci illərdən bu şəhərdə Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” musiqi festivalının hər il keçirilməsi ənənəyə çevrilib.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2021.- 19 noyabr.- S.7.